32795 nəfər IX , 24830 nəfər XI sinif şagirdi imtahan verəcək


Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-də orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

 

DİM-in yaydığı məlumata görə, mərkəzləşdirilmiş qaydada keçirilən növbəti buraxılış imtahanlarında Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər iştirak edəcək. Həmin gün ümumilikdə 57625 şagirdin imtahan verəcəyi nəzərdə tutulub. Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır.

 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- “İmtahana buraxılış vərəqəsi”;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

 

b) əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

Məlumat üçün qeyd edək ki, IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 111 imtahan binası ayrılıb. İmtahanda iştirak edəcək 32795 IX sinif şagirdindən 702 nəfər Bakı şəhərində, 2446 nəfər Şəmkirdə, 837 nəfər Gədəbəydə, 943 nəfər Ağstafada, 1017 nəfər Qazaxda, 1958 nəfər Tovuzda, 1310 nəfər Mingəçevirdə, 884 nəfər Balakəndə, 1237 nəfər Zaqatalada, 612 nəfər Qaxda, 590 nəfər Yardımlıda, 2337 nəfər Cəlilabadda, 2135 nəfər Masallıda, 597 nəfər Lerikdə, 1330 nəfər Göyçayda, 1256 nəfər Ağdaşda, 925 nəfər Ucarda, 980 nəfər İsmayıllıda, 377 nəfər Qobustanda, 1804 nəfər Ağcabədidə, 823 nəfər Füzulidə, 1102 nəfər Beyləqanda, 1422 nəfər Salyanda, 822 nəfər Neftçalada, 710 nəfər Hacıqabulda, 1042 nəfər Qusarda, 1962 nəfər Qubada, 471 nəfər Siyəzəndə, 164 nəfər Xızıda  yerləşən məktəblərdə təhsil alanlardır. 

 

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün isə 104 imtahan binası ayrılıb. Həmin gün 24830 XI sinif şagirdi imtahan verəcək. Bakı şəhərində 340, Şəmkirdə 1786, Gədəbəydə 748, Ağstafada 736, Qazaxda 681, Tovuzda 1550, Xızıda 110, Balakəndə 750, Zaqatalada 1143, Qaxda 475, Ağcabədidə 1405, Göyçayda 982, Ucarda 716,  Ağdaşda 812, İsmayıllıda 800, Füzulidə 706, Beyləqanda 827, Yardımlıda 620, Cəlilabadda 1594, Masallıda 1477,  Salyanda 1131, Lerikdə 469, Hacıqabulda 416, Neftçalada 622,  Siyəzəndə 379, Qobustanda 332, Mingəçevirdə 1014, Qusar 856, Qubada 1353 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

 

İmtahanların idarə olunmasına ümumilikdə 255 imtahan rəhbəri, 2917 nəzarətçi-müəllim ayrılıb. Hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

 

Ruhiyyə DAŞSALAHLI