Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin iyun ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

 

Belə ki, qeyd olunan müddət ərzində ümumilikdə, 5 828 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 2 589 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 1 686 vətəndaş müraciəti daxil olub. 174 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

 

Vətəndaşların Qəbulu Mərkəzində 983 sənəd (vətəndaşlar tərəfindən 307 ərizə, Təhsil Nazirliyindən 116, digər qurumlardan 165, məktəblərdən 229 məktub, 23 strukturdaxili yazışma və 143 kadr ərizəsi)  qəbul olunub  və qeydiyyata alınıb. Həmçinin, 396 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, I sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması, informasiya təminatı, işə qəbul  və digər məsələləri əhatə edib.

 

Qeyd edək ki, iyun ayı ərzində, həmçinin, BŞTİ rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakının 4 rayonu (Nəsimi, Binəqədi, Xətai və Suraxanı) üzrə səyyar qəbullar keçirilib. Səyyar qəbul vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan məsələlər araşdırılaraq operativ şəkildə həll olunub.