Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunmuş “Məktəb seminarları” başa çatıb. 

 

“Məktəb seminarları”nın sonuncu sessiyaları Binəqədi rayonunun ümumi təhsil məktəblərini əhatə edib.

 

Sessiyalarda təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, məktəb saytlarını idarə edən şəxslər və KİV nümayəndələri iştirak ediblər.

 

“Məktəb seminarları”nın 4-cü ilində əsas məqsəd “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına dair il ərzində görülən işləri ümumiləşdirmək və nəticələrini müzakirə etmək, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

 

Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Məktəb seminarları”nın ümumi təhsildə qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynadığını və bu işin davam etdirilməsinin vacib olduğunu bildirib. Məhəbbət Vəliyeva çıxışı zamanı, həmçinin, məktəblərin Fəaliyyət Planı, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili və digər müvafiq məsələlərə toxunub.

 

Sessiyalarda BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, Anar Qədiməliyev, Bəşarət Məmmədov, TDM-in direktoru Samirə Bektaşi və digər şəxslər təhsil müəssisələrinin idarəetməsi, məktəb imicinin formalaşdırılması, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təhsil müəssisələrinin uğurlarının təbliği, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının təkmilləşdirilməsi, I sinfə qəbul, məktəbəhazırlıq qruplarının fəaliyyəti, məktəbdənkənar tədbirlərin təşkili və digər müvafiq mövzularda çıxış ediblər.

 

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər, ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, məktəbdənkənar təhsilin ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, məktəblərdə psixoloji xidmətin düzgün təşkili və idrak proseslərinin korreksiyası, şagirdlərin internetdən təhlükəsiz istifadəsi məsələləri müzakirə olunub. 

 

Həmçinin, “Məktəb seminarları” layihəsi çərçivəsində İdarənin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər də keçirilib.

 

Sessiyalarda qeyd edilən məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

 

Qeyd edək ki, iyunun 20-dən başlayan sessiyalar paytaxtın 12 inzitabi rayonunun bütün ümumi təhsil məktəblərini əhatə edib. Ümumilikdə, seminarlara 10 000 nəfərə yaxın iştirakçı qatılıb.