Bu günlərdə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondu yaradılıb. Təhsil krediti hər tədris ili üzrə veriləcək. Kreditlərdən həm dövlət, həm də özəl təhsil müəssisələrində təhsil alan tələbələr istifadə edə bilər. Fondun yaradılması ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb.

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə: “Belə bir Fondun yaradılması Azərbaycan cəmiyyətində çox böyük maraq və razılıqla qarşılandı. Uzun müddətdir ki, Milli Məclisdə və ayrı-ayrı ziyalıların çıxışlarında ödənişli təhsil alan gənclərin təhsilə əlçatanlığını təmin etmək üçün dövlətin bir mexanizminin yaradılması məsələsi vaxtaşırı irəli sürülürdü. Müxtəlif təkliflər irəli sürülürdü. Cənab Prezidentin sərəncamı ilə yaradılan Fond hər bir Azərbaycan vətəndaşına, eyni zamanda ödənişli əsaslarla təhsil alanların qayğılarına çox həssaslıqla yanaşıldığını göstərir. Nəzərə alaq ki, bu, gənclərimiz üçün çox böyük bir dəstəkdir. Fondun yaradılması gənclərin təhsil almasında dövlətin rolunun artdığını bir daha sübut edir”.

 

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov: “Təhsil Tələbə Kredit Fondunun yaradılması ölkəmizdə aztəminatlı ailələr üçün təhsilin əlçatanlığını təmin etmək məqsədi daşıyır. Düşünürəm ki, Fond ölkəmizdə xeyli sayda gəncin təhsil almasına bilavasitə şərait yaradacaq. Nəzərə alaq ki, gənclərin təhsilə əlçatanlığının təminatı həm də onlar arasında rəqabət mühitinin formalaşmasına səbəb olacaq. Bütün bunlar eyni zamanda təhsilin keyfiyyətinə birbaşa təsir edəcək”.

 

Pedaqogika üzrə elmlər doktoru Vidadi Orucov: Cənab Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Fondun imkanlarından minlərlə ailələr faydalanacaq. Əminən ki, Fond hər kəs üçün təhsil almağa bərabər imkanlar yaradacaq. Təhsilin keyfiyyətinə və inkişafına təsir göstərəcək, gənclərin elmə olan marağını artıracaq”. 

 

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadə: “Bu Fondun yaradılması Azərbaycanda təhsilin inkişafı istiqamətində mühüm rol oynayacaq. Dünyanın inkişaf etmiş ölkələrində adətən belə fondlar müxtəlif şirkətlər tərəfindən yaradılır. Ölkə Prezidenti cənab İlham Əliyev yenə də humanist addım ataraq belə bir Fondun yaradılmasına qərar verdi. Prezidentimiz həmişə olduğu kimi gənclərimizin təhsil almasına çox böyük həssaslıqla yanaşır”.

 

Azərbaycan Texnologiya Universitetinin II kurs tələbəsi Cavid Cabbarlı: “Bu xəbər tələbələr arasında böyük sevincə səbəb oldu. Tələbə yoldaşlarımız arasında təhsil haqqını ödəməkdə çətinlik çəkənlər var. Düşünürəm ki, artıq bu problem aradan qalxacaq. Ölkə Prezidentinin imzaladığı bu sərəncam tələbə olmaq arzusunda olan gənclərə stimul verəcək”.

 

İki övladı ali məktəbdə ödənişli təhsil alan Cəlal Quliyev: “Fondun yaradılması bir çox ailələrdə sevinclə qarşılanıb. Bizim ailədə də həmçinin. Övladımın biri Azərbaycan Tibb Universitetində, digəri isə Gəncə Dövlət Universitetində təhsil alır. Etiraf edək ki, iki tələbənin ödənişli əsaslarla təhsilini təmin etmək bir o qədər də asan deyil. Düşünürəm ki, biz də bu sosial layihədən yararlanacağıq. Bizlərə belə bir şəraiti yaratdığına görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm”.

 

Niyazi RƏHİMOV