“Azərbaycan Qadını Elmdə” yeni layihəyə start verir
“Azərbaycan Qadını Elmdə” (Azerbaijani Women in Science) təşkilatı Azərbaycanda ilk dəfə məktəbli qızlar üçün “Mənim bacarıqlarım, mənim seçimim: Mən böyüyəndə kim olmaq istəyirəm?” adlı konfrans layihəsini reallaşdırmağa hazırlaşır. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı çərçivəsində layihənin iyul ayında icrası nəzərdə tutulub.
“Azərbaycan Qadını Elmdə” təşkilatının təsisçisi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Edinburq Universitetində doktorantura təhsili almış Günel Ağabəyli “Azərbaycan müəllimi”nə layihənin məqsəd və hədəfləri barədə məlumat verib.
Onun sözlərinə görə, bu təşəbbüsün əsas məqsədi məktəblərimizdə təhsil alan qızların elmə olan həvəs və maraqlarının artırılması, onların erkən yaşlardan artıq bir elmi məlumatın necə araşdırılması və təqdim edilməsi bacarıqlarının inkişaf etdirilməsi, onların ümumtəhsil müəssisələrindən ayrılmasının qarşısının alınmasıdır:
- Layihə 2 turdan ibarət olacaq. Birinci tura müraciət üçün şagirdlər “Mənim ən sevimli fənnim” adlı inşa yazmalıdırlar. İnşalar hər iki təşkilat tərəfindən təyin olunmuş münsiflər tərəfindən seçiləcək. Seçilmiş şagirdlərlə 2 həftə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının mentorları tərəfindən 2-ci tura hazırlıq, təqdimat mövzularının seçimi, təqdimat bacarıqlarının aşılanması kimi təlimlər keçiriləcək. II turda öz təqdimatları ilə çıxış edən gənc xanımlar 6 kateqoriya üzrə mükafatlandırılacaqlar (I yer, II yer, III yer, ən yaxşı təqdimat, ən yaxşı çıxış və ən yaxşı layihə).
Layihədə kimlər iştirak edə bilər və necə qoşulmaq olar?
G.Ağabəylinin sözlərinə görə, “Azərbaycan Qadını Elmdə”-nin bu layihəsi seçilmiş regionlar üzrə 5-11-ci siniflərdə təhsil alan qızlar üçün nəzərdə tutulub. Cari tədris ilində artıq 11-ci sinfi bitirmək üzrə olan şagirdlər də layihəyə qoşula bilərlər.
Layihənin 2021-ci il üçün əhatə etdiyi regionlar bunlardır: Aran iqtisadi regionu- Mingəçevir, Şirvan, Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Yevlax, Zərdab; Cənub-Lənkəran iqtisadi regionu: Astara, Cəlilabad , Lerik, Lənkəran, Masallı, Yardımlı, Göytəpə.
Şagirdlər https://docs.google.com/.../1uEGxdvLnoHLDx84hJTnr.../edit... səhifəsində qeydiyyatdan keçməklə layihədə iştirak edə bilərlər. Qeydiyyat üçün son tarix: 1 iyul (saat 00:00), keçirilmə müddəti 5 iyul-5 avqust tarixlərini əhatə edəcək.
Şagirdlər necə seçiləcəklər?
I turda münsiflər ən yaxşı, maraqlı və kreativ inşaları seçəcək. “Mənim ən sevimli fənnim” inşasında şagird bu fənni niyə sevdiyini daha ətraflı və əsaslı şəkildə izah etməlidir. II turda isə şagirdlərin sevdiyi fənni ilə əlaqəli layihələr seçilib təqdimat hazırlanacaq və münsiflərə təqdim olunacaq.
Layihə şagirdlərə nə qazandıracaq?
- təqdimat hazırlama bacarıqları
- gənc yaşda konfransda çıxış etmə şansı və bacarıqların formalaşması
- elmə həvəsin oyadılması.
Layihənin qaliblərini sponsorlar tərəfindən mentor dəstəyi, dil və başqa kurslara ödənişsiz və ya endirimli tədris imkanları gözləyir.
Layihənin sponsorları qismində Azərbaycan Elm Assosiasiyası (Azerbaijan Science Association), Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Passport Academy, PyLadies Baku və işadamı Asif İbrahimov çıxış edir.
Oruc MUSTAFAYEV