Xaricdə çalışan nüfuzlu alimlərimiz nə düşünür?


Məlum olduğu kimi, Prezident İlham Əliyevin mayın 28-də  Respublika  Günündə Ağdam rayon ictimaiyyət nümayəndələri, ziyalılar  ilə görüşündə Ağdamın baş planı da müzakirə olunub. Ağdamı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcək baş planda Qarabağ Universitetinin yaradılması da nəzərdə tutulur.  44 günlük Vətən müharibəsinin yaratdığı ən mühüm imkanlardan biri kimi regionda modern universitet modelinin bənzərsiz nümunəsi  olacaq Qarabağ Universiteti yaşadığımız 4-cü sənaye inqilabının tələblərini nəzərə alaraq, Azərbaycanın rəqəmsal transformasiyasını təmin edəcək insan kapitalını formalaşdıracaq ali təhsil müəssisəsi kimi həyatımıza daxil olacaq.  Bəs,  Qarabağ Universiteti yaradılarkən hansı qlobal trend və çağırışlar nəzərə alınmalıdır? 4-cü sənaye inqilabı dövründə yaradılacaq Qarabağ Universitetini necə görmək istərdiniz? Bu suallarımızı dünyanın nüfuzlu universitetlərində akademik fəaliyyətlərlə, elmi-tədqiqatlarla məşğul olan azərbaycanlı alimlər cavablandırır.

 

“Mən Qarabağda güclü universitet görmək istərdim”

 

Qərib Mürşüdov, Kembric Universitetinin professoru: - Ağdamda yeni universitetin yaradılması  çox yaxşı fikirdir. Bu, həm Qarabağ rayonlarının inkişafına təkan verər və həm də bu fürsətdən istifadə edərək təhsil və elm müəssisələrinin böyük şəhərlərdən kənara çıxarılmasına imkan yaradar.  Mənim əsas marağım və təcrübəm texniki elmlərdə olduğu üçün  Qarabağ Universiteti ilə bağlı  fikirlərim  bu istiqaməti əhatə edəcək. Mən Qarabağda bir güclü universitet və beynəlxalq konfrans mərkəzləri görmək istərdim. Universitet Ağdamda yerləşə bilər və elmi konfrans mərkəzləri isə Şuşada. Və həmçinin yeni universitetə gəncləri cəlb etmək məqsədəuyğun olardı. Dünyada bir neçə qlobal problemlər var. Bunlara daxildir: a)enerji problemi; b)iqlim dəyişikliyi; c)səhiyyə və yaşdan asılı olan genetik xəstəliklər; d)maşın oyrətmə üsullarının inkişafı və adi insanlar ilə texnologiya arasında məsafənin böyüməsi. Mən bura həmçinin müxtəlif ölkələrdə tarixin pis öyrədilməsinə və bu istiqamətdə ətraflı tədqiqatın olmamasını da əlavə edərdim. Qafqazda bu problem özünü daha qabarıq göstərir. Yenı universitet bu istiqamətlərin heç olmasa bir neçəsini nəzərə ala bilər. Bu istiqamətlərin hər birinə əsas təsir edən kompüter elmləri, statistika və maşın öyrətmə sahələridir. Ona görə ən birinci istiqamət bu sahələr olsa onlar ətrafında müxtəlif istiqamətləri inkişaf etdirmək olar. Biotibbi mərkəzin yaradılması da yaxşı nəticələr verər. Bu, həm güclü biologiya,  təbabət fakültələri və xəstəxana olmasını tələb edir. Amma bu istiqamət daha çox maliyyə tələb edir və ola bilər ki, bunu ikinci mərhələdə həyata keçirmək olar.

 

“Qarabağ Universitetini necə görmək istərdiniz”  sualına gəlincə, professor hesab edir ki, yeni universitetdə tədqiqata əsaslanan təhsil güclü mütəxəssislərin yetişdirilməsinə imkanlar yaradar. Ümumiyyətlə, tədqiqata əsaslanan təhsil daha çox maliyyə tələb edir. Amma bunu kompüter elmlərində və maşın öyrədilmə istiqamətində daha az maliyyə ilə həyata keçirmək olar. Əgər bu istiqamətdə getmək mümkün olarsa, onda texnologiya sənayesi və təhsilin inkişafı eyni zamanda həyata keçirilə bilər. Bunun üçün strategiya hazırlanmalıdır. Ən yaxşı təhsil tətbiqi görəndə və təcrübə olanda mümkündür.

 

Əvvəl qeyd etdiyim kimi, əsasən gənclərin cəlb edilməsi daha məqsədəuyğun ola bilər. Eyni zamanda mütəxəssislərin qiymətləndirilməsi də yeni üsullar ilə həyata keçirilsə, bu, daha uzunmüddətli nəticələr verə bilər. Mütəxəssislər verdikləri nəticələrə görə qiymətləndirilməlidir. Bu, o demək ola bilər ki, işçilər əgər nəticə vermirsə, onda onların işdən azad edilməsi mümkün olmalıdır. Bunun üçün qısamüddətli müqavilələr haqda fikirləşmək lazımdır.

 

Bu istiqamət məni çox maraqlandırır və istərdim ki, Azərbaycanda inkişafa təkan verən universitetlər olsun. İstərdim ki, gənclərdə özlərinə inam daim güclü olsun və peşəkarlıq inkişaf etdirilsin.

 

“Biz Kanada universitetlərinin bu bölgədə iştirakını təmin edə bilərik”

 

 

İlham Axundov, Kanadanın Vaterloo Universitetinin professoru: - Məlumdur ki, qloballaşma dövründə universitetlərin formalaşması və transformasiyası  bir çox cəhətdən  qlobal trend və çağırışlar nəzərə alınmaqla baş verir. Universitetlər tələbələrini bu gün üçün yox, yaxın gələcək üçün  hazırlamalıdırlar. Bundan ötrü isə biz, ilk növbədə,  gələcəkdə yaranacaq tələbatı başa düşməliyik. On ildə iş yerlərinin necə formalaşacağını ətraflı öyrənməliyik. Bu gün dünya miqyasında  ən yaxşı hesab edilən “Data Science” ixtisası  haqqında biz bir neçə il bundan əvvəl heç düşünmürdük.  Dünya İqtisadi Forumunun bir hesabatında deyilir ki, yaxın gələcəkdə  dünyada 75 milyon işləri avtomatlaşdırma əvəz edəcək və bununla yanaşı, innovativ iqtisadiyyata 133 milyon yeni iş yerləri  əlavə olunacaq.  Lakin, işlərini itirən işçilər əksər  hallarda yeni işlərdə işləmək üçün  tələb olunan keyfiyyətlərə malik olmayacaqlar. Bu “bacarıqlar  boşluğu”  gələcək 10 ildə problemlər yaradacaq. Ona görə də ali təhsil müəssisələri bu gün yeni tələblərə uyğunlaşma yollarını tapmalıdırlar.  Daha kəskin demək istərdim: əgər biz bu gün tələbələrimizə dünənki təhsili veririksə, onda  onların gələcəyini indidən uğursuz edirik. 

 

İşləri köhnə qaydada davam etdirmək artıq bir seçim olmamalıdır, yenilik və dəyişikliyi qəbul etmək gələcək üçün vacib şərtlərdən biridir və bu dəyişikliklərə  proaktiv və müsbət yanaşmaq uğuru təmin edəcəkdir.

 

Dördüncü sənaye inqilabının uğurlarının açarlarından biri və ən əsası, universitet təhsilidir. Sürətlə dəyişən texnoloji proseslərə uyğunlaşmaq üçün universitetlər bəzi addımları  atmaq məcburiyyətindədirlər. Bu addımlar hansılar ola bilər:

 

* Təhsilin məqsədini yenidən müəyyənləşdirmək

 

Bütün dövrlər ərzində təhsilin məqsədi bu dövrdə cəmiyyətin ehtiyaclarına xidmət etmək, gəncləri müəyyən bir iş istiqamətində hazırlamaq və tərbiyə etmək olmuşdur. Hazırda isə, yeni texnologiyalar (süni intellekt, böyük məlumatlar, blok zəncirləri, genişlənmiş reallıq, internet və s.) hər bir sənaye sahəsini misilsiz bir sürətlə dəyişdirdiyi üçün məzunlar bir yox, bir neçə sahədə  hazırlanmalı və innovativ iqtisadiyyatın inkişafina hazır olmalıdırlar. Tipik xətti karyera yolu dayandırılmalı və iş karyeralarının yeni normaları barədə təsəvvürlər  yaranmalıdır. Biz bunu Vaterloo Universitetində edə bilmişik. Rəhbərlik etdiyim bölümdə yaradılan yeni ixtisaslar kəmiyyət/riyazi bacarıqları ilə maliyyəni və biznesin müxtəlif sahələrini  inteqrasiya edən proqramlar əsasında qurulmuşdur. Mən bunu hər zaman Azərbaycan universitetlərinə tövsiyə etmişəm və gələcəkdə yorulmadan tövsiyə edəcəyəm. 

 

* STEM  təhsilini təkmilləşdirmək

 

Humanitar elmlər və mütəxəssislər hələ də vacib olaraq qalacaq, amma  gələcəkdə hər bir işçinin müəyyən texniki bacarıqlara ehtiyac duyacağı şübhəsizdir və biz bu gün bütün tələbələrin yeni texnologiyalardan istifadə edə bilmələrini təmin etməliyik.

 

Davamlı təhsil modellərinə uyğunlaşmaq. Gələcəkdə savadsızlar oxuyub yaza bilməyənlər deyil, öyrənə bilməyənlər olacaq. 2030-cu ildə işlərin 50%-dən çoxu hələ mövcud deyil. Strukturlaşdırılmış təhsil kollecdən və ya universitetdən ayrıldıqdan sonra bitə bilməz. Təhsil həyati bir işə (lifelong learning) çevrilməlidir və bu imkanları təmin etmək üçün təhsil müəssisələri yeni proqramlar hazırlamalıdır. Yaradıcılıq, maraq və biznes təşəbbüskarlığı kimi xüsusiyyətlər gələcək işçi qüvvəsi üçün vacib olacaq. 

 

Ko-Operativ ali təhsil. Ali təhsil müəssisələri ilə istehsalat arasında möhkəm əlaqələrin qurulması məzunların 4-cü sənaye inqilabına lazımi dərəcədə hazırlanması üçün vacib şərtlərdən biridir. Ko-op təhsili adlanan təhsilin bu növü Vaterloo Universiteti tərəfindən ilk olaraq yaradılmışdır; tələbələr oxuduqları müddət ərzində 4-6 semestr ixtisasları üzrə ödənişli iş təcrübəsi qazanırlar. 4-cü sənaye inqilabı zamanı kollec təhsili də daha çox diqqət mərkəzində olmalıdır və kolleclər fərdlərin iş həyatı boyu müxtəlif ixtisas dərəcələri (graduate certificate) verə bilən proqramlar təklif etməlidirlər.

 

Ağdamda yaradılması nəzərdə tutulan Qarabağ Universitetinin müasir reallıqlar dövründə əsas missiyası və hədəflərinə gəlincə, professor İ.Axundov qeyd edir ki, bütün  yuxarıda deyilənləri və eyni zamanda Qarabağ Universitetinin yaradılmasının məqsədlərindən biri kimi bölgəyə qayıdış planını nəzərə alaraq bu yeni Universitet üçün aşağıdakı iki optimal yolu təklif edirik:

 

1. Mega-layihə: Ağdam Təhsil Əməkdaşlıq Şəhərinin (ATƏŞ) yaradılması və bu şəhərcikdə Qarabağ Multiversitetin qurulması. Dünyada ilk belə multiversitet  Qatar Təhsil, Elm və İnkişaf Fondunun təşəbbüsü ilə paytaxt Dohanın ətrafında yerləşən və 14 kvadrat kilometri əhatə edən Qatar Təhsil Şəhərində yaradılıb.  Dünyanın səkkiz aparıcı universitetinin (6 Amerika, 1 - Britaniya, 1- Fransa) məşhur proqramlarını özündə birləşdirən bu kampus 15-ə yaxın ixtisaslarda bakalavr, magistr və fəlsəfə doktoru proqramlarını təqdim edir. Bu kampus bölgədə ən güclü təhsil mərkəzi olmaqla yanaşı, həm də kompleks siyasət problemlərindən tutmuş nanotexnoloji araşdırmalara qədər çox genisprofilli bir tədqiqatlar laboratoriyasına çevrilib.

 

Əgər bu layihə Qarabağda gerçəkləşərsə, onda biz Kanada universitetlərinin də bu bölgədə iştirakını təmin edə bilərik və nəticədə təsəvvür edin ki, kompüter elmlərini Vaterloo Universiteti, iqtisadiyyat ixtisaslarını Toronto Universiteti, təbiət elmlərini McGill Universiteti, neft sahəsi üzrə proqramları Alberta Universiteti səviyyəsində verə bilən və bu ixtisasları özündə birləşdirən bir universitet yarana bilər. O zaman bu multiuniversitetə və bölgəyə qonşu ölkələrdən olan  böyük axını təsəvvür etmək çətin deyil.

 

2. İkinci yol (birinci yol ilə paralel də aparıla bilər) olaraq Kollec və Universitet təhsilinin yeni üstünlüklərindən faydalanaraq çevik bir təhsil proqramı hazırlamaq: 2 il kollec + 2 il universitet. Kolleci müvəffəqiyyətlə bitirən tələbələr universitetdə təhsillərini davam etdirirlər. Tələbələrə oxuduqları müddətdə onların  gələcək iş yerləri ilə sırf bağlı olan dərslər keçirlər və  bu yığcam ola bilər, bəzi online dərslərin tamamlanması nəticəsində məzunların sürətlə  dəyişən iş yerlərinə hazır olması təmin edilir. İlk açılış   proqramları olaraq, texnoloji və maliyyə sektorları ola bilər. Bu 2+2 layihəsi də bölgəyə tələbə axınını sürətləndirəcək. 

 

Oruc MUSTAFAYEV