AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kosmik plazma və heliogeofiziki problemlər şöbəsinin kiçik elmi işçisi Rəcəb İsmayıllının həmmüəllifi olduğu elmi məqalə Amerikanın “AIP Publishing” nəşriyyatının nüfuzlu "Physics of Plasmas" elmi jurnalının (İmpact Factor 2.115) 2018-ci il üçün (“Vol.25, Issue 6”) buraxılışında çap olunub. (https://aip.scitation.org/doi/10.1063/1.5032161)
“MHD Kelvin-Helmholtz instability in the anisotropic solar wind plasma” sərlövhəli bu məqalədə tədqiqat qrupunun diqqətini cəlb edən əsas fakt ondan ibarətdir ki, müxtəlif sürətli Günəş küləyi komponentlərinin planetlərarası fəzada yaranan təmas səthlərində (CİR) və onların planetlərin maqnitosferləri ilə təmas səthlərində sürət sürüşməsi dayanıqsızlıqları meydana gəlir və müşahidə olunur. Bu baxımdan məqalənin əsas məqsədi proqnoz məsələləri üçün bu cür plazma dayanıqsızlıqlarının MHD nəzəriyyəsinin yaradılmasıdır.
Məlumat üçün bildirək ki, Kelvin-Helmholtz (KH) dayanıqsızlığı astrofizikada və geofizikada mühüm proseslərdən biridir. Son illər həm nəzəri, həm də təcrübi olaraq Günəş tacında, ionosferdə və digər astrofiziki obyektlərdə belə dayanıqsızlıqlar geniş şəkildə öyrənilib.
Məqalənin orijinallığı ondan ibarətdir ki, tədqiqat işində müxtəlif sürətli Günəş küləyi şəraitində Kelvin Helmholtz dayanıqsızlığın öyrənilməsi üçün ilk dəfə olaraq 16-momentli maqnit-hidrodinamik (MHD) köçürmə tənliklər sistemi tətbiq olunub.
Qeyd edək ki, aparılan tədqiqat işi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə yetirilib.