"Times Higher Education"nun regional direktoru Yeqor Yablokov qəzetimizə danışdı
Böyük Britaniyanın dünyada təhsil sahəsində ixtisaslaşmış ən nüfuzlu təşkilatlarından olan Times Higher Education (THE) Avrasiya regionunda özünün ilk Təhsil Sammitinə (Times Higher Education Research Excellence Summit: Eurasia 2018) hazırlaşır. "Times Higher Education"nun regional direktoru Yeqor Yablokov "Azərbaycan müəllimi"nə açıqlamasında avqustun 29-31 tarixlərində Rusiyanın Kazan şəhərində keçiriləcək sammitin gündəliyi barədə məlumat verib.
Mühüm məlumatlardan biri ondan ibarətdir ki, sammit çərçivəsində Avrasiya regionunun ən nüfuzlu universitetlərinin reytinqi açıqlanacaq. Yeni reytinqdə təmsil olunacaq Azərbaycan universitetlərinin adları da sammitdə məlum olacaq.
THE-nin regional direktoru qeyd edib ki, ali təhsil sahəsində ekspertiza, təhlil və jurnalistka mərkəzi hesab olunan Times Higher Education artıq 50 ildir universitetlərin inkişaf strategiyasını müəyyən edir və nəinki akademik aləmdə, həm də onun hüdudlarından kənarda da nüfuza malikdir. Sammitin şüarına (Uniting East and West in an emerging world research and innovation hub – Şərq və Qərbi tədqiqat və innovasiyaların yeni dünya mərkəzində birləşdirməklə) uyğun olaraq tədbirin vəzifəsi ali təhsil problemlərinin müzakirəsini təşkil etmək və onların həlli yollarını göstərmək, eləcə də dünya səviyyəli universitetlərin davamlı inkişaf vekorlarını və mexanizmlərini müəyyənləşdirmək məqsədilə dövlət hakimiyyəti, ali təhsil və elmi müəssisələrin rəhbərlərini, ekspertləri bir araya gətirməıkdir.
Sammitin proqramı ali məktəblərin rektorları və prezidentləri, prorektorları, aparıcı elmi mərkəzlərin, özəl dövlət şirkətlərinin rəhbərləri, dünyamiqyaslı dövlət xadimləri və alimlər üçün nəzərdə tutulub. Akademik cəmiyyətin maraqla izlədiyi məqam THE-nin diskussiyalarında hansı mövzularda müzakirələrin aparılmasıdır. Budəfəki diskussiyalar da ənənəvi olaraq dünyanın nüfuzlu universitetlərini və tədqiqat mərkəzlərini maraqlandıran mövzulara həsr olunacaq. Bu mövzular aşağıdakılardır:
• Ali təhsil regional inkişafın lokomotivi kimi. Ali təhsilə investisiyalar dövlət siyasətinin prioriteti kimi;
• Dünya səviyyəli elmi araşdırmaların qlobal təsiri;
• Akademik üstünlüyün milli təşəbbüsləri;
• Tibbi təhsilin gələcəyi;
• Gələcək barədə qayğı: istedadların cəlb edilməsi və investisiyaların təminatı. Dördüncü sənaye inqilabı şəraitində universitet: problemlər və imkanlar.
THE-nin regional direktoru sonda qeyd edib ki, ali təhsil və elmin inkişafı sahəsində dünya liderlərini bir araya gətirən sammit, şübhəsiz ki, 2018-ci ilin ən mühüm intellektual hadisələrindən birinə çevriləcək, iştirakçıların peşəkar inkişafına, yeni ideyaların yaranmasına və qarşıdan gələn yeni tədris ilində onların uğurla həyata keçirilməsinə güclü stimul olacaq.
Oruc MUSTAFAYEV