“Məktəb özü nümunəvi cəmiyyət olmalıdır”
“Yeni çağırışlar”da novbəti qonaq İndiana Universitetinin fəxri professoru Tod Vitaker olub
“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı təhsildə liderlik üzrə tanınmış amerikalı mütəxəssis, İndiana Universitetinin fəxri professoru, bestsellerlər müəllifi Tod Vitaker təhsil təcrübələrini paylaşıb. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə T-Network-un koordinatoru Cəfər Mənsiminin təqdimatında davam edən “Yeni çağırışlar” proqramının 7 may 2021-ci il tarixində yayımlanan bölümündə təhsildə effektivlik və liderlik haqqında söhbət aparılıb. Təhsil Nazirliyinin “Facebook” səhifəsindən canlı yayımlanan görüş Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində əks olunub.
Basketbolda əsas məqsəd topu səbətə atmaqdır, bəs təhsildə?
Görüşün aparıcısı, T-Network-un koordinatoru Cəfər Mənsimi qonağı izləyicilərə yaxından təqdim edərək qeyd edib ki, tanınmış təhsil tədqiqatçısı, İndiana Universitetinin fəxri professoru Tod Vitaker motivasiya,təhsil liderliyi və effektivlik üzrə ABŞ-ın ən qabaqcıl mütəxəssislərindən biridir. Professor 62-dən çox kitabın, həmçinin milli bestseller sayılan “Uğurlu müəllimlər nəyi fərqli edirlər” (What Great Teachers Do Differently) əsərinin müəllifidir. O, ali təhsil sahəsində karyerasına başlamazdan öncə məktəbdə riyaziyyat müəllimi, basketbol məşqçisi və müdir işləyib.
C.Mənsiminin Tod Vitakerə ünvanlandırdığı birinci sual “Siz həm də basketbol məşqçisi işləmisiniz. Basketbolda əsas məqsəd topu səbətə atmaqdır, bəs təhsildə necə? Basketbol məşqçisi olaraq müəllimlik peşəsi və təhsil liderliyi ilə sizi birləşdirən ortaq nöqtə nədir?” olub. Professor bildirib ki, əslində basketbolda iki məqsəd var: topu səbətə daxil etmək və digər komandaya bunu imkan verməmək. Təhsildə məqsədlərdən biri şagirdlərin bacarıqlarının, imkanlarının maksimuma çatdırılmasıdır. Məktəbin əsas vəzifələrindən biri budur. Direktorun məqsədi isə odur ki, müəllimlərin bacarıqlarını maksimum həddə çatdırsın, müəllimlər sahib olduğu savadla, bilik və bacarıqlarla şagird və tələbələrə kömək etsinlər, onlara yeni səviyyələrə çıxmağa imkan yaratsınlar.
“Təhsilin məqsədinə çatmasında öz rolunuzu necə dəyərləndirirsiniz, hansı dəyişikliklər olması üçün çalışırsınız?” sualına cavab olaraq isə təhsil lideri bunları deyib: “Pandemiya həyatımıza göstərdiyi mənfi təsirlərlə yanaşı dəyişikliklər həyata keçirmək üçün müəyyən şərait yaratdı. Mən başlıca olaraq müəllimin səmərəli, keyfiyyətli ruhunu qeyd etmək istərdim. ABŞ-da məktəblərlə valideyn arasında münasibətlərin qurulmasına xüsusi önəm verilir. Başlıca məqsəd effektiv, səmərəli müəllim olmaqdır. İlk baxışdan sadə görünə bilər, lakin bu, heç də asan məsələ deyil. Təhsildə hansı dəyişiklik üçün çalışdığıma gəlincə, mən əsas rolumu şagird və tələbələrin yaxşı məktəb və müəllimlə təmin olunmasında görürəm, öz tədqiqatlarım ilə buna can atıram. Həm də həmişə ilk növbədə müəllimlərin mənafeyini qorumağa çalışıram. Yaxşı məktəb deyiriksə, orada mütləq yaxşı müəllim olmalıdır ki, uşaqlara lazım olan savadı versinlər”.
Yaxşı məktəb
“Yaxşı məktəb dedikdə necə bir məktəb nəzərdə tutursunuz? Yaxşı məktəbə verdiyiniz tərif nədir, ən yaxşı məktəblər necə yaxşılaşır?” suallarına professor belə cavab verib: “Proqramlar çox ola bilər, lakin başlıcası insanlardır, proqramlar yox. Yəni, məktəblərin özlərində müxtəlif təyinatlı proqramlar ola bilər, lakin fərqi yaradan insanlardır. Yaxşı məktəb həmin məktəb sayılır ki, bütün şagirdlər əhatə olunur, heç kim kənarda qalmır, istər istedadlı, yüksək nailiyyətli, istərsə də orta səviyyəli və geri qalan, ailə vəziyyəti və maddi durumundan asılı olmayaraq bütün şagird və tələbələr. Yaxşı məktəbin əsas xüsusiyyətləri budur”.
Bu günə qədər “Yeni çağırışlar”ın bütün qonaqları ənənəvi təhsilin özünü doğrultmadığını, şagirdlərin marağının kəskin azaldığını etiraf etsələr də Tod Vitaker fərqli düşündüyünü söyləyərək qeyd edib ki, təhsilə yenilik gətirmək əvəzinə daha çox müəllimlərin üzərinə diqqət çəkmək istəyir. O deyib ki, istənilən dövlətdə, ən azı hər üç məktəbdən birində elə müəllimlər var ki, şagirdlərlə uğurlu tədris aparma yollarını bilirlər. Hətta pandemiya şəraitində belə müəyyən məhdudiyyətlərə baxmayaraq keyfiyyətli dərslər keçirlər. “Mən yeni bir şeylər icad etməkdənsə insan amilinə, keyfiyyətli dərslərin aparılmasına üstünlük verirəm. Yeni yanaşmalar artıq var, məsələ yenə keyfiyyətli, yaxşı müəllimlərin üzərində dayanır. Biz sadəcə çalışmalıyıq ki, yaxşı müəllimlərin sayı artsın”.
7 sirr
C.Mənsimi yazıçının “Müəllimliyin ən gözəl tərəfi bu peşənin əhəmiyyətli olmasıdır, amma ən çətin tərəfi odur ki, bu peşə hər gün əhəmiyyətlidir” fikrinə diqqət çəkərək növbəti sualı verib: “Necə edək ki, bütün müəllimlər öz peşəsinin fərqində olsunlar? Onların müəllim olaraq işə başladıqları ilk gün həyəcanının davam etməsi üçün nələri tövsiyə edərdiniz?”. Tod Vitaker qeyd edib ki, müəllimlik peşəsi intensivliyinə görə kifayət qədər mürəkkəbdir, gərgindir. Məhz buna görə tədris günləri 365 gün deyil. Müəllim hər gün eyni missiyayla sinif otağına daxil olur. Təhsildə əsas məsələ yaxşı müəllimlərin sayını çoxaltmaq olmalıdır. Bununla yanaşı səmərəli, keyfiyyətli direktorlar da yetişdirilməlidir. Uğurlu direktor yaxşı müəllimin formalaşmasına təsir edən əsas amildir. “Müəllimlər işdən gedəndə iş yerlərini yox, rəhbərlərini tərk edirlər. Odur ki, təcrübəli direktorlar yetişdirmək üçün onlarda düzgün, doğru bacarıqların formalaşdırılması ilə məşğul olmaq lazımdır. Yaxşı direktor yaxşı məktəb, yaxşı müəllimlər deməkdir, burada liderlik məsələsi çox vacibdir. Bütün bunlar təhsil sahəsində çox önəmlidir”- təhsil məsləhətçisi bildirib.
Aparıcının “Sizin fokuslaşdığınız sahələrdən biri də kadr motivasiyasıdır. “Şagirdlərlə işləyən hər kəs hər gün məktəbə müsbət düşüncə ilə gəlməlidir” deyirsiniz. Telefon enerji topladığı kimi müəllimlər necə enerjilərini artıra bilər?” sualına cavabında professor soyləyib: “Biz insanlara nəzarət edə bilmərik, lakin onlara qarşı münasibətlərimizdə diqqətli olmalıyıq. Biz ağzımızdan çıxan hər kəlməmizə fikir verməliyik. Pis əhvali-ruhiyyədə məktəbə gələn müəllim bunu başqalarına, şagird və tələbələrə sirayət etdirməməlidir. Biz insanlara nəyi doğru etməkdənsə bunu onlara öyrətməliyik, kömək etməli, təlimləndirməliyik”.
C.Mənsimi yazıçının məşhur “7 sadə sirr” (Seven Simple Secrets) kitabındakı paylaşdığı 7 sirri sadalayaraq (planlaşdırma, sinifin idarə olunması, tədris, peşəkarlıq, effektiv intizam, nizamlılıq, motivasiya) “İzləyicilərimizlə əsas hansı sirri bölüşərdiniz? Müəllimlərin uğurlu olacağı mühit necə olmalıdır?” sualını qonağa ünvanlayıb. “Mənim bir sözüm var, məktəb direktoru asqıranda bütün məktəb xəstələnir. Biz hamımız insanıq və nədənsə şikayət edirik. Ancaq bir şeyi bilməliyik ki, bunların heç birini şagird və tələbələrə ötürməməliyik. Şagirdlər məktəbə təhsil almağa gəliblər, bizim də vəzifəmiz onlara bilik, elm verməkdir. Düzdür, dəcəl, pis davranışları ilə seçilən şagirdlər də var. Lakin düzgün vərdişlərin formalaşdırılması üçün də təlimlər aparılmalıdır, müəllimləri təlimləndirərək belə şagirdlərlə necə davranmanın yollarını izah etmək mümkündür”.
“7 sadə sirr” kitabında vurğuladığı məsələlərə aydınlıq gətirən yazıçı qeyd etdiyi sirlər arasında başlıca olaraq hörmət və ehtiram anlayışlarını xüsusi önə çəkib.O qeyd edib ki, hər bir məktəbdə şagird və tələbələrə hörmətlə yanaşan müəllimlər var. Elə müəllimlər də var ki, müəllim və auditoriya arasında hörmətlə ünsiyyət qurmaq, ehtiramla dərs deməyin mümkünlüyündən belə anlayışı yoxdur. Bu cür müəllimlərə qeyd etdiyimiz məqamların yollarını başa salmaq, anlatmaq lazımdır: “Mən tək təhsil sahəsində deyil, şirkətlərlə, təşkilatlarla da iş aparıram. Sadəcə təhsilə daha çox qayğı göstərirəm, çünki təhsil mənimçün daha önəmlidir. İstər restoran olsun, istər iaşə xidməti, istər otel, oradakı personal müştəriləri xoş qarşılamalı, lazımi diqqət, qayğı göstərməlidir. Odur ki, təhsil ocaqlarında da tələbə müəllimə, müəllim tələbəyə, eləcə də müəllimlər bir-birlərinə hörmət və ehtiram nümayiş etdirməlidirlər”.
Uğurlu direktor və müəllimlər nəyi fərqli edirlər?
Qonaq onu da xüsusi vurğulayıb ki, əgər müəllim effektiv şəkildə dərs keçə bilməyəcəksə, heç bir münasibətdən söhbət gedə bilməz. O müəllim yaxşı sayılır ki, onun hər bir hərəkəti məqsədə doğru, şagirdlərin xeyrinə yönəlib. Eyni zamanda professor yaxşı direktor anlayışına da aydınlıq gətirib: “Yaxşı direktor kabinetində oturub məktəbi idarə edən şəxs deyil. Yaxşı direktor hər gün siniflərə girərək tədris prosesini müşahidə edir, şagird və müəllimlərlə ünsiyyətdə olur. Direktor öz fəaliyyəti ilə müəllimlərə örnək olmalıdır. Bir məqam da var, əgər insan işə yüksək əhvali-ruhiyyə ilə gəlirsə, bu işin keyfiyyətinə də təsir edir. Yaxşı iş gözəl əhvali-ruhiyyə deməkdir, yüksək əhval-ruhiyyə də yaxşı işin təməlidir”.
Tod Vitaker həmçinin qeyd edib ki, uğurlu direktor gözləntilərilə deyil, davranışı ilə müdaxilə etməlidir. Yazıçı iki kitabının adını çəkərək “Uğurlu müəllimlər nəyi fərqli edirlər” (What Great Teachers Do Differently) və “Uğurlu direktorlar nəyi fərqli edirlər” (What Great Principals Do Differently) bildirib ki, həmin kitablarda fəsillərin məzmununda bir çox məsələlər üst-üstə düşür. Direktorların müəllimlərlə davranışı, münasibətləri və bir çox mövzulara yanaşması müəllim və şagirdlər arasındakı münasibətlərlə uzlaşır. Direktorlar qeyri müvafiq şəkildə tədris aparan müəllimlərlə davranışlarında necə etik, düzgün rəftar etməlidirlərsə, müdaxilələri də peşəkar olmalıdır. Eləcə də sinifdə şagird qaydaları pozursa müəllim ona qarşı mütləq peşəkar səviyyədə münasibət göstərməlidir. Bütün şagirdlərin gözü müəllimdə olur, ona görə də müəllimin peşəkarcasına müdaxiləsi vacibdir. Müəllimin peşə normalarından kənara çıxmaması çox önəmlidir, etdiyi müdaxilə isə səmərəli olmalıdır.
On dəqiqədə xidmət
Müəllimləri lider müəllimə çevirən amillərdən bəhs edən professor bildirib ki, müəllimdən bir lider yetişdirmək üçün onu tədrisində peşəkarlaşdırmaq lazımdır, bunun üçün isə fürsət və imkanlar olmalıdır. “Məktəblərdə direktorların sədrliyi ilə iclaslar keçirilməlidir. ABŞ-da bir çox hallarda müəllimlər bu iclaslara əhəmiyyət vermirlər, yüksək dəyərləndirmirlər. Əgər müəllimlərin bütün səlahiyyətləri əllərindən alınırsa, həvəsləndirmə tətbiq edilmirsə, müəllimlərdən də şagirdlərə qarşı keyfiyyətli tədris gözləmək olmaz. Direktor müəllimini düzgün idarə edə bilmirsə, müəllimlər növbəti iclasa, dərsə həvəslə, şövqlə getmir, təbii ki bu zaman şagirdlərdən də həmin şövqü gözləmək çətindir. Direktorun yanaşması çox vacibdir. Müəllimlərin lider olması üçün şərait yaradılmalıdır. Prosesin uğurlu olması məqsədilə müəllimlərdə həvəs oyadılmalıdır ki, onların tədrisinin də konkret nəticəsi olsun”.
Aparıcı C.Mənsimi təhsil liderinin “On dəqiqədə xidmət” (The Ten-Minute Incervice) kitabında on dəqiqədə necə təkmilləşdirmə etmək mümkündür fikrinə aydınlıq gətirilməsini istəyib. Tod Vitaker bildirib ki, yaxşı müəllimlər hər bir vəziyyəti öncədən düşünürlər, digər müəllimlər isə baş vermiş hadisəyə reaksiya verirlər. Yaxşı müəllim şuluq, qaydaları pozan şagirdlərdən özünü uzaqlaşdırmır, əksinə, onlarla ünsiyyət qurmağa çalışır. “Mənim kitabımda əsas məqsəd odur ki, on dəqiqə olsa belə müəllimlərlə söhbət etsək bunun çox müsbət nəticəsi olacaqdır. Qısa olmasına baxmayaraq düzgün istiqamət və müdaxilələr nəticəsində tədrisdə böyük müsbət dəyişikliyin şahidi oluruq”.
Müsbət məktəb mühiti
Məktəbdaxili mədəniyyət və müsbət məktəb mühiti məsələlərinə də toxunan təhsil lideri onu da qeyd edib ki, bu məsələlərə yanaşmada ölkədən ölkəyə fərq var: “Məsələn, ABŞ-da belə bir ənənə var ki, müəllimlər tədris günündən öncə şagirdləri salamlayırlar. Bu yaxşı münasibətlərin təməlidir. Bir çox müəllimlər bunu tədris ilinin əvvəlində etsələr də, sonra bezirlər və təkrar etmirlər. Yəni, yaxşı mühit yaratmaq istəyən müəllim şagirdlərlə dostcasına salamlaşmalı, onlarla yaxından ünsiyyətdə olmalıdır və beləcə məktəbdaxili mədəniyyətin formalaşmasına təsir etməlidir. O, həmçinin məktəbdaxili mədəniyyətin başlıca amillərindən birinin təhsil ocağının rəhbərinin yalnış davranışa dözümlülüyü və dözümsüzlüyü olduğunu bildirib. Alimin fikrincə, münasibətləri tənzimləməzdən öncə münasibəti qurmaq lazımdır. Bunun üçünsə ən uyğun vaxt tədris ilinin əvvəli hesab olunur. “Biz tədris ilinə başlayanda məğlubiyyət nədir bilməyən komanda kimi başlayırıq. Şagirdlərlə, valideynlərlə düzgün münasibət qurulmalıdır ki, sonradan qarşılıqlı etibar və etimad yaransın. Etibar etmədiyiniz, etimad göstərmədiyiniz şəxslə münasibət yaratmazsınız. Bu cür münasibət direktor və müəllim, şagird və müəllim arasında da qurulmalıdır”.
“Yeni çağırış”çı C.Mənsimi qeyd edib ki, məktəb mədəniyyəti və müsbət məktəb mühiti dedikdə ağıla həm də özünü aid etmək məsələsi gəlir. Bəs necə edək ki, həm müəllimlər, həm şagirdlər özlərini məktəbə aid hiss etsinlər? Bu sualı cavablandırarkən professor bildirib ki, ABŞ-ın bir çox ştatlarında müəllimləri onlara aid olub-olmayan günahlarda ittiham edirlər, onları lazımi qayğıdan məhrum edirlər, kifayət qədər ödəniş etmirlər, digər problemləri ilə maraqlanmırlar. Belə bir şəraitdə müəllimin məktəbə aid olduğunu söyləmək çətindir. Müəllimə sahib çıxmaq lazımdır ki, o da özünü məktəbə aid hiss edə bilsin. Müəllimlərin xüsusi, əhəmiyyətli olduğunu vurğulamaq, onlara sayqı göstərmək vacibdir, bu zaman onlar tədris prosesinə diqqətlə yanaşacaqlar.
8 guşəli yeni çağırışlar
Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualına cavab olaraq Tod Vitaker şərəf və ləyaqət, hörmət, ehtiram, müsbət praktikanın gündəlik tətbiqi, həvəsləndirmək, motivasiya, qayğı, özünütənqid kimi məsələləri sadalayıb: “Təəssüf ki, müasir dünyada ədəbsizlik, ikrah hissi çoxalır. Biz məktəblərdə cinsindən asılı olmayaraq istənilən yaş insanlar üçün qayğını aşılamalıyıq. Həmçinin biz öz qayğımıza qalmalıyıq, bir-birimizlə yaxşı yola getməliyik. Qızlarımla (Madeline Whitaker, Katherine Whitaker) mən bir neçə kitabın müəllifiyik. Kitablarda ana xətt olaraq qeyd olunur ki, əgər siz müəllimləri motivasiya edə bilmirsinizsə, bütün bunların səbəbini özünüzdə axtarmalısınız. Dəyişiklik etmək istəyən şəxs güzgüdə tez-tez özünə baxmalıdır. Bir əsas məqam da budur ki, məktəb cəmiyyətin arxasınca düşməməlidir, məktəb özü nümunəvi cəmiyyət olmalıdır”.
Görüşün sonunda “Yeni çağırışlar” proqramının koordinatoru C.Mənsimi təcrübələrini paylaşdığı üçün qonağa, eləcə də proqramı dəstəkləyən Təhsil Nazirliyinin rəhbərliyinə, əməyi keçən hər kəsə sonsuz təşəkkürünü bildirib.
Tod Vitaker proqramda iştirak etməsindən məmnunluğunu bildirərək son dönəmlərdə Azərbaycanda fantastik, təqdirəlayiq dəyişikliklərin baş verdiyini və bu proseslərə verəcəyi töhfələrdən şərəf hissi duyduğunu dilə gətirib.
Lamiyə ƏLİMƏRDANOVA