İyunun 23-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) kollektivinin Qusar rayonunda yerləşən "N" saylı səfəri təşkil olunub.
Səfər BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə reallaşdırılıb. Səfərin keçirilməsinin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ərəfəsində hərbçilərimizlə görüşmək, əsası AXC dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələrinin müasir dövrdə də qorunub saxlanıldığını, inkişaf etdirildiyini və xalqın ordu ilə birliyini bir daha nümayiş etdirməkdən ibarətdir.
Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə təşkil olunan görüşdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva tədbir iştirakçılarını salamlayaraq, qarşıdan gələn 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərimizi təbrik edib.
M.Vəliyeva ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunduğunu nəzərə çatdırıb. İdarə müdiri qeyd edib ki, ümummilli lider Heydər Əliyev Cümhuriyyət dövründən başlanan müasir hərbi ənənələri, ordu quruculuğu təcrübəsini yeni bir səviyyəyə qaldırıb, müstəqil, qüdrətli ordumuzun əsasını qoyub və Azərbaycanın müstəqilliyini qorumağa qadir olan bir ordunun memarına çevrilib. Həyata keçirilmiş möhtəşəm ordu quruculuğu prosesinin nəticəsidir ki, Cümhuriyyət dövründə əsası qoyulmuş ordu Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması baxımından xalqın və dövlətin ona bağladığı ümidləri doğrultağa qadirdir.
İdarə müdiri 2-5 aprel 2016-cı il tarixlərində mühüm strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyinin və bu yaxınlarda isə Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra ordumuz tərəfindən azad olunmasının dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini bir daha nümayiş etdirdiyini söyləyib.
Müdafiə Nazirliyinin nümayəndəsi, mayor Ramin Məşədiyev səfərə görə BŞTİ kollektivinə təşəkkür edib. R.Məşədiyev bildirib ki, Qafqazda ən müasir ordu kimi tanınan Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün tapşırıqları yerinə yetirmək iqtidarındadır. Ordunun bugünkü səviyyəyə yüksəlməsi Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub.
Sonra paytaxt məktəblilərinin əsgərlərə ünvanladıqları məktublar onlara təqdim olunub.
Səfərdə həmçinin, "N" saylı hərbi hissənin əsgərlərinə hərb tariximizə dair suallar verilib. Qaliblər BŞTİ tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
Daha sonra BŞTİ kollektivi tərəfindən əsgərlər üçün nəzərdə tutulmuş kitablar hərbi hissənin kitabxanasına təqdim olunub.
Sonda İdarə əməkdaşları hərbi hissədə yaradılan şəraitlə tanış olub, əsgərlərlə xatirə şəkli çəkdiriblər.