70081 şagird imtahan verəcək


Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 27-də orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək. İmtahanlarda Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər iştirak edəcək. Həmin gün ümumilikdə 70081şagirdin imtahan verəcəyi nəzərdə tutulub. Onlardan 39554 nəfər IX sinif üzrə, 30527 nəfər isə XI sinif şagirdidir.

 

DİM-in yaydığı məlumata görə, bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

 

- “İmtahana buraxılış vərəqəsi”;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

 

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

 

b) əcnəbilər şəxsi pasportları və  icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və  icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

 

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

 

Məlumat üçün qeyd edək ki, IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 87 imtahan binası ayrılıb. İmtahanda 39554 nəfər iştirak edəcək. Onlardan 3372 nəfər Gəncə, 2287 şagird Lənkəran, 88 nəfər Naftalan, 2042 nəfər Şəki, 4392 nəfər Sumqayıt, 3866 nəfər Abşeron, 930 şagird Ağdam, 683 nəfər Ağsu, 1284 nəfər Astara, 2203 şagird Bərdə, 1388 nəfər Biləsuvar, 278 nəfər Daşkəsən, 1318 nəfər Goranboy, 882 Göygöl, 1253 nəfər İmişli, 1207 nəfər Kürdəmir, 561 nəfər Oğuz, 1352 şagird Qəbələ, 1027 şagird Saatlı, 1804 Sabirabad, 699 Şabran, 946 Şamaxı, 680 nəfər Samux, 889 nəfər Tərtər, 2115 nəfər Xaçmaz, 1398 nəfər Yevlax, 610 nəfər isə Zərdab məktəblisidir.

 

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 87 imtahan binası ayrılıb. Gəncədə 2647, Lənkəranda 1731, Naftalanda 63, Şəkidə 1781, Sumqayıtda 3394, Abşeronda 2667, Ağdamda 780, Ağsuda 562, Astarada 771, Bərdədə 1615, Biləsuvarda 1091, Daşkəsəndə 205, Goranboyda 1074, Göygöldə 794, İmişlidə 1126, Kürdəmirdə 910, Oğuzda 484, Qəbələdə 1194, Saatlıda 740, Sabirabadda 1463, Şabranda 511, Şamaxıda 644, Samuxda 488, Tərtərdə 682, Xaçmazda 1522, Yevlaxda 1141, Zərdabda 447 olmaqla. Bu iİmtahanda 30527 nəfər 11‑ci sinif şagirdinin iştirakı nəzərdə tutulur. İmtahanların idarə olunmasına, ümumilikdə 275 imtahan rəhbəri, 3334 nəzarətçi-müəllim ayrılıb. İmtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan 1 gün qabaq DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.