Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib


Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Vətən müharibəsində qazandığımız tarixi Zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

 

“Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev fenomeninin əvəzsiz rolu” mövzusunda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki,  Ulu Öndərin ideyaları yaşayır və qalib gəlir.

 

Firudin Qurbanov qeyd edib ki, tarixdə adı müstəqil dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderə rast gəlmək mümkündür. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Heydər Əliyev məhz belə bir liderdir. O, ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir.

 

Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda iqtisadiyyatın, elm, təhsil və mədəniyyətin təşəkkülü və inkişafı bilavasitə ümummillli lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

 

Nazir müavini sözlərinə əlavə edib: “Tarixi həqiqətdir ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu gün ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan uzaqgörən və məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır. Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti xalqımızın təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.

 

Heydər Əliyevin sosial-iqtisadi və mədəni yüksəlişə gedən yolun məhz ümumi təhsildən keçdiyini dərindən bilərək əsas diqqəti bu sahəyə yönəltdiyini qeyd edən F.Qurbanov qısa bir zamanda ümumtəhsil məktəblərinin şəbəkəsinin genişləndiyini, əsaslı keyfiyyət dəyişikliklərinin baş verdiyini diqqətə çatdırıb. 1970-80-ci illərdə respublikada 683 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verilmişdi. Müstəqillik illərində bu işlər davamlı xarakter almışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb tikintisi geniş vüsət almış, 2003-2021-ci illər ərzində 3300-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmışdır.

 

Ulu öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermiş, “Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” demiş, bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul etmişdir.

 

Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqəti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, son illərdə müəllim nüfuzunun yüksəldilməsi istiqamətində kardinal addımlar atılmış, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatmış, onların həftəlik dərs yükü 1.5, vəzifə maaşı təxminən 2 dəfə artırılmışdır.

 

Nazir müavini bildirib ki, Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri də 1970-80-ci illərdə Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın iqtisadiyyatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ölkə üçün ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaratmasıdır.İftixar etməli haldır ki, respublikadan kənarda milli kadr hazırlığı sahəsində aparılan siyasətin mühüm istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsidir. Həmin illərin ən əhəmiyyətli hadisələrindən biri kimi keçmiş SSRİ-nin ali hərbi məktəblərinə azərbaycanlı gənclərin sistemli şəkildə göndərilməsidir. 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı və bu da Azərbaycanda hərbi məktəblər şəbəkəsinin sonrakı inkişafında mühüm rol oynadı. İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün müstəqil Azərbaycanın Milli Ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti məhz Heydər Əliyevin xeyir-duası ilə o illərdə təhsil almağa göndərilən və ölkəmizin hərbi məktəblərini bitirən gənclərdir.

 

Azərbaycanda hərbi təhsilin inkişafına böyük töhfələr vermiş C.Naxçıvanski adına Hərbi Məktəbin bu il Prezident Sərəncamı ilə 50 illik yubileyi keçiriləcəkdir.

 

Firudin Qurbanov qeyd edib ki, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənələri son illərdə uğurla davam etdirilmişdir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmiş, həmin Proqram çərçivəsində ümumilikdə 3558 nəfər dövlətimiz tərəfindən maliyyələşdirilməklə dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququ qazanmışdır. Həmin universitetlər Harvard Universitetindən tutmuş dünyanın 500 ən güclü universiteti sırasındadır. Ölkə Prezidenti İlham Əliyev tərəfindən təhsil sahəsində Ulu Öndərin başladığı islahatların davamlılığını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 2013-cü ildə təsdiq edilmiş, onun icrası hazırda uğurla davam etdirilməkdədir. Bu siyasətin davamı kimi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmiş və həyata keçirilməkdədir.

 

Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı nəticələrindən biri də azərbaycançılıq məfkurəsinin və milli ruhun  yüksəlişi, milli özünüdərkin təmin edilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması, milli dövlətçilik ənənələrinin güclənməsi və real siyasi amilə çevrilməsi olmuşdur. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik” deməklə Heydər Əliyev “azərbaycançılığı”milli dövlətçilik ideologiyasının əsası kimi müəyyənləşdirmişdir. Bu gün qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsi, şərəfli həyat və fəaliyyəti  gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması üçün ən dəyərli mənbədir.

 

Nazir müavini diqqətə çatdırıb ki, müstəqilliyin ilk illərində Azərbaycanda yaranan siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzü, keçmiş Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsi, ölkə daxilində separatçı qüvvələrin baş qaldırması dövlət müstəqilliyimizi sual altına almışdı. İşğal olunmuş rayon və şəhərlərdə minlərlə təhsil müəssisəsi dağıdılmış, təhsil sisteminə ciddi ziyan dəymişdi. Bu çətin anlarda, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən çıxarmağa nail oldu və təhsil islahatlarının aparılması üçün də əlverişli imkan yarandı.

 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs son 18 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında uğurla davam və inkişaf etdirilmiş, ölkəmizin  tərəqqisinə böyük töhfə vermişdir.

 

Xüsusi qeyd edilməlidir ki, məhz Heydər Əliyevin vaxtilə yaratdığı etibarlı təmələ söykənərək Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ Müharibəsində - Vətən Müharibəsində inamlı qələbə qazanılmışdır. Müzəffər Azərbaycan Ordusu tərəfindən 30 ilə yaxın Ermənistanın işğalı altında olan əzəli torpaqlarımız azad edildi.Bu zəfər şanlı tariximizə qızıl hərflərlə yazıldı. Bu möhtəşəm qələbə xalqımızın inamını özünə qaytarmış, uzun illər ərzində doğma yurdlarına qayıtmaq eşqi ilə yaşayan məcburi köçkünlərin həsrətinə son qoymuşdur.  Eyni zamanda bu qələbə bütün dünyada Azərbaycan dövlətinin və xalqının qüdrətini və sarsılmaz iradəsini, Ordumuzun gücünü nümayiş etdirmişdir. Bu qələbə Azərbaycanı sonsuz məhəbbətlə sevən ümummilli lider Heydər Əliyevin azadlıq ideallarının parlaq təzahürü kimi xüsusilə əhəmiyyətlidir.

 

Böyük iftixar hissi ilə bəyan edirik ki, Vətən müharibəsində “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur!” deyən Ulu Öndərin arzusunu reallaşdıran ölkəmizin Prezidenti İlham Əliyevin xalqa müraciətlə söylədiyi “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!” kəlamında Qarabağın işğaldan azad olunmasında Heydər Əliyev ideyalarının təntənəsi gözəl ifadə olunmaqdadır.

 

Nazir müavini F.Qurbanov çıxışının sonunda qeyd edib: “Bu bir həqiqətdir ki, Vətən müharibəsində döyüşən Azərbaycan əsgərləri ya əvvəlki illərdə doğulub müstəqillik illərində təhsil alanlardan, ya da bu illərdə doğulub təhsil alan Vətən övladlarıdır. Müqəddəs savaş göstərdi ki, istər hərbiçilərimizdə, istərsə də cəmiyyətimizdə vətənpərvərlik ruhu kifayət qədər yüksəkdir. Çağdaş tariximizə qızıl hərflərlə yazılan bu Qələbə Azərbaycanda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və ölkə Prezidenti cənab İlham Əliyevin uğurla apardığı siyasətin nəticəsidir. Ancaq bu da etiraf edilməlidir ki, təhsil sisteminin də bu işdə rolu danılmazdır.

 

Hesab edirik ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətləri xalqımızın tarixi yaddaşında daim yaşayacaq. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti və strategiyası uğurlu gələcəyə gedən yollarımızı daim işıqlandıracaq”.

 

Daha sonra “Vətən müharibəsi Heydər Əliyev siyasətinin tarixi Qələbəsidir” mövzusunda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ümummilli liderin xilaskarlıq missiyasından və tarixi Qələbəyə aparan yolda misilsiz xidmətlərindən söz açıb.

 

“İlham Əliyev: Ulu Öndərin vəsiyyətini reallaşdıran sərkərdə” mövzusunda çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Şahin Seyidzadə ümummilli liderin tarixi ədalətin bərpa olunması istiqamətində yorulmaz fəaliyyətindən və yüksək əzmkarlığından bəhs edib. Torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycanda yeni dövrün başlandığını vurğulayan Şahin Seyidzadə hazırda Qarabağın dirçəlişi sahəsində həyata keçirilən irimiqyaslı və sistemli tədbirlərdən danışıb.

 

“Heydər Əliyev: dahi şəxsiyyət və müasir Azərbaycanın qurucusu” mövzusunda çıxış edən MDU-nun rektoru Şahin Bayramov müasir Azərbaycanın memarı olan Heydər Əliyevin öz müdrikliyi və uzaqgörənliyi ilə qlobal siyasətin aparıcı simalarından biri olduğunu vurğulayıb. O, ümummilli liderin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda qalibiyyətlərlə dolu yeni dövrün şanlı tarixinin yazıldığını diqqətə çatdırıb. Şahin Bayramov müasir Azərbaycanın qurucusu olan ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin və zəngin irsinin öyrənilməsi, təbliği və gənc nəslə çatdırılmasının ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyduğunu diqqətə çatdırıb.

 

Daha sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Ümummilli Liderin siyasi portreti” MDU-nun gənc müəllimi, Vətən müharibəsi iştirakçısı Qaragöz Kərimov “Heydər Əliyev ideyalarına sadiq Azərbaycan gəncliyinin Vətən müharibəsində fəal iştirakı” mövzularında çıxışlar ediblər.

 

Elmi konfrans öz işini bölmə iclası ilə davam etdirib.