ADPU-da tanınmış filosof Əmrəli İsmayılovun kitabının təqdimatı keçirilib
İyunun 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tanınmış filosof alim, universitetin dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Əmrəli İsmayılovun rus dilində yazdığı “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti” adlı kitabının təqdimatı keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, fakültə dekanları, kafedra müdirləri, müəllimlər, ölkəmizin tanınmış ziyalıları iştirak ediblər.
Tədbiri açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, Əmrəli İsmayılov 5 monoqrafiyanın, 3 kitabın, 6 fundamental kitabın tərtibçisi, 11 kollektiv monoqrafiyanın müəlliflərindən biridir. Ə.İsmayılov çoxlu sayda respublika və beynəlxalq miqyaslı elmi simpoziumda, konfranslarda və seminarlarda fəal çıxış edib. Ə.İsmayılovun “Erməniliyin və erməni faşizminin ideologiyası, fəlsəfəsi və cinayəti” adlı kitabı zəngin elmi-tarixi faktlar əsasında qələmə alınıb. Genişhəcmli kitabın çapdan çıxmasını diqqətəlayiq elmi-tarixi hadisə kimi dəyərləndirən rektor bildirib ki, bu kitab hər bir vətənpərvər azərbaycanlıya böyük hədiyyədir. Dərin elmi, siyasi və milli məzmuna malik olan kitabda erməniliyin, erməni faşizminin iç üzü açılır, erməni ideologiyasının mənfur, insanlığa zidd mahiyyəti, Ermənistanın təcavüzkar, işğalçı siyasətinin məqsədi, ermənilərin tarixən digər ölkələrə və xalqlara, qonşularına, ilk növbədə, Türkiyə və Azərbaycana qarşı əsassız ərazi iddiaları konkret faktlar əsasında nəzərə çatdırılır. Kitabın ən dəyərli cəhətlərindən biri ermənilərin siyasi riyakarlığının, yalançılığının, simasızlığının real elmi, publisistik mənbələr əsasında açıqlanmasıdır. Müəllif erməni ideologiyası, erməni faşizmi barədə fikirlərini əsaslandırmaq üçün məhz xristian aləmini təmsil edən mütəfəkkirlərin, dünyada tanınmış alim və siyasətçilərin fikirlərinə müraciət edib. Ermənilərin mənəviyyatsızlığı, riyakarlığı məhz erməni müəlliflərinin fikirləri, məlumatları əsasında oxucuya çatdırılır. Kitabda ermənilərin 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada və digər bölgələrdə törətdikləri qırğınlara hərtərəfli, real faktlar əsasında və dərindən aydınlıq gətirilir. Xocalı soyqırımına xüsusi diqqət yetirilir, yaşlılara, qadınlara və uşaqlara qarşı qəddar, amansız və qeyri-insani münasibət yalnız yazılı formada deyil, həm də çoxsaylı fotoşəkillər əsasında ifadə olunur. Kitab ermənilərin tarixini, bu gününü, ideologiyasını, fəlsəfəsini, türklərə və azərbaycanlılara qarşı tarixi düşmənçiliyini bütün dolğunluğu ilə açan çox dəyərli bir nəşrdir. Əsərin rus dilində yüksək səviyyədə yazılması onun geniş miqyasda yayılmasına kömək edir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək təqdimata görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Qeyd edib ki, tarix boyu xalqımızın müstəqilliyinə ən böyük təhlükəni ermənilər yaradıb. Vətənpərvər alim Ə.İsmayılovun bu sistemli və dolğun əsəri erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, professor İsmayıl Məmmədli, dosent Məcid Əfəndiyev, dosent Vahid Ömərov, dosent Sakit Əliyev, siyasi elmlər üzrə fəlsəfə doktoru Nigar Qəhrəmanova və başqaları çıxış edərək kitabın yüksək səviyyəyə malik, xalqımızın milli maraqlarına xidmət və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən bir əsər olduğunu vurğulayıblar.
Sonda Ə.İsmayılov çıxış edərək təqdimatın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə və çıxışçılara təşəkkür edib, bu sahədə alim-mütəxəssislərin fəaliyyətinin genişləndirilməsinin və daha çox əsərlərin yazılmasının vacibliyini bildirib.