“Yeni çağırışlar”da növbəti qonaq yazıçı, beynəlxalq bestseller müəllifi, dietoloq və model Mey Mask olub
“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı, dünyanın ikinci ən zəngin adamı, “Space X” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın anası Mey Mask həyat təcrübəsini, uğur qazanmağın yolları ilə bağlı düşüncələrini paylaşıb. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında davam edən “Yeni çağırışlar” proqramının 14 aprel 2021-ci il tarixində yayımlanan bölümündə uğurlu övladları necə yetişdirmək, onlara nə cür nümunə olmaq, parlaq gələcək qurmaq üçün düzgün plan tərtib etmək haqqında danışılıb. Xanım Mask izləyiciləri daha uğurlu, daha inadkar, daha təşəbbüskar, daha sağlam və macərəpərəst olmağa səsləyib. Təhsil Nazirliyinin “Facebook” səhifəsindən canlı yayımlanan görüş Mətin Axundlunun tərcüməsi ilə Azərbaycan dilində təqdim olunub. Görüşün informasiya dəstəkçisi “Belə-belə işlər” olub.
Kosmosa göndərilən milli musiqimiz
Görüşün giriş hissəsində Kamil Cəlilovun balaban ilə çaldığı “Çahargah ahəngi” adlı əsəri fon musiqisi kimi səsləndirilib. Proqramın aparıcısı Cəfər Mənsimi milli Azərbaycan libasında xanım qonağı salamlayaraq dəvəti qəbul etdiyi üçün ona təşəkkürünü bildirib. Səsləndirilən musiqi haqqında Mey Maska məlumat verən aparıcı bu əsərin 1977-ci ildə NASA-nın Voyager 1 peyki ilə kosmosa göndərilən qızıl plastinkada yer aldığını diqqətə çatdırıb. Daha sonra Cəfər Mənsimi qonağı izləyicilərə təqdim edərək bildirib ki, Mey Maskın bestseller olan “Bir qadın plan qursa” kitabı 70-dən çox dilə tərcümə olunub. Hazırda “Bir qadın plan qurarsa” kitabı Jalə Əsgərovanın təşəbbüsü ilə Azərbaycan dilində çapa hazırlanır.
Aparıcı onu da izləyicilərin diqqətinə çatdırıb ki, Mey Mask öz fəaliyyəti ilə informal təhsilin inkişafına xüsusi töhfə verir. O, bir çox cəmiyyət, dərnək, xəstəxana və universitetlərdə yazıçı, sahibkar, qida eksperti və moda simvolu kimi təqdimatlar edir.
Mey Mask maddi mənfəət güdməyən iki qlobal təşkilatın - məktəblərdə tərəvəz və meyvə bağları quran “Böyük yaşıllıq” (Big Green) və bir milyondan çox qadını əhatə edən, müxtəlif fərdi peşə inkişafı proqramları və iş geyimləri təqdim edərək iqtisadi müstəqillik qazanmağa dəstək olan “Uğur üçün geyim” (Dress for Succes) şəbəkəsinin elçisidir. 45 ildən çoxdur ki, dietoloq olaraq öz qurduğu qidalanma biznesi təcrübəsi əsasında müxtəlif ölkələrdə çıxışlar edir, bu istiqamətdə məqalələr yazır, məsləhətlər verir. 15 yaşından modellik fəaliyyəti ilə də məşğul olan xanım Mask 60 yaşlarında Times Meydanında yer alan 4 reklam lövhəsinin siması olaraq rekord vurub.
Ailə nümunəsi
Həyatını dəfələrlə sıfırdan başlayan qonaq pozitiv düşüncə, inam, başqalarını dəstəkləmək və kəşf etmək xüsusiyyətlərini necə formalaşdırdığı barədə danışarkən bildirib ki, o, çox nəzakətli, nəcib, mehriban valideynlərə malik kanadalı ailədə böyüyüb, sonradan Cənubi Afrikaya köçüb: “Ailədə 5 uşaq olmuşuq. Valideynlərimiz bizi xeyirxahlıq, hörmət və ehtiram ruhunda böyüdüb. Onlar bizə istənilən işlə məşğul olmağa şərait yaradıblar, müxtəlif sosial tədbirlərdə iştirakımızı təmin ediblər. Kiçik yaşlarımızdan bizi işləməyə sövq ediblər. Məsələn, mən 8 yaşımdan iş həyatına atılmışam.Atamın birmühərrikli hərbi təyyarəsində Cənubi Afrika, Asiya, Avropa, Avstraliyanı yalnız xəritə istifadə edərək səyahət etmişik. Bütün bunlar bizdə macəraçılıq ruhu formalaşdırıb”.
Xanım Mask məktəb illərində çox yaxşı oxuduğunu, kifayət qədər intizamlı olduğunu, hətta 7 yaşında 10 yaşlı sinif şagirdlərinə riyaziyyat və oxudan kömək göstərmək üçün məktəbin ondan dəstək istədiyini bildirib. Yaxşı oxusa da, uşaqlıqda rəsm çəkə bilmədiyini, gözəl rəsm çəkənlərin isə riyaziyyatı yaxşı bilmədiyinə təəccübləndiyini söyləyib.
Yazıçı hər bir insanın içində kəşf olunmamış istedad olduğunu xüsusi vurğulayaraq qeyd edib ki, ailədə beş uşaq olduqları halda hərəsi fərqli istiqamətlərdə müxtəlif maraqlara sahib olub və valideynləri onların bu maraqlarını dəstəkləyib.
Sonradan Kanadaya qayıdaraq Toronto Universitetində tədqiqat və araşdırmalarla məşğul olduğunu dilə gətirən qonaq övladlarına sərbəstlik verdiyini vurğulayıb: “Həmin dövrdə mən övladlarıma dedim ki, siz seçiminizdə sərbəstsiniz. Gedin tələbə təqaüdü qazanın və oxuyun. İlon biznes və fizika, Kimbal biznes, Toska isə film istehsalı sahəsini seçdilər. Kimbal bizneslə yanaşı aşpazlıqla çox maraqlanırdı və elə oldu ki, aşpazlıq kurslarına qatıldı, sonradan restoran şəbəkəsi yaratdı, restoranlarını meyvə-tərəvəzlə təmin etmək üçün tərəvəzçiliklə məşğul oldu, məktəblərdə tərəvəz və meyvə bağları quran və mənfəət güdməyən “Böyük yaşıllıq” (Big Green) adlı qlobal təşkilat qurdu”.
Uğurun sirri
Aparıcının “Uşaqlarınıza hansı xüsusiyyətlərinizlə rol modelisiniz?” sualına cavab olaraq yazıçı bildirib ki, əslində o heç vaxt özünü övladları üçün rol modeli görməyib. “Sadəcə mən övladlarımı məsuliyyətli və özlərinə inamlı olmağa, onları öz qərarlarını özlərinin verməsinə təşviq etmişəm. Onların ev tapşırıqları ilə maraqlanmamışam. Bu məsuliyyət onların özlərində olub. Övladlarım xüsusi maraq göstərdikləri fənləri diqqətlə öyrənib, araşdırmalar aparıblar. Mən də həmişə işləmişəm və onlar bunu görüb. Ailəmizdən bizə keçən zəhmətkeş, digər insanlara qarşı nəciblik və səmimiyyət xüsusiyyətləri övladlarımda da var. Mən onların zəhmətkeşliyinə çox sevinirəm”.
98 yaşında əlavə təhsil
Mey Maskın uşaqlarının təhsilə marağının necə formalaşdırması, onların uğurlu olması üçün başqa hansı addımları atması barədə sualı xanım Mask belə cavablandırıb: “Mənim anam 96 yaşına kimi işləyib, 98 yaşında əlavə təhsil almağa başlayıb. Mən anamın dəst-xəttini davam etdirirəm, hazırda da oxuyuram, öyrənirəm. Mənim də bu xüsusiyyətlərim övladlarıma keçib. Övladlarım da daim oxuyur, öyrənirlər və bu yolda biz bir-birimizi dəstəkləyirik. Mən görürəm ki, onların etdikləri dünyaya yalnız fayda gətirir. Onu da qeyd edim ki, övladlarımı uşaqlıqdan iş həyatına cəlb etmişəm. Özüm çox məşğul olduğum üçün uşaqlarımın hərəsi evdə bir işlə məşğul olub. Kimbal yemək bişirib, İlon texnoloji işlərlə məşğul olub, Toska isə telefon zənglərinə cavab verib və s.”.
Yazıçı, model övladlarının uğurunu onların inadkar və əzmkar olmaları ilə əlaqələndirib. O bildirib ki, bütün rədd cavablarına baxmayaraq onlar yollarından dönməyiblər. İlon Maskın internet şirkəti qurduğu dönəmlərdə investisiya, kapitala çox ehtiyac duyurdu, insanlar kompüterdən hələ yaxşı istifadə edə bilmədiyi vaxtlarda İlon onları internet üçün kapital qoymağa inandırmağı bacarmışdı. Qızı Toska film istehsalı şirkəti yaradanda rədd cavablarına baxmayaraq sonradan insanların razılığını almağa nail olmuşdu.
Oğlu İlonun Mars xəyallarının reallaşmasında atasının təyyarəsinin xüsusi rolu olduğunu bildirən qonaq əlavə edib ki, macəraçı ruhu İlona da, Meyə də xanım Maskın atasından keçib.
Çətinliklərindən danışan qonaq ikinci əl geyim və kitablar almaq məcburiyyətində qaldığını, əslində kitab yazanda həyatındakı mənfi hadisələri səhifəsinə köçürmək niyyətində olmadığını qeyd edib. Lakin övladlarının, redaktorun israrından sonra bu barədə yazmaq qərarına gəlib: “Bəli, mən qeyd etdiyiniz çətinlikləri yaşamışam. Hətta kitabım nəşr olunduqdan sonra bacım, qardaşım biz bilmirdik ki, sən bu qədər çətinliklər yaşamısan dedilər. Çünki pozitiv olmağı, neqativ məsələlər barədə danışmağı sevmirəm. Buna görə bu barədə onlara nəsə deməmişdim. Sadəcə ona əminəm ki, əgər yeməyə çörəyin, başının üzərində tavan varsa, bu xoşbəxtliyin təməlidir, başqa şeylər lüks və komfortdur”.
70-dən çox dilə tərcümə edilən kitabı yazmağa necə qərar verdiyi barədə də danışan betseller müəllifi qeyd edib ki, onun kitab yazmağa heç fikri də olmayıb. Sadəcə, ədəbiyyat agentliyi Mey Maskın müsahibələrini, məqalələrini izləyib və bütün bunları kitab formasına salmağı ondan xahiş edib: “Sözün açığı, təsəvvür edə bilməzdim ki, kitabım dünyada bu qədər əks-səda doğuracaq. Kitabım Azərbaycana qədər gəlib çıxıb. Böyük həyəcan, coşqu ilə kitabımın Azərbaycanda nəşr olunmasını gözləyirəm. Həqiqətən insanlar, xüsusən qadınlar həyatlarındakı dalan vəziyyətləri, çətinlikləri paylaşmalıdır ki, onlara çətin vəziyyətdə dəstək dursunlar, çətinlikləri dəf etməkdə kömək etsinlər”.
“Niyə plan qurmağı bu qədər xüsusi vurğulayırsınız?” sualına xanım yazıçı özünəməxsus cavab verib: “Əgər həyatda hər şey sizi qane edirsə, plana ehtiyac yoxdur. Əgər həmin həyatda döngələr varsa, bu döngələrdən düzgün çıxmaq üçün plan lazımdır. Əgər siz məyus qalmaq istəmirsinizsə, plan qurmalısınız. Bir plan baş tutmursa, planı dəyişmək lazımdır. Bu, həyatın tələbidir”.
Sağlam qidalanma ilə bağlı dərslərin olması önəmlidir
Qızların təhsilə daha çox təşviq edilməsi üçün başqa nə etmək lazımdır sualına cavab olaraq Mey Mask deyib ki, qadınlar da kişilər kimi maariflənməlidirlər, qadınlar durmadan təhsil almalı, inkişaf etməlidirlər. Nə qədər qadın rəhbərlər, direktorlar, şirkət müdirləri çox olarsa, bu dünya o qədər xeyirxah olacaq. Həyatda kişilərin də, qadınların da rolu böyükdür. Qadınlar nə qədər yaxşı təhsil alsalar, dünyanın güzəranı da yaxşı olacaq. Sadəcə təhsilin önəmini daha çox çatdırmalıyıq. Paylaşmaq, ünsiyyət, etibar çox vacibdir. Onu da devizə çevirməliyik ki, maraqlı olmaq gözəl olmaqdan daha vacib, daha füsunkardır. Bəzən zahirən çox gozəl bir şəxslə söhbət etdikdən sonra heç nəyə marağının olmadığının, biliksiz olmasının şahidi oluruq. Bəzən isə, əksinə, zahirən heç də gözəl olmayan şəxsin biliyi, dünya görüşü o qədər zəngin olur ki, sizi məftun edir. Daxili füsunkarlığı zahiri görünüşünə siraət edir. Bu baxımdan, təhsilli olmaq, hər zaman oxuyub öyrənmək çox vacibdir.
O, aparıcının “Amerikada aparılan tədqiqatların birində məktəblərdə sağlam qidalanmanın yer alması xüsusilə tövsiyə edilir. Bir dietoloq olaraq bu barədə nə düşünürsünüz. Sizcə, sağlam qidalanma dərslərinə nə qədər ehtiyac var?” sualını belə cavablandırıb: “Sağlam qidalanma həyati zərurətdir. Sağlamlıq zənginlikdir. Düzgün qidalanma sağlamlığın təməlidir. Bununla bağlı müxtəlif dietalar var, bunları bilmək lazımdır, qənaətli olmaqla elə qidalanmaq lazımdır ki, yediyiniz sizə fayda gətirsin. Bu baxımdan məktəblərdə belə dərslərə çox ehtiyac var”.
Marsda məktəb
Müəllimlərin şagirdlərdə necə estetik zövq formalaşdıracaqları məsələsinə də aydınlıq gətirən model öncə Azərbaycanda vahid məktəbli forması olub-olmamağı ilə maraqlanıb. O bildirib ki, məktəblinin gözəl, səliqəli geyinməsi, saçlarının qaydasında olması çox vacibdir. Yazıçının uşaqlıq dövrlərində Cənubi Afrika bu cəhətdən geri qaldığı üçün, Mey yeniyetmə olanda paltarlarını özü tikib hazırlayırmış: “Macəraçı ruhuna köklənmək, daim kəşf etmək estetik zövqün formalaşdırılmasına da xüsusi töhfə verir”.
Aparıcının “Əgər Marsda məktəb qurulsa, o məktəbin necə olmasını istərdiniz?” sualına”Mən orada müəllim olmaq istərdim, şagirdlərə xoşladıqları fənləri öyrənmələrinə imkan yaradardım. Marsdakı məktəbdə şagirdlərin xoşbəxt olması üçün fərqli məktəb, yaradıcı müəllim və yanaşmalardan ibarət mühit yaradardım”.
Mey Mask olduqca enerjili olmasının, 73 yaşında belə işləməsinin, modelliklə məşğul olmağının səbəbini də açıqlayıb: “Mən həyatımdan, hər günümdən coşqu alıram, imkanlarıma uyğun olaraq üzərimə iş götürürəm və düzgün qidalanıram. Həyat sevgisi, eşqi ilə hər günümü yaşayıram. Hər günə yeni enerji və həyəcanla başlayıram. Təsəvvür edin ki, 73 yaşımda New Yorka köçəcəyəm, həyatımı yenidən başlayacağam”.
8 guşəli yeni çağırışlar
Görüşün yekununda proqramın ənənəvi “Yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualına qonaq belə cavab verib: “Siz yeni çağırışları, yəqin ki, qlobal miqyasda nəzərdə tutursunuz. Mən təmiz enerjini, kişi və qadınların hüquqlarının bərabər şəkildə təmin olunmasını, iqlim dəyişikliyini, insanların bir-birinə qarşı mehriban və nəcib olmasını, ailə dəyərlərini qeyd edərdim. Sadalanası o qədər dəyərlər var ki, səkkiz guşəli ulduza necə sığdıracağımı bilmirəm. Yaxşı niyyətlə görülən işin qədrini bil, nə qədər çox çalışsan bir o qədər şanslı olarsan, əsla təşəbbüsündən imtina etmə və indi başla”.
Bir sözlə, “Bir qadın plan qurarsa” kitabında deyildiyi kimi: “Uğur da, uğursuzluq da bir seçimdir. Sadəcə bir plana ehtiyacımız var”. Odur ki, gəlin elə bir plan quraq ki, seçimimiz hər zaman uğur olsun!
Lamiyə ƏLİMƏRDANOVA