“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təhsil ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul davam edir.
Son qəbul tarixi 20 aprel 2021-ci ildir. Sənədlər göstərilən tarixədək aspu_gwu@adm.dp.edu.az elektron ünvana göndərilməlidir.
Proqram Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti tərəfindən birgə icra edilir.
2021-2022-ci tədris ili üzrə ingilis dilində 2 il müddətində həyata keçiriləcək magistratura proqramına 25 nəfərin qəbul edilməsi nəzərdə tutulur.
İkili diplom proqramının təşkil olunmasında məqsəd ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq təhsilin idarəedilməsi sahəsində Azərbaycanda yeni nəsil mütəxəssislərin yetişdirilməsi, bu sahədə Azərbaycanın ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları vasitəsilə müasirləşdirilməsinə dəstək göstərilməsidir.
Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.
Proqramın məzunları liderlik və menecment, tədqiqat, beynəlxalq təhsil, siyasi təhlil və inkişaf sahələri kimi bacarıqlara yiyələnəcəklər.
Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının (magistratura) nəticələri və Corc Vaşinqton Universitetinin seçimi əsasında aparılır. Müsabiqədə “Təhsil ixtisasları”, “Humanitar və sosial ixtisaslar”, “İqtisadiyyat və idarəetmə ixtisasları” və “Təbiət” ixtisaslarından hər hansı birinə aid bakalavriat səviyyəsi üzrə ali təhsil sənədi olan şəxslər iştirak edə bilərlər.
Daha ətraflı məlumat üçün: https://adpu.edu.az/images/PDF/ASPU-GWU_2021_3.pdf