64800 şagird imtahan verəcək


Dövlət İmtahan Mərkəzi iyunun 21-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.  Ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur. Onlardan 37029-u IX, 27771 nəfəri isə  XI sinif məzunudur.

 

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

 

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanacaq. IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb. İmtahanda 37029 nəfər (Bakıda 32652, Şirvanda 882, Naxçıvan Muxtar Respublikasında 3495) 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

 

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün də 80 imtahan binası ayrılıb. İmtahanda 27771 nəfər (Bakıda 23978, Şirvan 776, Naxçıvan Muxtar Respublikasında 3017) 11-ci sinif şagirdinin iştirakı gözlənilir.

 

İmtahanların idarə olunmasına  241 imtahan rəhbəri, 2939 nəzarətçi-müəllim ayrılıb. İmtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib.