Əsas qəhrəmanı Bakı məktəbliləri olan ilk forum
“Nizami” Kino Mərkəzi məktəblilər üçün ayrılıb. Bakının hər yerindən şagirdlər gəlib. Bu gün onların - Bakı məktəblilərinin günüdür. Toplanma səbəblərinə gəlincə, forum keçirirlər.
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində baş tutan tədbirlərdən biri olsa da, məktəbin və məktəblinin həyatında bir ilkdir.
Daimi olması, hər il keçirilməsi diləyi ilə başladı. İstedadlı şagirdlərlə aparılan işin əhatə dairəsini genişləndirmək, gənc nəslin düzgün istiqamətdə formalaşmasına töhfə vermək, onların intellektual inkişafını diqqət mərkəzində saxlamaq, istedad və qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə təşkil edildi. Təşkilatçısı isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) idi.
Əsas qəhrəmanlar məktəblilərdir
Bu tədbirin iştirakçıları da, əsas qəhrəmanları da məktəblilərdir. Məktəb həyatı nailiyyətlərlə dolu olan, uğuru uğur dalınca qazanan, elm, bilik, idman, incəsənət, musiqidə olan və bu nailiyyətləri sadəcə istedadlı olduğu üçün deyil, zəhmət çəkdiyi, qətiyyət göstərdiyi üçün əldə edənlərdir. Ancaq qonaqları da var: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, şagird dostları, bir də KİV nümayəndələri.
Foyedə şagirdlərin çəkdiyi rəsmlər sərgilənir. Məktəblilərin əlindən çıxan sənət nümunələri qonaqları valeh edib. Bir baxan dönüb bir də baxır.
Zalda isə yerlər tutulub. Dövlət himninin səsləndirilməsi ilə Forum işə başlayır. Bakı məktəblərinin böyük nailiyyətləri olan şagirdləri səhnəyə çıxıb öz uğur boxçalarını bir-bir açırlar.
Harvard Universitetinin azərbaycanlı tələbəsi
Səhnəyə ilk çıxan İlkin Bayramlı olur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbdə oxuyur. XI sinif şagirdidir. Yüksək bal toplayaraq Harvard Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib. Bakı məktəblisi IELTS, SAT, SAT esse imtahanlarından, “Dünya tarixi” və “2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticə qazandığını deyib. 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır. Əlavə edir ki, Harvard Universiteti onun qazandığı yeganə ali təhsil müəssisəsi deyil. İstedadlı məktəbli topladığı balla Harvarddan əlavə, Amerikanın Kolqeyd, Çexiyanın Çarles, Belçikanın Löven Katolik universitetlərində və Sinqapurun Yale-NUS Kollecində də tam təqaüdlə təhsil almaq şansı qazanıb.
Vokalist hüquqşünas
Zeynəb Quluzadəni artıq çoxumuz tanıyırıq. Onun adını da, səsini də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində eşitdik. Həmin günlərdə hamı ondan danışdı. Olimpiada qalibi həm də ali təhsil müəssisələrinə qəbulda ən yüksək - 700 bal toplayanlardan oldu.
Zeynəb Quluzadə 2016-2017-ci tədris ilində Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə bürünc, 2017-2018-ci tədris ilində isə eyni fənn üzrə qızıl medal qazanıb. Özü də sadəcə bilik yarışında məharətli deyil. Artıq səs yarışında da laureatdır. O, 2018-ci ildə Bakıda keçirilən II Beynəlxalq İncəsənət Olimpiadasında vokal üzrə I yerə layiq görülüb. Musiqiyə, incəsənətə böyük marağı olan zəkalı məktəblimiz yaxşı hüquqşünas olmağı qarşısına məqsəd qoyub. Repetitor köməyi olmadan, məktəbdə aldığı təhsillə 700 bal toplayan məktəbli ali təhsilini də yüksək nəticələrlə tamamlayacağına inanır.
Məlumat üçün qeyd edək ki, Zeynəb Quluzadə ibtidai təhsilini 5 nömrəli tam orta məktəbdə alıb. 2011-ci ildən Texniki-Humanitar Liseydə oxuyur. Dediyinə görə, liseyə qəbul imtahanında yüksək nəticə əldə edərək 5-ci sinfə qəbul olub. Hazırda liseyin XI sinif şagirdidir. Yüksək tədris nailiyyətləri və nümunəvi davranışı ilə fərqlənir.
Gələcəyin kimyagərləri
Turan Bayramlı 291 nömrəli Ekologiya liseyinin X sinif şagirdidir. O da Bakı məktəblərinin istedadı və təfəkkürü ilə seçilən şagirdlərindəndir. 2016-2017-ci ildə İndoneziyada, 2017-2018-ci ildə Niderlandda keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında kimya fənni üzrə III yerə layiq görülüb. Kimya fənninə böyük marağı olduğunu deyən Turan kimyagər yox, cərrah olmaq niyyətindədir.
Əli Əliyev 2007-ci ildə Kimya-Biologiya Təmayüllü Liseyə daxil olub. Hazırda X sinifdə oxuyur. Nümunəvi davranışı və tədris nailiyyətləri ilə fərqlənir. Həm Respublika fənn, həm də beynəlxalq elm olimpiadalarında nailiyyətləri var. Belə ki, 2017-ci ildə Beynəlxalq Elm Olimpiadasında və Moskvada keçirilən Beynəlxalq Meqapolis olimpiadasında bürünc medal qazanıb.
2016-2017-ci tədris ilində Respublika Fənn Olimpiadalarında gümüş, 2017-2018-ci tədris ilində isə qızıl medalın sahibi olub. Kimya fənninə olan marağı o qədər böyükdür ki, gələcəyini də onunla bağlamaq niyyətindədir. Əli kimya mühəndisi olmağı düşünür.
Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərində təhsil alan Ramil Babazadə iradəli, qətiyyətli və əzmkarlığı ilə seçilən şagirdlərdəndir. Görünür, elə bu xüsusiyyətləri onu uğurdan uğura aparır. Əldə etdiyi nailiyyətləri sadalamaqla bitmir. Ramil 2017-ci ildə regional xarakter daşıyan Beynəlxalq Kimya Mendeleyev Olimpiadasında III yeri tutub. 2017-ci ildə Moskvada keçirilən II Beynəlxalq Meqapolislər Olimpiadasında və Tailandda keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında qızıl medala, 2018-ci il iyunun 2-də MM və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin birgə təşəbbüsü ilə “Mənim səsim, mənim hüquqlarım” mövzusundakı tədbirdə “Azərbaycanın gələcəyi” mükafatına layiq görülüb.
2017-2018-ci tədris ilində Respublika fənn olimpiadalarında kimya fənni üzrə qızıl medalın sahibi olub.
Farmokologiya sahəsində kimya üzrə Nobel mükafatı laureatı olmağı arzulayır.
“Intel ISEF” müsabiqəsinin mükafatçıları
ABŞ-da keçirilən “Intel ISEF” müsabiqəsinin mükafatçıları Ceyla və Cavid də səhnəyə çıxır. Onlar bu il ABŞ-da keçirilən “Intel ISEF” müsabiqəsində qalib gələrək 5000 manat məbləğində pul mükafatına layiq görülüblər. Hər ikisi akademik Zərifə Əliyeva adına liseydə təhsil alır.
Ceyla Hüseynzadə IX sinif şagirdidir. Nikbin xarakteri və nümunəvi davranışı ilə fərqlənir. 2018-ci ildə “Sabahın alimləri” müsabiqəsinin qalibi olub. Elə bu qələbəsi ona ABŞ-da keçirilən “Intel ISEF” müsabiqəsində iştirak hüququ qazandırıb.
Psixologiyaya böyük marağı var. Psixoloq olmağı arzulayır.
Cavid Hüseynzadə də akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdidir. Fəal və nümunəvi davranışı ilə fərqlənən şagirdlərdəndir.
2018-ci ildə “Sabahın alimləri” müsabiqəsinin qalibi olub və ABŞ-da keçirilən “Intel ISEF” müsabiqəsinə iştirak hüququ qazanıb.
İKT-yə böyük marağı var. Proqramçı olacaq.
238 nömrəli tam orta məktəbin XI sinif şagirdi Məhəmməd Hacıyev də “Sabahın alimləri”ndəndir. 2017-ci ildə bu müsabiqədə I yerə layiq görülüb və Amerika “Intel ISEF” müsabiqəsində Azərbaycanı təmsil etmək hüququ əldə edib. İstedadı və təfəkkürü ilə fərqlənən Bakı məktəblisi 2017-ci ildə ABŞ-da keçirilən “Benjamin Franklin Trans Otlantik” yay institutunda iştirak edib.
“Gələcək liderlərin mübadiləsi proqramı” çərçivəsində ABŞ-da FLEX təqaüdü ilə birillik təhsil almaq hüququ qazanıb.
İKT-yə böyük marağı var. Menecment üzrə təhsil almaq istəyir.
Kompüter mühəndisləri
Rafael Səddatimov 27 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. İstedadı və təfəkkürü ilə seçilir. 2016-cı ildə “Sabahın alimləri” respublika müsabiqəsində III yeri tutub. 2016-2017-ci tədris ilində Respublika fənn olimpiadalarında informatika fənni üzrə gümüş, 2017-2018-ci tədris ilində isə həmin fənn üzrə qızıl medalın sahibi olub.
İKT-yə böyük marağı olduğundan kompüter mühəndisi olmağı hədəfləyib.
Ziya Muxtarov akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdidir. 2017-ci ildə Rusiyada keçirilən ION-Beynəlxalq Meqapolislər Olimpiadasında informatika fənni üzrə III yerə layiq görülüb.
2017-ci ildə Türkiyədə keçirilən YSK IOI -Yeni Sistemli Kollecin Beynəlxalq İnformatika Olimpiadasında II yerə layiq görülüb.
İnformatika fənnini sevdiyini deyir. Ali məktəblərə qəbul imtahanında maksimum nəticəni toplamaq isə əsas arzusudur.
Gələcəyin Nobel mükafatçısı
Reyhan Camalova səhnədədir. Bir müddət öncə qazandığı uğurundan danışır. Hansı ki, onun bu nailiyyətindən nəinki Azərbaycan, bütün dünya danışdı. “İstək” liseyinin ən məşhur şagirdlərindəndir.
2017-ci ildə ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda təşkil olunan “Qlobal Sahibkarlıq Sammiti 2017”-də “Rainergy” layihəsi ilə Azərbaycanı təmsil edib. ABŞ Prezidentinin baş müşaviri və dövlət başçısının qızı İvanka Tramp Reyhanın fəaliyyətini yüksək qiymətləndirib. “Rainergy” qurğusunun tətbiqi üçün artıq sponsor təklifi alıb.
Yeni kəşflər etməyə böyük marağı olan məktəblimiz Nobel mükafatçısı olmağı arzulayır.
“Ən yaxşı təqdimat”ın müəllifi
Aydan Göyüşlü onu qalib edən təqdimatından bir parça səsləndirdi. 18 nömrəli tam orta məktəbin şagirdi Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı keçirilən təqdimat müsabiqəsində I yerə layiq görülüb.
Bakı məktəblərinin çempionları
Təhsildə əsas meyar bilik deyil, həm də idman sahəsində əldə edilən nailiyyətlərdir. Bakı məktəbliləri bu məsələdə də heç kimdən geri qalmaq niyyətində deyil. Səhnəyə çıxan Nahid Ramazanzadə 2012-ci ildə Bakı şəhəri 214 nömrəli tam orta məktəbin I sinfinə qəbul olunanda valideynlərinin ağlına da gəlməzdi ki, bir neçə il sonra o, 29 qızıl medalın sahibi olacaq.
Hazırda VI sinifdə oxuyur. 214 nömrəli tam orta məktəbin istedadı və təfəkkürü ilə seçilən şagirdlərindəndir. 2017-ci ildə Türkiyədə keçirilən karate idman növü üzrə beynəlxalq turnirdə üçqat dünya çempionu olub. Həm ölkə, həm də beynəlxalq səviyyəli yarışlarda ümumilikdə 29 qızıl medal qazanıb.
Nahid olimpiya çempionu olmağı arzulayır.
Turan Ramazanzadə də karate ilə məşğul olur. 214 nömrəli tam orta məktəbin III sinif şagirdidir. Nümunəvi davranışı və tədris nailiyyətləri ilə fərqlənir. Ancaq karate üzrə artıq 30 medalı var. Onlardan 27-si qızıl, 3-ü gümüşdür. Qəti şəkildə bəyan etdi ki, olimpiya çempionu olacaq.
Bakı məktəblərinin daha bir karateçisi Rəvan Bağırovdur. 258 nömrəli tam orta məktəbin X sinif şagirdidir. İstedadı və təfəkkürü, səlis nitqi və sərbəst fikir yürütmək qabiliyyəti ilə seçilir. 2016-cı ildə karate üzrə dünya çempionu, 2017-ci ildə respublika çempionu adını qazanıb. Müxtəlif beynəlxalq turnirlərin qalibidir. Riyaziyyatı da sevdiyini deyir. Gələcəkdə isə pilot olmağı arzulayır.
Yusif Cəfərov 2015-ci ildən Bakı şəhəri 14 nömrəli tam orta məktəbdə təhsil alır. İstedadı və təfəkkürü, səlis nitqi və sərbəst fikir yürütmək qabiliyyəti ilə seçilir.
20-22 aprel 2018-ci il tarixlərində keçirilən karate üzrə IX Dünya Çempionatında erməni rəqibinə qalib gələrək I olub. 2017-ci il dekabrın 15-17 tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən yarışda 2-ci yerə, 28 may Respublika gününə həsr edilmiş, 2018-ci il fevral ayında İranda keçirilən yarışlarda isə 1-ci yerə layiq görülüb. Olimpiya çempionu olmağı arzulayır.
Həsən Əmirzadə 95 nömrəli tam orta məktəbin VI sinif şagirdidir. 2017-ci ildə III Uşaq Paralimpiya İdman Oyunlarında üzgüçülük idman növü üzrə S1/S2 kateqoriyasında III yerə layiq görülüb. Bir idmançı kimi ölkəmizi xarici ölkələrdə təmsil etmək arzusundadır.
249 nömrəli tam orta məktəbin VII sinif şagirdi Aydın Süleymanlı da fəaldır. 5-15 sentyabr 2017-ci il tarixlərində Rumıniyada 12 yaşlılar arasında keçirilən şahmat üzrə yarışda Avropa çempionu adını qazanıb. Arzusu dünya çempionu olmaqdır.
Musiqidə öz sözünü deyənlər
Jalə İslamova Bakı şəhəri 64 nömrəli tam orta məktəbin X sinif şagirdidir. Nümunəvi davranışı və tədris nailiyyətləri ilə fərqlənir.
2016-cı il Yunanıstanda onlayn keçirilən beynəlxalq fortepiano yarışında II yerə, 2016-cı ildə Litvanın Kaunas şəhərində keçirilən beynəlxalq fortepiano yarışında I yerə, 2017-ci ildə İspaniyada keçirilən beynəlxalq fortepiano yarışında II yerə, 2018-ci ildə Peterburqda keçirilən Mariya Yudina adına beynəlxalq fortepiano yarışında isə III yerə layiq görülüb.
Pianoçu olmağı və təhsilini xaricdə davam etdirməyi arzulayır.
Fikrət Əliyev 144 nömrəli tam orta məktəbin V sinif şagirdidir. Nümunəvi və fəaldır.
2017-ci ildə bir-birinin ardınca böyük uğurlar qazanıb. Çexiyada keçirilən Suliko test festivalında mahnı ifasına görə Qran-Pri mükafatına sahib olub. Gürcüstanda keçirilən beynəlxalq müsabiqədə ifa etdiyi mahnı da, M.Maqomayevin 75 illiyinə həsr olunmuş müsabiqədəki ifası da I yerə layiq görülüb. Arzusu musiqi təhsilini başa vurub Azərbaycanı xarici ölkələrdə təmsil etməkdir.
Jalə Mayılova 81 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. Nümunəvi və çalışqan şagirdlərdəndir.
2017-ci ildə Gürcüstanda keçirilən Gənc Pianoçuların VII Beynəlxalq müsabiqəsində I yeri tutub. Prezident təqaüdçüsüdür.
Büdrəməkdən qorxmayanlardandır. Çünki “Uğur əldə etmək üçün büdrəməkdən çəkinmə!” prinsipini əsas tutur.
Gələcəkdə özünün Piano Məktəbinin olmasını istəyir.
Bakı məktəbinin rəssam balası
Ağaxəlil Yunusov 55 nömrəli tam orta məktəbin VI sinif şagirdidir. Məktəbin ictimai tədbirlərində fəal iştirakı ilə fərqlənir. Rəssamlar İttifaqının, Gəncliyə Yardım Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin rəsm müsabiqələrinin dəfələrlə qalibi olub.
Rəsm çəkməyə, incəsənətə böyük marağı var. Rəssam olacaq.
Məktəblilər vahid şagird təşkilatı üçün təhsil nazirinə müraciət etdi
Tədbirin sonunda 214 nömrəli tam orta məktəbin şagirdi Əliməhəmməd Hüseynov Bakı məktəblilərinin təhsil nazirinə müraciətini səsləndirib. Müraciətdə deyilir ki, hər tədris ilinin sonunda növbəti il üçün prioritet istiqamətlər müəyyənləşdirilir: “Zəngin ənənələrin yaşadılması, varislik əlaqəsinin qorunması, şagirdlərin milli-mənəvi dəyərlər əsasında formalaşması üçün məktəblilərin müvafiq birliklərə sahib olması, sistemli və nizamlı inkişaf yolu keçməsi zamanın tələbidir. Qeyd olunan birliklər şagirdlərin hərtərəfli şəxsiyyət kimi inkişafı və ümumi təhsil pilləsindən birbaşa cəmiyyət həyatına daha səmərəli inteqrasiyası baxımından müstəsna əhəmiyyətə malikdir.
Bu gün məktəb həyatının daha fəal və dinamik xarakter aldığını, şagirdlərin layiqli vətəndaş kimi yetişməsindəki əhəmiyyətli rolunu nəzərə alaraq, ümumi təhsil məktəblərində şagirdləri vahid formada birləşdirən təşkilatın yaradılmasına köməklik göstərməyinizi xahiş edirik. Əminik ki, yeni yaradılacaq vahid şagird təşkilatı təhsil sahəsində görülən işlərin məktəblilərin həyatında daha çevik əksini tapmasına və səmərəli məktəb mühitinin formalaşmasına əlavə təkan verəcək”.
Onlar hər bir məktəbli üçün yaradılan şəraitdən düzgün yararlanıblar
Tədbirin sonunda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva da çıxış edib. O, istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, onların həvəsləndirilməsi, yaradıcılığa və elmə maraqlarının artırılması, nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, şagirdlərin məntiqi biliklərinin möhkəmləndirilməsi, onlara beynəlxalq və yerli olimpiadalarda iştirak təcrübəsinin qazanılması baxımından son illərdə əldə olunmuş nailiyyətlərdən bəhs edib.
M.Vəliyeva 2017-2018-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələri şagirdlərinin həm ölkə, həm də beynəlxalq səviyyəli müsabiqələrdə böyük nailiyyətlər qazanmasının qürurverici olduğunu bildirib. İdarə müdiri bundan sonra da bu istiqamətdəki uğurların davamlı olacağını, paytaxt məktəblilərinin bütün sahələrdə ölkəmizi layiqincə təmsil edəcəyinə əminliyini söyləyib: “Bu gün məktəblilərin I forumunda öz uğur hekayələrini paylaşanlar hamıya nümunə oldular. Onlar hər bir məktəbli üçün yaradılan şəraitdən düzgün yararlanaraq böyük nailiyyətə imza atıblar. Əminəm ki, onları nümunə göstərdiyimiz məktəblilərimiz də növbəti dərs ilində öz uğurları ilə bizi sevindirəcəklər”.
İdarə müdiri qeyd edib ki, bugünkü Forumu Bakı məktəblilərinin tədris ilinin yekun hesabat tədbiri kimi də dəyərləndirmək olar.
Daha sonra məktəblilərin ifasında Forumun himni səsləndirilib.
Bakı məktəblilərinin I Forumunda şagirdlər tərəfindən zəngin ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, mahnılar və rəqslər ifa olunub.
Tədbirdə ümummilli lider Heydər Əliyev və ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət və xalq üçün göstərdiyi xidmətlərdən, eləcə də elm, təhsil, idman, incəsənət və digər sahələr üzrə yüksək nailiyyətlər qazanmış şagirdlərin uğurlarından bəhs edən videoçarxlar nümayiş olunub.
Sonda Forum iştirakçıları qonaqlarla xatirə şəkli çəkdirib.
Uğur da paylaşdıqca çoxalır
Beləliklə, Bakı məktəblilərinin ilk forumu uğurla keçirildi. “Sevinc paylaşdıqca çoxalır” deyiminə inananlar qələbəsini, uğurunu, nailiyyətini paylaşaraq çoxaldacaq.
Azərbaycan məktəbliləri, uğurlarınız davamlı, nailiyyətləriniz bol olsun.
Ruhiyyə DAŞSALAHLI