Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında əməkdaşlığın davam etdirilməsi barədə niyyət sənədi imzalanıb


Son illərdə Azərbaycanın bütün sahələrdə inkişafı nəticəsində dünyanın bir çox tanınmış şirkətlərinin ölkəmizlə əməkdaşlıqda maraqlı olmasının hər birimiz şahidiyik. Artıq 15 ildən çoxdur ki, ölkəmizdə bir sıra dövlət qurumları ilə  səmərəli əlaqələri olan “Microsoft” şirkətinin  Azərbaycanda təhsil siyasətini uğurla həyata keçirən Təhsil Nazirliyi ilə işgüzar əməkdaşlığı da  bu gün təhsilimizin daha modern, müasir dövrün çağırışlarına cavab verə biləcək səviyyədə inkişaf etdiyini deməyə əsas verir. Dünyanın ən böyük İT korporasyalarından olan “Microsoft” qeyd etdiyimiz kimi artıq neçə illərdir ki, Təhsil Nazirliyinin ən etibarlı tərəfdaşlarından  biri hesab olunur.

 

Təsadüfi deyil ki, 16 iyun 2020-ci il tarixində “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Luize Linde, eləcə də “Microsoft” şirkətinin digər nümayəndələri arasında  keçirilən  videokonfransda  ölkəmizin “Microsoft”la informasiya texnologiyalarının təhsildə tətbiq edilməsi ilə bağlı perspektivlərə də xüsusi toxunulub. Dövlət başçısı İlham Əliyev bildirib ki, hazırda Azərbaycanda rəqəmsal transformasiya üzrə hökumət strategiyası üzərində işlənir və bu məsələdə ölkəmizin “Microsoft”la yaxşı əməkdaşlıq edə biləcəyinə ümidvardır. Prezident bu proqramın növbəti 5 il üçün planlaşdırıldığını deyib: “Eyni zamanda, süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlər də bizim gündəliyimizdədir.   ...Əlbəttə, mən icra olunmuş layihələrin siyahısına baxdım. Aramızdakı əməkdaşlıq çox təsirləndiricidir və əminəm ki, bu, qarşıdakı illərdə tərəfdaşlığımızı gücləndirəcək. Həmçinin pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq”. Şirkətin vitse-prezidenti Filip Roq təhsil mövzusundan bəhs edilərkən “Microsoft”un Azərbaycanın təxminən 1 milyon tələbəsi üçün əlaqə qura bildiyini söyləyib.

 

Bəli, həmin videokonfransda aparılan müzakirələrdən də aydın oldu ki, 15 ildən çoxdur Azərbaycanla əməkdaşlıq edən “Microsoft” şirkəti ölkəmizlə iş birliyini qarşıdakı illərdə daha da gücləndirmək niyyətindədir. Çünki hər iki tərəf  tərəfdaşlığın böyük potensialının olması qənaətindədir ki, bu da  tərəflər üçün yaxşı perspektivlər açır.

 

Təhsil Nazirliyi ilə məhsuldar iş birliyi

 

Təhsil Nazirliyi ilə məhsuldar iş  birliyi olan “Microsoft” şirkətinin ölkəmizin təhsil sahəsində gördyü işlər, reallaşdırdığı  layihələr onun fəaliyyətinin prioritet istiqamətlərindəndir. Uzunillik tarixi olan bu işbirliyi ilk vaxtlarda “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na və Təhsil Nazirliyinin “Microsoft” şirkəti ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığına uyğun olaraq qurulsa da  sonralar onun fəaliyyəti daha da genişləndi. Bu nüfuzlu  şirkət tərəfdaşları ilə birgə müəllim və şagirdlər üçün yeni imkanlar yaratmaq, təhsili daha da təkmilləşdirmək üçün “İnnovativ müəllimlər”, “İnnovativ tələbələr”, eləcə də “İnnovativ məktəblər” layihələrini həyata keçirib. Təhsil Nazirliyinin şirkətlə əməkdaşlığı  çərçivəsində orta məktəblərə verilmiş kompüterlərin lisenziyalaşdırılmış proqramla təminatı, müəllimlərin beynəlxalq səviyyəli forum və digər tədbirlərdə iştirakı təmin olunub,  “Xalq kompüteri”  layihəsi ilə bağlı müvafiq işlər görülüb.

 

Artıq ali təhsil müəssisələrinin tələbə və müəllimləri “Microsoft”un lisenziyalı proqramlarından istifadə edir, ali təhsil ocaqlarımızda  şirkətin informasiya resursları təhsil proqramına inteqrasiyasının təkmilləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan tələbələrimiz “Microsoft Azerbaijan” şirkətinin “Imagine Academy” proqramının fəal üzvü olmaqla İKT sahəsində bilik və bacarıqlarını da  yüksək səviyyədə formalaşdırııblar.

 

“Microsoft” şirkəti tərəfindən  dünyada təbliq edilən və müəllimlər üçün nəzərdə tutulmuş “Həmkara dəstək” proqramı da ölkəmizdə Təhsil Nazirliyi ilə səmərəli əməkdaşlığın sayəsində  uğurla reallaşdırılıb. Müəllimlərin informasiya kommunikasiya texnologiyaları vasitəsilə peşəkarlıq səviyyəsinin artırılmasına yönələn  “Həmkara dəstək” proqramı məktəblərdə fəal müəllimlərin təlimçi rolunu yerinə yetirməsi və  həmkarlarına dəstək göstərməsi məqsədi ilə yeni bilik və bacarıqlarının daha da təkmilləşdirilməsində yardımçı olub. Adıçəkilən proqram  şagirdləri gələcəyə hazırlamaq məqsədi ilə texnologiyalarla zəngin effektiv təhsilə cəlb edilməsi, XXI əsr bacarıqlarının təhsilə tətbiqinin dəstəklənməsi, məktəblərin peşəkar inkişaflarını və öz tələbatlarını təmin etmək məqsədi ilə resursların yaradılmasında mühüm rol oynayıb.

 

Fəaliyyət istiqamətləri genişləndirilib

 

“Microsoft” şirkəti rəqabətədavamlı milli innovasiya sisteminin formalaşmasında, cəmiyyətin innovativ səviyyəsinin yüksəldilməsi istiqamətində Təhsil Nazirliyinin dəstəyi və müxtəlif qurumların iştirakı ilə  son illər fəaliyyət istiqamətlərini daha da genişləndirib.  Həyata keçirilən işlərdən bir neçəsini  diqqətə çatdırmaq istərdik. Məsələn, proqram təminatlarının lisenziyalaşdırılması sayəsində “Microsoft Azerbaijan “ şirkəti ilə Təhsil Nazirliyi arasında bağlanmış 3 illik sazişə əsasən təhsil müəssisələrində yerləşən 50.000 ədəd kompüter avadanlığında istifadə edilə biləcək “Microsoft” proqram təminatı lisenziyaları alınmışdır.

 

İnnovasiya sahəsində yeni perspektivlərə təkan verən layihələrdən biri də “Microsoft Imagine Cup” müsabiqəsidir.Qeyd edək ki, ötən il 5 nəfərlik şagird komandamız “Imagine Cup Junior”  virtual süni intellekt hakatonunda II yerə layiq görülüb.

 

“Microsoft” şirkətinin  formalaşdırdığı və Azərbaycanın da iştirak etdiyi “Rəqəmsal transformasiya üzrə dünyanın lider ölkələri” koalisiyası isə aparıcı ölkələrin texnologiya liderləri ilə təcrübə mübadiləsi əsasında rəqəmsal transformasiyanın daha effektiv və səmərəli olmasına dəstək olur.

 

Digər həyata keçirilən işlərdən biri İKT üzrə fənlərin tədris proqramlarının təhlili ilə bağlıdır. Belə ki, ali təhsilin bakalavriat və magistr səviyyələrində tədris olunan İKT üzrə fənlərin məzmunu, tədris proqramları və metodikasının “Microsoft” beynəlxalq təhsil proqramları əsasında yenilənməsi, qeyd olunan fənlər üzrə müəllimlərinin peşəkarlıq səviyyələrinin təkmilləşdirilməsi, müəllim və tələbələrin beynəlxalq sertifikasiyadan keçirilməsi istiqamətində mövcud vəziyyət təhlil edilərək  bununla əlaqədar  yeni təkliflər hazırlanmışdır.

 

Digər bir layihə “Microsoft  Innovative Educator  Expert -MIE Expert” (“Microsoft”-un innovativ ekspert  müəllimi)  proqramıdır. “MIE Expert”   “Microsoft” şirkəti tərəfindən hazırlanmış təhsilin transformasiyası üçün texnologiyalardan istifadə edən dünyanın qabaqcıl müəllimlərini bir araya gətirən proqramdır. Və sevindirici haldır ki, ötən il “Virtual məktəb”də tədris aparan 15 azərbaycanlı müəllim “MIE Expert” adına layiq görülüb.

 

“Microsoft” şirkəti tərəfindən yüksək qiymətləndirilən Azərbaycanın “Virtual məktəb”i

 

Və “Microsoft”la Təhsil Nazirliyinin əməkdaşlığı  çərçivəsində hazırda uğurla tətbiq edilən “Virtual məktəb” layihəsi...

 

Bir ildir ki,  insanların sağlamlığını təhdid altına alan, dünya iqtisadiyyatına ciddi zərbələr vuran COVID-19  təhlükəsi əfsuslar olsun ki, təhsil sahəsindən də yan keçmədi. Koronovirus pandemiyasına görə həyatımızın bütün sahələrində yaşanan müvəqqəti durğunluq tədris prosesinə də öz mənfi təsirini göstərdi. Məhz o dönəmdə Təhsil Nazirliyi  və “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Virtual məktəb”  layihəsi  təhsillə bağlı yaranan çətinliklərin dəf edilməsində, çətin vəziyyətdən çıxmaq üçün uğurlu və zamanında atılmış addım oldu.

 

Bu layihə ümumtəhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədini daşıyır. Onu da qeyd edək ki, şagird və müəllimlərin rahatlıqla qeydiyyatdan keçərək elmi biliklər, qiymətləndirmə və onlayn dərslərə çıxışını təmin edən “Teams” bazası üzərində qurulmuş “Virtual məktəb” layihəsi ölkənin ən iri milli onlayn platformasıdır. “Microsoft Teams” platformasından istifadə təlim-tədris prosesinin məsafədən təşkilinin təmin edilməsində əhəmiyyətli rol oynadı.

 

Çox qısa zamanda “Virtual məktəb”in əhatə dairəsi genişləndi. Belə ki, ölkədə innovativ öyrənmə metodlarının təhsilə sürətli inteqrasiyasına yol açan platformada  2021-ci il 10-16 yanvar tarixləri üzrə qeydiyyatdan keçmiş şagirdlərin sayı 1442203, müəllimlərin sayı 128132, aktiv istifadəçi sayı 1 170528, həftə ərzində platformada keçirilmiş dərslərin sayı  6278106 təşkil edib. Artıq 830 min nəfər “Microsoft Teams” platformasını Azərbaycan dilindəki interfeys ilə istifadə edir.

 

Təsadüfi deyil ki, “Microsoft” şirkətinin internet saytında dərc olunan məqalədə  Azərbaycanın “Virtual məktəb” platformasının məktəbəqədər və ümumi təhsil pillələri üzrə təhsil alan şagirdlərin öyrənmə prosesini təmin etdiyi xüsusi qeyd edilib. Azərbaycan təcrübəsinin yüksək dəyərləndirildiyi bu məqalədə təhsildə innovativ texnologiyaların tətbiqi və data əsaslı təhsilin gələcək perspektivləri yüksək qiymətləndirilib.

 

Məqalədə qeyd edilib ki, Təhsil Nazirliyi sözügedən onlayn təhsil platforması ilə pandemiya dövründə ölkədə 1,3 milyondan çox şagird üçün keyfiyyətli təhsilin əlçatanlığını təmin edib. “Microsoft Teams” platforması ilə təlim prosesinin bütün mərhələləri onlayn formada təşkil olunur, “Power BI” texnologiyası ilə statistik məlumatların təhlili aparılır və nəzarət mexanizmləri tətbiq edilir. Bu imkanlar zamanla tədris metodologiyalarını müasir tələblərə uyğun təkmilləşdirməyə şərait yaradır. Eyni zamanda, şagirdləri istənilən zaman və məkanda fərdi təhsil məzmununa çıxış imkanı ilə təmin edir. “Microsoft Teams” əsasında ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil pillələri üzrə təqdim olunan “Virtual məktəb” platforması ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açıb.

 

Əməkdaşlığın gələcək perspektivləri

 

Təhsil Nazirliyi ilə “Microsoft” şirkətinin  işgüzar əməkdaşlığının  gələcək perspektivləri də artıq müəyyənləşdirilib. Bu ilin  martın 3-də Təhsil Nazirliyi və “Microsoft” şirkəti arasında keçirilmiş onlayn tədbirdə birgə təhsil layihələri üzrə əməkdaşlığın davam etdirilməsi barədə niyyət sənədi imzalanıb. Təhsil naziri Emin Əmrullayev və “Microsoft” korporasiyasının vitse-prezidenti Anthony Salcito tərəfindən imzalanan sənədin məqsədi tərəflər arasında təhsil sahəsində əməkdaşlığı genişləndirmək və birgə innovativ layihələrin icrasını təmin etməkdir.

 

Niyyət sənədi çərçivəsində 4 istiqamət üzrə birgə fəaliyyətin aparılması nəzərdə tutulub. Belə ki, “Təhsildə rəqəmsal liderlik və siyasətin formalaşdırılması” istiqaməti üzrə birgə fəaliyyətə təhsilin rəqəmsal transformasiyası istiqamətində ümumtəhsil və ali təhsil sahələrində strateji əməkdaşlıq, Təhsil Nazirliyinin informasiya sistemləri və elektron xidmətlərin təkmilləşdirilməsi, həmçinin “Microsoft” korporasiyasının  formalaşdırdığı “Rəqəmsal transformasiya üzrə dünyanın lider ölkələri” koalisiyasında Azərbaycanın iştirakı daxildir. Tərəflər eyni zamanda  “Microsoft” təhsil proqramlarının tətbiq olunduğu nümunəvi məktəbin qurulması üzrə əməkdaşlıq etməyə razılıq əldə ediblər. “Tədris və öyrənmə” istiqaməti üzrə əməkdaşlıq nəticələrinə əsaslanan şagird mərkəzli öyrənmə, tədrisdə fərdi yanaşma, XXI əsr bacarıqları, gələcəyin müəllim modeli və analitik düşüncənin formalaşması üzrə birgə fəaliyyəti əhatə edir. Tərəflər pedaqoji ixtisas üzrə təhsil alan tələbələrin işə qəbuldan əvvəl texnoloji biliklərinin artırılması üçün xüsusi proqramların tətbiqini planlaşdırırlar. Eyni zamanda, bütün təhsil pillələri üzrə sənaye məzmununun və sertifikasiyanın tədrisə tətbiqi üzrə əməkdaşlıq ediləcək. “Rəqəmsal mühitin formalaşdırılması” istiqaməti  bulud texnologiyaları və təhlükəsiz proqram təminatlarının bütün təhsil pillələri üzrə tətbiqini nəzərdə tutur. Qeyd olunan istiqamət üzrə xüsusi yer tutan fəaliyyətlər “Microsoft” süni intellektin Azərbaycan dilini tanıması və təhsildə qərarvermənin təkmilləşdirilməsi üçün yeni nəsil təhlil alətlərinin tətbiqi üzrə birgə əməkdaşlığın qurulmasıdır. “Təhsilalan və məktəbin uğuru” istiqaməti üzrə isə “Microsoft” korporasiyasının STEAM üzrə məzmunun inteqrasiyası, istənilən məkan, zaman və tempdə təhsilverənlərin texnologiyalar üzrə ixtisaslarının artırılması və sertifikatlaşdırması, yenilikçi fikirlərin, texniki həllərin yerli və beynəlxalq mühitdə təqdimatı, innovativ ekspert modelləri üzrə təhsil almaq imkanlarını özündə ehtiva edir.

 

Samirə KƏRİMOVA