Yelizaveta Ponarina: “Müasir dövrdə dinamik inkişaf edən elm, elmi tədqiqatlar haqqında yazmaq elə də asan deyil”
İyunun 12-də AMEA Mərkəzi Elmi Kitabxanasının konfrans zalında Rusiya Elmlər Akademiyasının mətbu orqanı olan “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görüş keçirilib. Məqsəd “Poisk” qəzetinin fəaliyyəti, elmin populyarlaşdırılması və təbliğində KİV-in rolu, elmi jurnalistlərin peşəkarlaşdırılması və s. istiqamətdə görülən işlərlə bağlı bilik və təcrübə mübadiləsinin aparılması olub.
AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin təşkilatçılığı ilə keçirilən görüşdə AMEA-nın institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələrinin əməkdaşları iştirak ediblər.
Tədbiri açan idarə rəisi Zülfüqar Fərzəliyev elmin populyarlaşdırılması və təbliği sahəsində beynəlxalq təcrübənin öyrənilməsinin önəmliyini qeyd edərək Akademiyanın fəaliyyəti ilə bağlı informasiyaların mütəmadi olaraq xarici qəzet və jurnallarda, elektron KİV-də də işıqlandırılmasının Azərbaycan elminin dünyada təbliğində mühüm rol oynadığını bildirdi. AMEA-nın “Poisk” qəzeti ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən Z.Fərzəliyev mətbu orqanda mütəmadi olaraq Azərbaycan elmi haqqında silsilə materialların yer aldığını deyib.
.
Yelizaveta Ponarina çıxışında 30 ilə yaxın tarixi olan “Poisk” qəzetinin fəaliyyəti haqqında geniş məlumat verib. Hər bir sahədə olduğu kimi, elmi jurnalistikanın da öz xüsusiyyətləri, qaydaları və yaradıcılıq sirləri olduğunu qeyd edən məruzəçi keyfiyyətli materialların ərsəyə gəlməsində zəruri olan məqamlardan söz açıb. Elmi jurnalistlərlə alimlər arasında dialoqun uğurlu alınmasında vacib olan məqamlara toxunan Y.Ponarina bildirib ki, müasir dövrdə dinamik inkişaf edən elm, elmi tədqiqatlar haqqında yazmaq elə də asan deyil: “ Qələm əhli ilk növbədə öz biliklərini fasiləsiz olaraq artırmalı, elmin müasir problemlərindən xəbərdar olmalı, laboratoriyalarda daha çox vaxt keçirməli, alimlərlə tez-tez ünsiyyətdə olmalı, onların fəaliyyəti ilə maraqlanmalıdır. Həmçinin konfrans və seminarlarda iştirak etməlidir”. Onun sözlərinə görə, jurnalist istənilən mövzu üzrə eyni keyfiyyətdə yazmağı bacarmalıdır, əks halda dinamik inkişaf edən elmlə ayaqlaşa bilməz: “Əsasən də elmin ən müasir və mürəkkəb problemləri üzrə mütəmadi olaraq elmi-populyar ədəbiyyat oxumaq, daha çox mütaliə etmək lazımdır.
Y. Ponarinanın bildirdiyinə görə, elmi jurnalist statusuna malik olmaq istəyən iddialı tərəfin informasiya duyumu, zəngin dünyagörüşü, intellektual bazası olmalı, yazıb-yaratmaq istəyi, həvəs və marağı sərhəd tanımamalıdır.
Sonra baş redaktor müavini verilən çoxsaylı sualları cavablandırıb.