Dövlət Gömrük Komitəsi Akademiyasının IV kurs tələbələri komitənin struktur bölmələrində 14 həftəlik istehsalat təcrübəsinə başlayıblar.
Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov təcrübəyə gedəcək tələbələr və onların təcrübə rəhbərləri ilə görüşüb. Q.Novruzov son illərdə gömrük sahəsində aparılan islahatlardan, eləcə də akademiyada keçirilən beynəlxalq tədbirlərdən danışıb.
O, tələbələrin yüksək bilik və bacarıqlarının formalaşması üçün akademiyada lazımi avadanlıq və şəraitin olduğunu bildirib, nəzəri fənləri uğurla bitirmiş İqtisadiyyat və Hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələrinə gömrük sahəsində praktiki bilikləri əldə etmələri üçün bu təcrübənin önəmli bir fürsət olduğunu qeyd edib.
Akademiya rəisi Dövlət Gömrük Komitəsinin struktur bölmələrində təcrübə zamanı tələbələrin əldə edəcəkləri biliklərlə buraxılış işlərini zənginləşdirəcəklərini də deyib.
Q.Novruzov istehsalat təcrübəsinin dörd illik təhsilin sonuncu və çox önəmli bir mərhələsi olduğunu vurğulayıb, tələbələrə uğurlar arzulayıb.
Qeyd edək ki, İqtisadiyyat və Hüquqşünaslıq ixtisası üzrə IV kurs tələbələri akademiyanın müvafiq tədris planlarına əsasən, bütün dərsləri uğurla başa çatdırıb və ixtisasları üzrə gömrük sahəsi ilə əlaqəli buraxılış işi mövzuları seçiblər. Tələbələrin tədqiqat mövzularına müvafiq olaraq Dövlət Gömrük Komitəsinin müvafiq struktur bölmələrində istehsalat təcrübəsi keçmələri uyğun görülüb.
Bu barədə Gömrük Akademiyasından bildirilib.