“eTwinning Plus” layihəsi çərçivəsində Türkiyə və Azərbaycanın iştirakı ilə tədbir keçirilib
“eTwinning Plus” layihəsi çərçivəsində Türkiyə-Azərbaycan təhsil nümayəndələrinin birgə təşkilatçılığı ilə “Qarabağdan-Ədirnəyə könül körpüsü” mövzusunda onlayn tədbir keçirilib. Tədbirə hər iki ölkənin müəllim heyəti, məktəbliləri və ictimaiyyət nümayəndələri qatılıb.
Layihənin məqsədi öz zənginliyi və tarixi ənənələri ilə seçilən Qarabağ və Ədirnənin mədəni, tarixi irsinin, milli-mənəvi dəyərlərinin, təbiətinin, böyük qəhrəmanlıq yolu keçən türk soyunun gənc nəslə tanıdılması, qardaş ölkələr arasında gənclərin birliyinin möhkəmləndirilməsinə nail olmaqdır.
Tədbirdə millət vəkili Fazil Mustafa, Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri Günay Ağamalı, “eTwinning Plus” layihəsinin Azərbaycan üzrə koordinatorunun köməkçisi Natəvan Bədəlova, Ədirnə Şəhər Təhsil İdarəsinin müdiri Dr.Öndər Arpacı, Ədirnə Şəhər Mədəniyyət və Turizm İdarəsinin müdiri Kamal Soytürk, Çorum Şəhər Təhsil İdarəsinin müdiri Yaqub Sarı , müəllim və şagirdlər çıxış ediblər.
Çıxış edənlər qardaş ölkələrin mədəniyyətləri, tarixləri ilə bağlı məlumatları paylaşıb, fikir mübadiləsi aparıblar. Vebinarda bildirilib ki, bu layihə Ədirnə və Qarabağın təbiətinə, mədəniyyətinə, tarixinə xas dəyərləri əks etdirən mövzularla davam edəcək.
Belə ki, Qarabağ müharibəsində, Ədirnədə baş verən savaşlarda şəhid olanların qəhrəmanlıq hekayələri, “Ədirnə qırmızısı” adı ilə tanınan rəngin əldə edilməsində xam maddə kimi istifadə olunan “Rubia Tinctorum” bitkisi, Qarabağın rəmzi sayılan “Xarıbülbül” gülünün hekayəsi, Qarabağ atları ilə bağlı mövzuları əhatə edən birgə görüşlərin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, “Qarabağdan-Ədirnəyə könül körpüsü” layihəsinin müəllifi Bakı şəhəri 36 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Bağıyevadır.
“eTwinning Plus” layihəsi Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının “eTwinning” layihəsinin tərkib hissəsidir. Azərbaycan 2013-cü ildən etibarən bu layihədə iştirak edir. Layihə müəllimlərə pedaqoji bacarıqlarının artırılması istiqamətində beynəlxalq səviyyəli təlim və kurslarda iştirak, müəllimlərə və şagirdlərə təhsil müəssisəsini tərk etmədən onlayn şəkildə avropalı həmkarları ilə ortaq layihələrdə yeni bilik və bacarıqları səmərəli yolla əldə etmək, həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq imkanı yaradır.
“eTwinning Plus” layihəsində iştirak etmək üçün məktəblərin qeydiyyatını Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması idarəsi həyata keçirir.
Gülnarə İlham