Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən 21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş onlayn tədbir keçirilib.

 

Tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, millət vəkili, akademik Nizami Cəfərov, xalq artistləri Nurəddin Mehdixanlı və Ofelya Sənani, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Beynəlxalq Ana Dili Gününün hər kəs üçün vacib və əhəmiyyətli bir gün olduğunu söyləyib. İdarə müdiri bildirib ki, dil hər bir millətin mənəvi irsini yaşadan və inkişaf etdirən ən mühüm vasitədir. Hər bir insan ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı və tarixi kökləri barədə danışan M.Vəliyeva həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin normalarına riayət etməyin hər kəsin mənəvi borcu olduğunu diqqətə çatdırıb.

 

Çıxış edən millət vəkili, akademik Nizami Cəfərov, xalq artistləri Nurəddin Mehdixanlı və Ofelya Sənani bu günün əhəmiyyətindən, ana dilinin keşiyində durub tərəqqisi üçün çalışmağın vacibliyindən bəhs ediblər. Ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərə ana dilini sevdirən müəllimlərin zəhmətini yüksək dəyərləndirən qonaqlar məktəblərin fəaliyyətinə hər zaman ictimai dəstək verməyə hazır olduqlarını bildiriblər.

 

Görüşdə şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.