2018-2019-cu tədris ili üçün Bakı şəhərində uşaqların 75 faizi məktəbəhazırlıq qruplarına cəlb olunacaq. Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirib. Ancaq gələcəkdə bunu bütün məktəblərdə həyata keçirə bilməyəcəklərini də vurğulayıb: “Bəzi məktəblərdə sıxlığın olması, məktəblərin iki növbəli fəaliyyət göstərməsi buna imkan vermir”.
M.Vəliyeva Bakı məktəblərində müşahidə edilən şagird sıxlığı məsələsinin həlli ilə bağlı görülən tədbirlərə toxunaraq deyib ki, birinci sinfə qəbul məsələsində ərazi prinsipinin tətbiq olunması bir çox halda şagird sıxlığının qarşısının alınmasına şərait yaradır: “Bəzən valideyinlər evlərinin yaxınlığındakına deyil, uşağı arzu etdikləri məktəbə qoymaqla bağlı müraciət edirlər. Bizim yanaşmamız budur ki, əvvəlcə məktəbin ərazisində yaşayan uşaqlar həmin məktəbdə təhsilə cəlb olunmalıdır. Vakant yerlər qaldığı təqdirdə, valideyinlərin istək və arzuları nəzərə alınmaqla onların da uşaqları məktəbə yerləşdirilə bilər".
M.Vəliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin yalnız 10 faizində şagird sıxlığının müşahidə olunduğunu bildirib: “Bizim qənaətimizə görə, bu sıxlıq 31 məktəbdə var. Bəzi ərazilərdə yeni məktəblərin tikilməsi sayəsində bu problemin həllinə nail ola biləcəyik”.
 
 
Ruhiyyə Daşsalahlı