Azərbaycan-Fransız Universitetində (UFAZ) yeni yaradılan Tədqiqat Departamentinin fəaliyyət istiqamətlərinə dair tanışlıq görüşü keçirilib.
UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov həm təhsil müəssisəsi, həm də bütövlükdə Azərbaycan üçün belə bir Tədqiqat şöbəsinin fəaliyyətə başlamasını təqdirəlayiq qiymətləndirib. Bildirib ki, yeni şöbəyə rəhbərliyi dünya şöhrətli alim, Strasburq Universitetinin professoru Philippe Turek həyata keçirəcək və şöbə alimlə gələcək tədqiqatçıların arasında elmi əlaqələrin sıx qurulmasına öz töhfəsini verəcək.
İclasda iştirak edən, universitetdə baş elmi işçi kimi yeni vəzifəsinə başlayan P.Turek şöbənin tədqiqat potensialının necə artırılmasından, araşdırma üçün büdcənin səmərəli idarə olunmasından, tədqiqat istiqamətində komanda işinin vacibliyindən bəhs edib, verilən sualları cavablandırıb.
İclasda UFAZ-ın Tədqiqat Departamentinin Yol Xəritəsi geniş müzakirə olunub.
Tədbirdə UFAZ-ın daimi və yerli müəllimləri iştirak ediblər.
Bu barədə UFAZ-dan bildirilib.