İki universitet arasında əməkdaşlıq müqaviləsi imzalanacaq
İyunun 11-də Çin Xalq Respublikasının Şanxay Universitetinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
Görüşdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov universitet haqqında qonaqlara ətraflı məlumat verib və əməkdaşlıq üçün potensial imkanlardan danışıb. Prorektor bildirib ki, Azərbaycanın 5 qabaqcıl universitetindən biri olan AzTU-nun 200-dən artıq xarici universitetlə əməkdaşlıq əlaqəsi mövcuddur.
Çinin böyük sənaye ölkəsi olmasına diqqət çəkən professor Sübhan Namazov AzTU ilə Şanxay Universiteti arasında əməkdaşlıq üçün böyük potensial olduğunu vurğulayıb. O, eyni zamanda AzTU-da təhsil alan çinli tələbələrdən, onların tədris mühitlərinin və sosial şəraitlərinin yaxşılaşdırılması üçün görülən işlərdən danışıb.
Sonra Şanxay Universitetinin məsul işçisi Li Wei təmsil etdiyi universitet haqqında geniş məlumat verib. Li Wei bildirib ki, AzTU-nun fakültələri ilə Şanxay Universitetinin bəzi fakültələrinin ixtisaslarının eyni olması əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Buna misal olaraq qonaq, hər iki universitetdə metallurgiya və kompüter elmlərinin daha geniş tədris edilməsinə diqqət çəkib.
Müzakirələrdə əməkdaşlıq çərçivəsində profil sahələr üzrə birgə elmi-tədqiqat işlərinin, nəşrlərin, konfransların, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi planlaşdırılıb.
Görüşdə əməkdaşlıq çərçivəsində görüləcək işlər müzakirə olunub və yaxın zamanda bağlanacaq əməkdaşlıq müqaviləsinin ilkin razılığı əldə edilib.