“Dərs vaxtı”nın teledərsləri bu dəfə onlar üçün hazırlandı...
Hər zaman kameraların arxasında olan “Dərs vaxtı” layihəsinin yaradıcı heyəti bu dəfə məhz ONLAR üçün efirə çıxdı. Kameranın önünə keçərək televiziya ekranlarından ONLARa səsləndilər:” Yaxın əyləşin. Eşitmədə çətinlik öyrənməyə əngəl deyil”.
Bəli, ekranın o üzündə olanlar əlləri, mimika və jestləri ilə daha həssas və qayğı tələb olunan şagirdlərimizi teledərsə dəvət edirdi.
Fikrimizcə, təhsilin, tədrisin həqiqi mənasında əlçatanlığı da məhz budur: “Yaşından, hansı şəraitdə böyüməsindən,harada olmasından asılı olmayaraq və xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaq, yeniyetmə və gənclərin də yararlana biləcəyi bir öyrənmə prosesi”. Və artıq neçə illərdir ki, sağlamlıq imkanları məhdud olan uşaqlarla bağlı ölkəmizdə aparılan işləri, dövlət səviyyəsində göstərilən diqqət və qayğının şahidiyik.
“Dərs vaxtı” proqramı çərçivəsində eşitməsində çətinliyi olan uşaqlar üçün teledərslərin başlanılması yaşadığımız pandemiya şəraitində sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin də diqqətdən kənar qalmadığını göstərir. Prosesə pedaqoji metod, üsul və vasitələrdən istifadə edərək eşitmə qavrayışını və nitqi inkişaf etdirən, tələffüzü formalaşdıran surdopedaqoqlar da cəlb olunublar. Artıq fevralın 9-dan Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında efirə gedən “Dərs vaxtı”nda qeyd etdiyimiz kimi eşitməsində çətinliyi olan uşaqlar üçün səs, daktil, mimika və jestlər əsasında hazırlanmış dərslərin yayımına başlanılıb.
Bu teledərslər həssas qrupa aid daha çox şagirdin təhsil almasına yardımçı olacaq
Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Həbib Kərimov bizimlə söhbət zamanı deyir ki, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində 202 zəifeşidən və sonradan karlaşmış uşaqlar, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbində isə 633 anadangəlmə lal-kar şagird təhsil alır. Hər iki təhsil müəssisəsi Bakı şəhərində fəaliyyət göstərir. Mövcud pandemiya şəraitini nəzərə alaraq bu təhsil müəssisələrinin də dərsləri distant formada keçirilir: “Ancaq bilirik ki, İKT-nin imkanlarından hamı eyni dərəcədə istifadə etməyi bacarmır. Eyni zamanda bu dərslərin dinləyicilərinin sağlamlıq durumlarının da prosesdə iştirakında müəyyən çətinlik yaratdığını nəzərə alsaq, tədrisin daha geniş auditoriyaya çatdırılması məqsədi ilə hazırlanan teledərsləri Təhsil Nazirliyi tərəfindən həyata keçirilən ən uğurlu layihələrdən hesab edilə bilər. Bu teledərslər həssas qrupa aid daha çox şagirdin təhsil almasına yardımçı olacaq”.
Teledərsləri aparan müəllimlərin könüllülük prinsipi əsasında seçildiyini deyən Həbib müəllim onların öz işinin peşəkarı, fəal, yeniliklərə açıq, ixtisasını və jest dilini yüksək səviyyədə bilən pedaqoqlar olduğunu da diqqətə çatdırdı. Qeyd olundu ki, teledərslər ilk növbədə ibtidai sinif şagirdləri üçün nəzərdə tutulub. Və davamı olaraq V-XI siniflər üçün də teledərslərin təşkili planlaşdırılıb.
Müəllim gülərüz, daha həssas və sevgi dolu olarsa...
Onlar uzun illərdir ki, sağlamlıq imkanları məhdud uşaqlarla işləyirlər. Teledərsə qədər bu müəllimlər fəaliyyət göstərdikləri təhsil müəssisəsi, dərs dedikləri şagirdləri, əhatə olunduqları çevrələri tərəfindən, həmçinin valideynlərin öz övladlarını yaxşı müəllimə etibar edə biləcəyi bir pedaqoq olaraq tanınırdılar. Söhbət teledərslərin müəllimləri Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin pedaqoqları olan Esmira Şirinova və Aygün Abdullayevadan gedir. O müəllimlər ki, neçə-neçə şagirdin ağrısına, acısına məlhəm, onların həyata daha nikbin baxmalarına yardımçı olublar. Bunun üçün illərlə əziyyət çəkilib, bəlkə də şagirdləri ilə anlaşmaq zamanında onlara çətinliklər yaradıb. Ancaq sonda nəvaziş, yüksək həssaslıq, diqqət, ən önəmlisi isə sevgi ilə yanaşmaq bu uşaqların həyata bağlanmasına, hər hansı bir peşədə uğur qazanmasına, bəlkə də məşhur bir alim və ya mütəxəssis kimi yetişməsinə inam hissi oyadıb.
İndi isə həmin pedaqoqları- Esmira Şirinovanı və Aygün Abdullayevanı hamı tanıyır. Necə deyərlər, illər boyu kadr arxasında olan bu pedaqoqlar ekranda bizimlə üz-üzədirlər. Artıq onların necə bir müəllim olduqlarının hər birimiz canlı şahidləriyk.
Esmira Şirinova deyir ki, belə uşaqların hər birinə fərdi yanaşmaq mütləqdir: “Peşəmi çox sevirəm və sağlamlıq imkanları məhdud uşaqlarla işləmək olduqca məsuliyyətlidir. Onların dünyasına daxil olub, onların gözləri ilə dünyaya baxmağa çalışıram. İlk növbədə hər birinə ana qayğısı ilə yanaşır, sonra isə səmimi ünsiyyətimizdən yararlanıb dərsi sevdirmək üçün cəhd göstərirəm. Bizim işimizin əsas çətinliyi şagirdlərdə həyatlarında yeni bir mərhələyə atdıqları addımlarda özünəinam hissi yaratmaqdır”.
Esmira müəllim eşitmə əngəlliyi olan uşaqlarla tədris zamanı ilk olaraq daktildən (yəni, əlifbadan) başlanıldığını qeyd edir. Bildirir ki, dərslər daktillə, jestlə və dodaqdan oxu ilə şagirdlərə mənimsədilir. Hər sinifdə ibtidai sinif müəllimi ilə yanaşı, loqoped də olur. Sinif müəllimi hərfləri keçdikcə, loqoped səslərin düzgün artikulyasiya üzrə tələffüzünə köməklik edir.
Həmkarı Aygün Abdullayeva əlavə edir ki, bizim sagirdlərin özəlliyi həddindən artıq sevgiyə və qayğıya önəm vermələridir: “Bəzən çətinliklərimiz də olur. Bilirsiniz, müəllim belə şagirdlərlə kobudluq nümayiş etdirərsə, bu zaman uşaqlarla bağlantı kəsilər və daha dəqiq ifadə etsək, onlarda bizə qarşı nifrət hissi yarana bilər.Belə olduqda dərsdə iştirak etmək belə istəməz. Təbii ki, heç bir müəllim şagirdinin nifrətini qazanmağı arzulamır. Müəllim gülərüz, daha həssas və sevgi dolu olmalıdır. Məhz göstərdiyimiz qayğı, sevgi şagirdlərimizin gələcəkdə cəmiyyətə normal inteqrasiyası üçün zəmindir”.
Fikirləşəndə ki...
Hər iki pedaqoq teledərsləri sevə-sevə keçdiyini bildirir. Müəllimlərimiz söyləyir ki, ekran qarşısında dərs demək məsuliyyətdir: “İlk başda həyəcan var idi, sanki bütün gözlərin üzərində olduğunu hiss edirsən. Fikirləşəndə ki, teledərslərə dərs dediyimiz öz şagirdlərimizlə yanaşı, respublikanın müxtəlif bölgələrindəki eşitmə əngəlliyi olan digər uşaqlar da baxır, ondan faydalanır, bu, bizə qürur, eyni zamanda zövq verir”.
Samirə KƏRİMOVA