Onlara psixoloji dəstək necə göstərilir?


Fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ibtidai siniflərdə ənənəvi tədris qismən bərpa olundu.  Fevralın 8-dən isə  Bakı, Sumqayıt və Abşeron istisna olmaqla, digər şəhər və rayonlarda V-IX siniflər üzrə ənənəvi tədrisə qoşuldu.

 

Əlbəttə ki, mürəkkəb  keçən pandemiya dövrü hər kəsə fərqli psixoloji təsir göstərdi. Məktəbə qayıdan şagirdlər, müəllimlər təkcə təlim-tədris baxımından deyil, həm də müəyyən məhdudiyyətlərə riayət edərək psixoloji  adaptasiyadan  keçməlidirlər.  Bu məsələdə məktəb psixoloqların üzərinə də böyük öhdəlik düşür.

 

Hansı sinif səviyyələrində şagirdlər adaptasiya problemi yaşayır?

 

“Məktəblinin dostu” layihəsinin psixoloqu Mehriban Verdiyeva “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bildirib ki, elə ilk dərs günündən  həm şagirdlər, həm müəllimlərə dəstək olmağa çalışırlar: “Xüsusən 1-ci sinif şagirdlərinin davranışlarında, məktəb mühitinə uyğunlaşmasında çətinliklərin şahidi oluruq. Bildiyimiz kimi, onlar 2020-2021-ci tədris ilinin əvvəlində demək olar ki, çox az müddətdə məktəbə gəldilər. Ona görə də, istər müəllimləri, istərsə də sinif yoldaşları ilə ünsiyyətdə müəyyən  problemləri yaranır”.

 

205 nömrəli tam orta məktəbin psixoloqu Zülfiyyə Məsimova da həmkarı ilə oxşar vəziyyətlə qarşılaşdığını deyir. Psixoloq həm də qeyd edir ki, birinci siniflərlə yanaşı, 5-ci sinif şagirdləri arasında da dezadaptasiya hallarına rast gəlirik. Çünki onlar da ibtidai təhsil səviyyəsindən sonra orta yaş sinif mərhələsinə keçirlər. Fənn sayı, yeni müəllim və sinif otaqlarına öyrəşmək baxımından bu qrup şagirdlərə qarşı da diqqətlə yanaşılmalıdır: “Təbii ki, biz artıq pandemiyanın digər sahələrdə olduğu kimi, təhsilə gətirdiyi qaydalara da hazırlıqlıyıq. Ona görə istər şagird-müəllim, istərsə də valideynlərin münasibətlərinin tənzimlənməsinə, onlara hansı istiqamətdə psixoloji dəstək göstərilməsi ehtimalını da nəzərə alaraq, plan tərtib etmişik”.

 

Şagirdlərlə maarifləndirici söhbətlər aparanda...

 

Z.Məsimova valideynlərin bəzən övladlarına gigiyenik qaydaları qorxu, təlaş yaradacaq səviyyədə izah etdiklərini deyib: “Valideynlər övladlarına sinif yoldaşları, müəllimləri ilə münasibətlərdən, fiziki təmasın məhdudlaşdırılmasından danışanda onlarda qorxu yaratmadan söhbət aparmalıdırlar. Məsələn, biz bu həftə III və IV siniflərdə “Mən və sağlamlığım” adlı müsabiqə təşkil etdik. Məqsədimiz şagirdləri virusun fəsadları ilə bağlı məlumatlandırmaq, indiki şəraitdə şagirdlərimizin psixoloji durumuna daha yaxından bələd olmaqdır. Virusla necə mübarizə aparmaq olar, bizim məsuliyyətimiz, vəzifələrimiz nədir, bu barədə uşaqlar çəkdikləri rəsmlərlə fikirlərini bildirdilər”.  Psixoloq vurğulayıb ki, bu mövzuda maarifləndirici söhbətlər aparanda müəllimlər və valideynlər uşaqların yaş səviyyələrini mütləq nəzərə almalıdırlar.

 

Həmin məktəbin ibtidai sinif müəllimi Nuriyyə Zeynalova hazırda 2-ci sinfin rəhbəridir. Onlayn dərs müddətində də şagirdlərinin davamiyyətindən razı olduğunu deyən N.Zeynalova məktəbə yenidən qayıdan uşaqların eyni qaydada həvəslə gəldiyini bildirir. Onların dərs motivasiyalarının normal olduğunu vurğulayan müsahibimiz məktəbin psixoloqlarının da bu məsələyə diqqətlə yanaşdığını, lazım gələndə həm şagirdlərə, həm də müəllmlərə dəstək göstərdiyini deyir: “Pandemiya dövründə hətta deyərdim ki, şagirdlərimiz gigiyenik vərdişlərə daha məsuliyyətlə yanaşmağa başladılar, sağlamlığın qorunmasının vacib olduğunu  dərindən dərk etdilər. Əvvəllər hər hansı əşyaları yerə düşəndə bəzən onları təmizləmədən istifadə edirdilər. İndi özləri təmizliyə xüsusi riayət edirlər”.

 

“Məktəblinin dostu”nun psixoloji dəstəyi

 

“Məktəblinin dostu” layihəsi hazırda Bakı şəhəri üzrə 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsində olmaqla, ümumilikdə 226 məktəbi əhatə edir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır. Layihə çərçivəsində həm də psixoloji mərkəz fəaliyyət göstərir. Layihənin psixoloqu Mehriban Verdiyeva bildirir ki, məktəblərdə çalışan əməkdaşlarımız şagirdlərlə yaxından maraqlanır: “Onlayn dərs mühitindən yenidən ənənəvi dərslərə qayıdan şagirdlərdə baş verə biləcək davranış, motivasiya pozuntularını aşkara çıxarmaq, sosiallaşma problemi yaşayanlara dəstək olmaq baxımından hər birimiz daha müştərək fəaliyyət rejimində işləyirik”.

 

Müəllimlərin də psixoloji dəstəyə ehiyacı olur

 

Psixoloq həmçinin bildirir ki, övladını məktəbə göndərmək istəməyən, təlaş, tərəddüd yaşayan valideynlərlə də əlaqə yaradır, onlarla söhbətlər aparırlar. Müsahibimiz bu müddətdə müəllimlərə də xüsusi psixoloji təlimlər keçirildiyini deyir: “Onlayn dərslər zamanı əslində müəllimlər də müəyyən psixoloji təzyiqlər hiss edə bilirlər. Bu da ondan qaynaqlanır ki, bu müddətdə müəllimləri ailə fərdləri də izləyir, onun narahatlığını yaşayırlar, yaxud texniki problemlər yaranır. Ancaq ənənəvi dərslər zamanı birbaşa ünsiyyət, şagirdlərə yerində dəstək onlarda təlim motivasiyasına da müsbət təsir edir”. 

 

146-3 “Qaynar xətt”

 

Qeyd edək ki, 2020-ci il aprelin 6-da Təhsil Nazirliyi tərəfindən 146-3 “Qaynar xətt” xidməti yaradılıb. Koronavirus (COVİD-19) infeksiyası ilə əlaqədar, karantin rejimində evdə qalan şagirdlər, eləcə də mənəvi-psixoloji dəstəyə zərurət duyan vətəndaşlar üçün sözügedən xidmət fəaliyyətini davam etdirir.

 

Gülnarə İLHAM