Tanınmış təhsil tədqiqatçısı Özgür Bolat ilə “Yeni çağırışlar”
Fevralın 5-də yayımlanan “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı tanınmış alim, təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat olub. Proqramda Dr. Özgür Bolatın verdiyi seminarların əsas mövzuları olan effektiv öyrənmə mühiti, müəllim liderliyi, istedadın inkişafı, xoşbəxt və uğurlu fərd yetişdirməyin yolları müzakirə edilib, gələcəyin məktəb modellərindən söhbət açılıb.
Dr. Özgür Bolat təhsil proqramlarının bilmək yox, anlamaq məqsədli model üzərində qurulmasının əhəmiyyətindən danışıb. Özgür Bolat bildirib ki, anlamaq və bilmək arasında fərq var, çünki bilmək məlumatları yaddaşda saxlamaqdır, anlamaq isə təcrübə və kəşflə əmələ gələn düşüncə modelləri, sxemlərdir. Yəni, anlayan şəxs bir məlumatın nə mənaya gəldiyini və o məlumatı necə istifadə edəcəyini bilir. Tədqiqatçı qeyd edib ki, öyrənənlərin biliklərinin qiymətləndirilməsi zamanı əks-əlaqəyə, rəylərə xüsusi diqqət yetirilməlidir. Heç bir rəssam, yaxud bəstəkar şagirdinə qiymət vermir, onlar sadəcə rəy verirlər. Belə olduqda öyrənən inkişaf etdirməli olduğu məqamları görür.
Proqramın aparıcısı, “T-network”-un koordinatoru Cəfər Mənsiminin “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualını Özgür Bolat belə cavablandırıb: “Ulduzun birinci guşəsi özünə inamdır. Təhsil insanlara “mən dəyərliyəm” deməyi öyrətməlidir. İkinci guşə muxtariyyətdir. Yəni, qərarlarımı özüm verə bilərəm. Digər guşə özünü təmin etməklə bağlıdır. Yəni, öz bacarıqlarından əmin olan fərdlər yetişdirilməlidir. Növbəti guşə həyat tərzinin dəyərlərə söykənməsinin aşılanmasını tələb edir. 5-ci guşə yetişməkdə olan nəsildə yaratmaq, digər insanların həyatını mənalandırmaq, yaxşılaşdırmaq məqsədlərinin formalaşdırılmasıdır. 6-cı guşə əməkdaşlıq, digər insanlarla çalışa bilmək bacarıqlarıdır. Ego yox, eko, yəni, bir bütünün parçası olmaq qabiliyyəti 7-ci guşədir. Təhsil prosesinin insanlara özünü tapmaqda yardımçı olması çağırışı isə 8 guşəli ulduzu tamamlayır”.
Təhsil tədqiqatçısı onu da qeyd edib ki, sadəcə gələcəyə yox, həyatın hər anına hazır olmaq üçün düşünməyi öyrənmək, kəşf etmək, təcrübə yaşamaq, daxili nəzarət, ağlın sərhədlərinin kənarına çıxmaq lazımdır. Müəllifi olduğu “Məni mükafatla cəzalandırma” kitabı haqqında suala cavab olaraq Özgür Bolat qeyd edib ki, mükafat xarici motivasiyaya təsir edir və mütəmadi asılılıq yaradır. Daxili motivasiyası yüksək olan fərdlər yetişdirmək üçün mükafatdan imtina etməliyik. Çünki xarici motivasiyalı insanları narahatlıq, daxili motivasiyası yüksək olan insanları isə sevgi idarə edir. Daxili motivasiya şəxsiyyət, dəyərlər, prinsiplər üzərində qurulur. Xarici motivasiya isə vəzifə, pul, statusdan aslıdır. Öyrənənlər narahatlıq yaşadığı üçün öyrənmə prosesindən həzz almır, yaxud təhsil müəssisələrində özlərini xoşbəxt hiss etmirlər. Buna görə onları narahatlıqdan xilas etməli, maraq mühiti yaratmalıyıq.
Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqram çərçivəsində Özgür Bolat ilə görüş Təhsil Nazirliyinin rəsmi “Facebook www.facebook.com/tehsil.gov.az” səhifəsi üzərindən canlı yayımlanıb. Görüşdə izləyicilərin sualları da cavablandırılıb.
Nəzərinizə çatdıraq ki, Dr. Özgür Bolat Kembric (doktorantura), Harvard (magistratura), Boğaziçi (bakalavr) universitetlərinin təhsil fakültələrindən kafedra birincisi olaraq məzun olub. O, həmçinin MIT Sloan İdarəetmə məktəbində (MIT Sloan School of Management) liderlik ixtisası üzrə doktorantura dərsləri alıb və orada tədqiqatlar aparıb. Müəllifi olduğu “Məni mükafatla cəzalandırma” adlı kitabı təxminən 500 min ədəd satılıb. Valideynlər məktəbinin (Anne-Baba okulu) yaradıcısıdır. Dr. Özgür Bolat “Lider müəllimlər”,”Özünə inam” və “Google” ilə “Rəqəmsal valideynlik” kimi layihələr, “İstedadı İdarəetmə Testi”, “Parentwiser” mobil tətbiqinin rəhbəridir.
Qeyd edək ki, “Yeni çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın bundan öncəki qonaqları dünyaca məşhur “Khan Academy”nin qurucusu və CEO-su Sal Khan və Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus olub. “Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un “Facebook www.facebook.com/tnetwork.az)” səhifəsindən (www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.