İştirakçılar verilən tapşırıqları fərdi və ya komanda şəklində hazırlayıblar


Bakıda skreç mühitində yaradılmış layihələr müsabiqəsi (yaradıcılıq müsabiqəsi) keçirilib. Müsabiqə Təhsil Nazirliyinin "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirdiyi “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində baş tutub. 5-ci sinif şagirdlərinin skreç proqramlaşdırma mühitində yaradıcı özünüreallaşdırmasını təşviq etmək, iştirakçıların bilik səviyyəsini qiymətləndirmək, uşaqlar arasında populyarlıq qazanmış mövzu və qəhrəmanları müəyyənləşdirmək məqsədi ilə təşkil edilib.

 

“Rəqəmsal bacarıqlar” layihəsinin yaradıcı müsabiqəsi çərçivəsində 5-ci sinif şagirdləri tərəfindən yaradılmış layihələrin qiymətləndirmə meyarları da ekspert komissiyası tərəfindən müəyyənləşdirilib və iştirakçılara açıqlanıb. Müsabiqədə Bakı şəhəri üzrə layihənin həyata keçirildiyi 45 məktəbin 5-ci sinif şagirdlərinə iştirak etmək hüququ verilib. Müsabiqəyə həmin məktəblərdən 250-dən çox şagird 300-dən çox layihə təqdim edib. Müəyyən olunmuş 4 nominasiyada 14 layihə seçilib. Bəzi layihələr şagirdlərdən ibarət kreativ komandalar tərəfindən hazırlanıb. Bu səbəbdən müsabiqənin ekspert komissiyası tərəfindən seçilən 14 layihənin 17 şagird tərəfindən hazırlandığı müəyyənləşdirilib.

 

Həmin qiymətləndirmə əsasında müsabiqənin qalibi olmuş 17 şagird valideynləri və müəllimləri ilə birlikdə iyun ayının 10-da  Təhsil İşçilərinin Peşəkar İnkişafi İnstitutunda keçirilmiş mükafatlandırma mərasiminə dəvət olunub. Bu mərasimdə ən yaxşı layihələr müəllifləri tərəfindən əyani şəkildə təqdim olunub.

 

Qaliblər və onların məşqçiləri (məsləhətçiləri) qismində iştirak edən müəllimləri müxtəlif mükafatlar və fəxri fərmanlarla təltif  edilib. Qeyd edək ki, mərasimə dəvət olunan iştirakçılar müsabiqənin şərtlərində müəyyən edilmiş nominasiyalarda qalib olduqlarına görə müvafiq olaraq I, II, III yerlər üzrə mükafatlandırma sənədi ilə təltif ediliblər.  

 

Bundan başqa, yaradıcılıq müsabiqəsində iştirak edən bütün şagirdlərə təşkilatçılar tərəfindən təsis edilmiş “İştirakçı sertifikatı” təqdim edilib.   

 

Laureat-layihələr “Alqoritmika” rəqəmsal bacarıqlar pilot layihəsinin onlayn platformasında sərbəst nümayiş üçün yerləşdirilir.

 

Məlumat üçün onu da qeyd edək ki, müsabiqəyə Alqoritmika platformasında skreç mühitində icra edilmiş orijinal (ilk növbədə özünəməxsus ideyanın icra edilməsi)  və tamamlanmış (ssenaridə planlaşdırıldığı kimi  icra edilməsi)  layihələr qəbul edilib. Hər mərhələsi bir həftə davam etməklə, 2 mərhələdə (məktəb və regional - şəhər) keçirilib.

 

Birinci mərhələ üçün şagirdlər 4 nominasiyada  - cizgi filmi və ya interaktiv kitab; oyun,  faydalı proqram təminatı  və tədris resursu üzrə layihələr hazırlayıblar. Bu mərhələdə müəllim şagirdləri müsabiqənin keçirilməsi barədə məlumatlandırıb. Daha sonra layihələrin ilkin qiymətləndirilməsini aparıb. I mərhənin qalibini müəyyən edib və onlayn sənədi dolduraraq siyahını təşkilatçılara ötürüb.

 

Beləliklə, müəllim tərəfindən tövsiyə edilmiş layihələr regional mərhələyə (şəhər mərhələsinə) keçid alıb. Bu mərhələdə müsabiqədə iştirak hüququ qazanmış layihələr “Alqoritmika Azərbaycan” MMC-nin metodistlərindən və proqramçılarından ibarət ekspert komissiyası tərəfindən qiymətləndirilib. 

 

Müsabiqədə Bakı şəhəri üzrə alqoritmika kursu keçilən məktəblərin  5-ci sinif şagirdləri iştirak edib. İştirakçılar müsabiqə üçün nəzərdə tutulmuş tapşırığı fərdi və ya komanda şəklində hazırlayıblar. Qaydalara görə, hər nominasiya üzrə yalnız bir layihə qəbul edilib.