Beynəlxalq STEAM məktəblərinin təcrübəsindən
Qlobal çağırışlar dünyanın milli təhsil sistemləri qarşısında təxirəsalınmaz vəzifələr qoyur. İlk növbədə, XXI əsrin müasir bilik və bacarıqlarına, tədqiqatçılıq səriştələrinə əsaslanan təlim texnologiyalarının tətbiqi mühüm əhəmiyyət kəsb edir. Dünyanın bir sıra ölkələrində inteqrativ təlim təcrübəsi əsasında yaradılmış Beynəlxalq STEAM məktəblərinin rolu və əhəmiyyəti artmaqdadır.
Bu yazımız da bir neçə ölkədə fəaliyyət göstərən Beynəlxalq STEAM məktəbləri barədədir. Bu məktəblər əmək bazarının problemləri həll etmə və yaradıcılıq bacarıqlarına sahib olan işçilərə olan tələbatını necə ödəyir, eləcə də yeni məzunların texnologiya və innovasiyaya artan marağını təmin etmək üçün təhsilalanları STEAM-a necə cəlb edir?
Aparılmış beynəlxalq tədqiqatların nəticələrinə əsasən, STEAM-ın bir çox məzunları ənənəvi mühəndis rollarından kənara çıxıb innovativ, texnoloji yönümlü şirkətlərə keçirlər. Dördüncü Sənaye İnqilabı dövründə robototexnika və süni intellektin (AI) inkişafı ilə STEAM beynəlxalq təhsildə möhkəm yer tutmağa başlayıb. Təbiət elmləri ilə yanaşı incəsənəti də birləşdirən STEAM çox populyar bir qlobal biznesə çevrilib. Dünyanın ən qabaqcıl STEAM mərkəzlərində tədris necə qurilub?
Malayziya. Ölkənin paytaxt şəhəri Kuala Lumpurda yerləşən Beynəlxalq Mərkəzin (ISKL) yeni intellektual kampusunda yaradılmış STEAM Məktəbdə tədris mühiti təhsil sahəsində son dünya nailiyyətləri və tədqiqatları nəzərə alınmaqla formalaşdırılıb. 2016-cı ildə yaradılmış 26 akr əraziyə malik kampus STEAM tələbə və müəllimlərinin əməkdaşlığı üçün böyük imkanlar yaradır ki, bu da səmərəli təhsilin açarıdır. Kampus qarşılıqlı əlaqəni dəstəkləmək və stimullaşdırmaq, çevikliyi təmin edən, ideyalara ruhlandıran, əməkdaşlıq üçün imkanlar yaradan tədris məkanı kimi hazırlanıb. Birgə işləmək üçün yaradıcılıq sahələri, iş yerləri və təhsil sahəsinə aid ümumi məkanlar məktəb dizaynının, eləcə də tədris proqramının ayrılmaz hissəsidir.
Tədris prosesində tətbiq olunan interaktiv texnologiyalar və qabaqcıl IT infrastrukturu tələbələrə həm indi, həm də gələcəkdə ideya, innovasiya və yaradıcılığı stimullaşdırmaq üçün hazırlanmış tədris mühiti təqdim edir.
Təhsil ocağı Malayziyada dayanıqlı dizayn üçün platin ekoloji tikinti indeksi (GBI) alan ilk məktəbdir. Ekoloji təhsil tədris proqramına daxil edilib və yeni kampus tələbələrin praktik tədris təcrübəsi əldə edə biləcəyi şəkildə dizayn olunub. Məsələn, binanın idarəetmə sisteminin elementləri məktəbin real vaxtda resurs istehlakını göstərmək üçün təlim vasitəsi kimi çıxış edir ki, bu da şagirdləri enerjiyə qənaət yollarını axtarmağa sövq edir.
Tənqidi düşüncə, problemlərin həlli və konstruktiv əməkdaşlıq qabiliyyəti - STEAM mərkəzin mühüm komponentləridir. İbtidai məktəbin şagirdləri özünəməxsus “yaradıcılıq məkanı”nda interaktiv dərslərdən faydalanırlar ki, bu da şagirdlərin düşüncələrini həyata keçirmələrinə və real dünyanın problemlərini həll etmələrinə imkan verir. Məsələn, riyazi bacarıqlar emalatxanada bina modelinin layihələndirilməsi və ölçülməsində tətbiq olunur, hava şəraitinin öyrənilməsi isə işlənmiş su şüşələrindən yağış sensorlarının yaradılması ilə həyata keçirilir.
Məktəbin orta və yuxarı siniflərində layihələndirmə texnologiya laboratoriyaları şagirdləri birlikdə təhsil almağa, yaratmağa və yenilikləri tətbiq etməyə təşviq edir. Nəticələr düşüncə strategiyalarının hazırlanmasında, tələbələrin informasiyanın təhlili, giriş məlumatlarının ümumiləşdirilməsi və tədrisin düzgün təhlilində fənlərarası təlimin səmərəliliyini göstərir.
Kanada. Torontoda yerləşən STEAM əsaslı York Məktəbi, təhsilə mütərəqqi yanaşır və bütün məktəb miqyasında yeniliklərə sadiqdir. Mərkəzin kommunikasiya və marketinq üzrə mütəxəssisi Entoni Vestenberq deyir: “Biz müəllimlərə və şagirdlərə onları fərqli düşünməyə, inamla araşdırmağa və bacarıqla uyğunlaşdırmağa ruhlandıran yaradıcılıq mədəniyyətini təklif edirik. Bu yanaşma o deməkdir ki, biz daim təhsilimizi yaxşılaşdıracaq texnoloji imkanlar axtarırıq”. Tədris, texnologiya və innovasiya şöbəsinin rəhbərliyi altında məktəb daim müasir texnoloji imkanlara uyğunlaşır, yeni təşəbbüs və proqramlarla reaksiya verir. STEAM məktəb mütəmadi olaraq cəmiyyətin ehtiyaclarını qiymətləndirir, hər il hədəflərin və düşüncələrin düzgün qurulması prosesində iştirak edir.
“York School” məktəbinin “Wellness” komandası və tədris, texnologiya və innovasiya şöbəsi sosial şəbəkələrdə uşaqlarla bağlı risk amillərini aradan qaldıran rəqəmsal vətəndaşlıq resursları yaradıb. Vestenberq əlavə edir: “Biz sosial şəbəkələr vasitəsilə cəmiyyətin inkişafı üçün bir çox gözəl imkanlar görürük və bacardığımız zaman onları siniflərimizə daxil edirik, biz də zəmanət veririk ki, şagirdlər internetdə olmaları ilə bağlı məsuliyyəti kiçik yaşlardan başa düşürlər”.
Bu, beynəlxalq məktəbin təklif etdiyi maraqlı təşəbbüslərdən bəziləridir. Övladları bu məktəblərdə təhsil alan uşaqların ailələri də əmin ola bilərlər ki, beynəlxalq məktəblər şagirdlərə qlobal imkanlar verməklə STEAM təhsilinə investisiya qoymağın zəruriliyini dərk edirlər.
ABŞ. Çikaqoda yerləşən Britaniya Beynəlxalq Məktəbi STEAM hərəkatının ilk tərəfdarlarından biridir. Məktəb həmçinin Massaçusets Texnologiya İnstitutu (MIT) ilə əməkdaşlıq edir və bu nüfuzlu ali təhsil müəssisəsənin malik olduğu innovasiyaları və tədris mədəniyyətini əxz etməklə özünün STEAM tədrisini yaxşılaşdırmağa çalışır.
Mərkəzin STEAM rəhbəri Tom Collins qeyd edir ki, MIT kimi ali məktəblərin bakalavriat tələbələrinin “qeyri-standart” düşüncə əksikliyindən şikayət etməsi zamanı STEAM-ın vacibliyi yaranır. Texnologiyadan istifadə etmək və ya mürəkkəb riyazi tapşırıqları yerinə yetirmək, elmi metoddan istifadə etmək və ya sadə məhsullar hazırlamaq insanın yaradıcılıq düşüncəsindən istifadə etməsi demək deyil. Yeniliklər insan təcrübəsindən doğulur, insan təcrübəsi isə sənətlə qarşılıqlı əlaqə vasitəsilə baş verir.
Hər yaz semestrində beynəlxalq məktəbin tələbələri problemlərin praktiki həlli mədəniyyətinə sahib olmaq üçün Massaçusets Texnologiya İnstitutuna gedirlər. Onlar institutun aparıcı alimləri ilə görüşür, emalatxanalarda tikinti və təcrübə aparır və gələcəklərini müəyyənləşdirəcək yeni kəşflər haqqında məlumat əldə edirlər.
Massaçusets Texnologiya İnstitutuna baş çəkərkən keçirilən tədbirlərə robotların yaradılmasından biomühəndislik və proqramlaşdırmaya qədər hər şey daxildir. Tələbələrin MIT-dan əlavə, Harvard Universitetinə baş çəkmək şansı da var ki, bu da onların bu nüfuzlu universitetlərdən birinin tələbə həyatına girmələrinə imkan verir.
Oruc MUSTAFAYEV