Fevralın 10-da “Sabahın alimləri” X respublika müsabiqəsi başlanılıb. Müsabiqə 10-17 fevral 2021-ci il tarixlərini əhatə edəcək. Pandemiya şəraiti ilə əlaqədar müsabiqə onlayn şəkildə təşkil olunub.  

 

 

Müsabiqəyə 123 layihə üzrə 208 şagird buraxılıb. Layihələrdən 37-si fərdi və 86-sı kollektiv işlənmiş layihədir. Müsabiqə 8 kateqoriya üzrə keçirilir. Respublikanın şəhər və rayonlarından IX-X sinif şagirdləri riyaziyyat üzrə 14, fizika və astronomiya üzrə 16, kimya üzrə 8, biologiya üzrə 16, tibb və sağlamlıq üzrə 12, ekologiya və ətraf mühitin idarəolunması üzrə 20, kompüter elmləri üzrə 10, mühəndislik üzrə 17 layihə ilə müsabiqədə iştirak edir.

 

 

Qeyd edək ki, 2012-ci ildən başlayaraq Azərbaycanda “Sabahın alimləri” respublika müsabiqəsi keçirilməyə başlanılıb. Müsabiqə İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə  göndərilməsidir. Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilir.