Tələbələr ADPU və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı barədə məlumatlandırılıb
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti arasında 2021-2022-ci tədris ili üçün beynəlxalq ikili diplom proqramına qəbula dair canlı yayım təşkil olunub.
Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli 2018-ci ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və bu sahədə Təhsil Nazirliyi tərəfindən görülmüş işlər barədə məlumat verib.
Qeyd olunub ki, Dövlət Proqramının 2 əsas komponenti var. Onlardan birincisi, Azərbaycanın gələcək inkişafı üçün prioritet sahələr üzrə dünyanın nüfuzlu universitetləri və yerli ali təhsil müəssisələri arasında beynəlxalq ikili dövlət proqramlarının təsis olunması, ikincisi isə azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində doktorantura təhsilinin maliyyələşdirilməsidir.
“İlk 25 tələbəmiz artıq birinci semestri başa vurub”
N.Məmmədli 2019-cu ilin yanvarında ADPU və C.Vaşinqton Universiteti arasında təhsilin idarə olunması üzrə magistratura təhsilində ikili diplom proqramına dair layihənin icrası ilə bağlı müqavilənin imzalandığını bildirib. Ötən il isə 2020-2021-ci tədris ili üçün ilk dəfə olaraq həmin magistratura proqramına 25 tələbə qəbul olunub: “Pandemiya şəraitinə baxmayaraq tərəfdaşların, həmkarların köməyi ilə, xüsusən layihənin C. Vaşinqton Universitet tərəfindən proqram direktoru Sevinc Məmmədovanın səyləri nəticəsində biz bu layihənin icrasına başlaya bildik. İlk 25 tələbəmiz artıq birinci semestri başa vurub”.
N.Məmmədli tələbələrin bu proqramdan məmnun olduğunu da bildirib. “Bu, o deməkdir ki, biz ölkəmiz, Azərbaycanın təhsil sistemi üçün çox yaxşı menecerlər yetişdirməyə çalışırıq. Bu menecerlərdən, sözsüz ki, Azərbaycan təhsil sistemi, bütövlükdə, dövlətimiz, xalqımız bəhrələnəcək”.
“Çox güclü komanda formalaşıb və biz hədəfimizə nail olacağıq”
Dövlət Proqramının İdarəetmə Qrupunun rəhbəri Turan Topalova proqram barədə məlumat verərək bildirib ki, əsas gözləntilər ümumilikdə prosesin monitorinqi və proqrama kifayət qədər marağın təmin olunması, ən əsası tələbələrin proqrama qəbulu və tələbələrin bu layihəni uğurla bitirməsindən ibarətdir: “Proqramın əsas məqsədi beynəlxalq təcrübənin ölkə universitetlərinə gətirilməsi və bu təcrübədən yararlanmaqdır. Hazırda 25 tələbə proqramdan faydalanır və ümumi 2 il ərzində gözləntilər qismən özünü doğruldub. Çox güclü komanda formalaşıb və biz hədəfimizə nail olacağıq”.
“Proses, sözsüz ki, çox rəqabətli gedir”
Azərbaycan Dövlət Pedaqoji Universitetinin proqram direktoru Tofiq Əhmədov layihənin xüsusiyyətləri barədə məlumat verərək qeyd edib ki, məqsəd təhsil sahəsində öz karyerasını, inkişafını görən, təhsilin təşkili üzrə çalışmaq, bu sahədə beynəlxalq təcrübəni yaxşı səviyyədə mənimsəmək istəyən vətəndaşlara bu imkanları yaratmaqdır. Bu proqram özlüyündə ADPU-ya Corc Vaşinqton Universitetinin qabaqcıl təcrübəsinin gətirilməsinə və azərbaycanlı tələbələrə məhz bu universitetin təhsil siyasəti, idarəçiliyi sahəsində yeni biliklərinin əldə olunmasına imkan yaradacaq.
T.Əhmədov qeyd edib ki, proqramın əsas üstünlükləri barədə danışanda qısaca qeyd etmək lazımdır ki, bu, müasir təhsil idarəçiləri hazırlamaq üçün nəzərdə tutulan proqramdır: “Burada niyyət Corc Vaşinqton Universitetinin on illərlə qazandığı təcrübəni Azərbaycanda oxuyan, çalışan bizim tələbələrə, mütəxəssislərə, öz karyerasını qurmaq istəyən gənclərə bu imkanı yaratmaqdır”. T.Əhmədov qeyd edib ki, artıq Dövlət İmtahan Mərkəzi (DİM) sənəd qəbulu prosesinə başlayıb və fevral ayının 18-i son tarix olmaqla sənədlərin qəbulu həyata keçiriləcək. Bu proqramın imkanlarından bəhrələnmək istəyən hər bir şəxs öncə DİM- də qeydiyyatdan keçməlidir. İlkin mərhələdə məntiq, ingilis dili və informatika üzrə imtahanlarda iştirak etmək və minimum keçid balı toplamaq lazımdır. Bundan sonra proqram üzrə təhsil almaq istəyən hər bir şəxsə lazımı zəruri məlumatlar veriləcək: “Biz artıq təhsil sahəsində çalışan, yeni idarəetmə mədəniyyəti, idarəetmə keyfiyyətləri və müasir bilikləri tətbiq etmək istəyən, bugünkü təhsil idarəetməsində gördüyü məsələlərə bir qədər fərqli baxan və onlara yeniliklər gətirmək istəyən gənclərə, hədəf kütləsinə çatmaq istəyirik. Onları həvəsləndiririk ki, özlərini sınasınlar. Proses, sözsüz ki, çox rəqabətli gedir” .
“Proqram biliklərdən çox bacarıqların yaradılması və inkişafına fokuslanır”
Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədovanın sözlərinə görə, layihənin icrası ilə bağlı gözləntilərə rəğmən pandemiya səbəbindən tədris onlayn başlandı. O, proqrama müraciət edənlərin sayının növbəti mərhələdə çox olacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, təhsildə siyasət və idarəçilik proqramına yalnız təhsil işçiləri deyil, həm də həkim, iqtisadçı, hüquqşünas olan və özünü təhsil sahəsində hər hansı dəyişikliyin bir hissəsi kimi görənlər də bu proqrama müraciət edə bilərlər.
S. Məmmədova proqramın 4 komponenti barədə məlumat verib: “Birincisi, proqram biliklərdən daha çox bacarıqların yaradılması və inkişafına fokuslanır. Təhsil siyasəti və təhsil idarəçiliyi vacib və ən çox diqqət ayrılan istiqamətdir. İkincisi, beynəlxalq təhsildir - dünyada olan təcrübə və biliklərin Azərbaycan kontekstində öyrənilib həyata keçirilməsidir. Üçüncüsü, ən vacib bacarıqlardan olan tədqiqat bacarıqlarıdır. Yəni, yaxşı tədqiqatçısınızsa, yaxşı mütəxəssissiniz. Ona gorə də proqramda ən çox əhəmiyət verdiyimiz tədqiqatlar komponentidir. Tədqiqat metodları bütün semestr ərzində davam edəcək. 4-cü komponent isə təşkilati idarəçilik, təşkilati dəyişikliklərin həyata keçirilməsidir. Böyük dəyişikliklər təşkilati idarəçilik qabiliyyətinin olmasından irəli gəlir. Biz əmin olmaq istəyirik ki, tələbələrimiz proqram çərçivəsində bu 4 bacarığı inkişaf etdirə bilərlər”.
S.Məmmədova əlavə edib ki, növbəti mərhələdə də 25 tələbənin proqrama seçilməsi nəzərdə tutulub. O, daha sonra proqrama müraciətlə bağlı üzə çıxan məsələlər barədə ətraflı məlumat verib.
Vebinarda istifadəçiləri maraqlandıran çoxsaylı suallara aydınlıq gətirilib.
Oruc MUSTAFAYEV