Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları" və Təhsil Nazirliyinin 2011-ci il 26 aprel tarixli əmri ilə təsdiq edilmiş "Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar" əsasında 2019/2020-ci tədris ilində Dövlət Gömrük Komitəsi Akademiyasının akkreditasiyası keçirilib.
Akkreditasiyanı həyata keçirən komissiya Akademiyanın son beş il ərzindəki fəaliyyətini 11 istiqamət üzrə təhlil edərək yekun hesabat hazırlayıb. Akkreditasiya Komissiyası Akademiyanın fəaliyyətini yüksək qiymətləndirib.
Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əmri ilə Dövlət Gömrük Komitəsinin Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisəsi kimi 2019/2020-ci tədris ilindən başlamaqla növbəti 5 il müddətinə akkreditasiyadan keçmiş elan olunub.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyətin təminatı departamentinin rəhbəri Lalə Abbasova Akademiyaya akkreditasiya şəhadətnaməsinin təqdim edilməsi mərasimində il ərzində akkreditasiyadan keçmiş ali təhsil müəssisələri arasında Akademiyanın ən yüksək göstəriciləri nümayiş etdirdiyini vurğulayıb və burada dövlət təhsil standartlarının tələblərinə uyğun mütəxəssis hazırlığının yüksək səviyyədə həyata keçirildiyini qeyd edib.
Akkreditasiyanın nəticələrinə həsr olunan tədbirdə Akademiya rəisi Qulu Novruzov əldə edilmiş nailiyyətlərin davamlı qazanılması üçün daha əzmlə çalışmağın vacibliyini bildirib.