XXI əsr bacarıqlarına sahib gənclərin təhsili artıq evlərimizin qonağıdır


“Dərs vaxtı”  həftənin elə ilk günü növbəti bir  yeniliyi ilə evlərimizin qonağı oldu. Artıq şagirdlərimizə STEAM dərslərini də televiziyadan izləmək imkanı yaradıldı.

 

Yeni innovativ təhsil metodu olan bu dərs tətbiq olunduğu təhsil müəssisələri ilə yanaşı digər məktəblərin təhsilalanları üçün də əlçatandır.

 

STEAM dərsləri XXI əsrin bacarıqlarını özündə birləşdirən bir innovativ təhsil yanaşmasıdır və son illər dünyanın inkişaf etmiş ölkələrinin təhsilində ən önəmli yeri tutur. Milli təhsilimizdə STEAM dərslərinə maraq, onun təhsil ocaqlarımızda tətbiqi ilə bağlı görülən işlər layihənin bizlər üçün də böyük maraq kəsb etdiyini göstərir.

 

Qeyd edək ki, mövcud pandemiya şəraitində  onlayın tədrisdə  bu dərslərə xüsusi yer ayrılıb və  şagirdlərimizin artıq bununla bağlı bir sıra uğurlu işləri də var. Lakin dərslərin daha  geniş müəllim və şagird auditoriyasına çatdırılmasının aktuallığı  nəzərə alınaraq, bu sahədə yaranan müəyyən çətinlikləri aradan qaldırılması məqsədi ilə fevralın 1-dən Təhsil Nazirliyinin dəstəyi ilə “Dərs vaxtı” proqramında  STEAM  dərslərinin yayımına start verilib. Azərbaycan və  rus bölmələri üçün hazırlanan STEAM dərslərini “Mədəniyyət” kanalından, eyni zamanda, Təhsil Nazirliyinin rəsmi “Youtube” kanalı, rəsmi “Facebook” səhifəsi, eləcə də videodərslər portalından da (https://video.edu.az)  izləmək mümkündür.

 

STEAM haqqında bildiklərimiz...

 

STEAM təhsil metodu şagirdlərə beş sahənin - Elm (Science), Texnologiya (Technology), Riyaziyyat (Math), Mühəndislik (Engineering) və  İncəsənətin  (Art) birgə, eyni zamanda inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı onlara mühəndislik səriştələri öyrədir. STEM abbreviaturasına əlavə olunan +A  (Art-incəsənət) təhsilalanlar  üçün vacib hesab olunur və artq hamımız yaxşı bilirik ki, layihələrin reallaşdırılması zamanı  incəsənət sahələrinə inteqrasiya olunması məsələsi də önə çəkilir. STEAM həmçinin mənəviyyat, humanist yanaşma, ümumi mənafeyə xidmət etmə məqsədlərini də özündə ehtiva edir. STEAM layihəsi şagirdlərin gələcəkdə hansı ixtisasa yiyələnəcəklərindən asılı olmayaraq onları həyata hazırlayır.

 

STEAM təhsilinə maraq artır

 

Hazırda dünyanın bir sıra inkişaf etmiş ölkələrinin təhsilində aparıcı yer tutan STEAM Azərbaycanda da uğurla tətbiq olunmaqdadır. Məlumat üçün bildirək ki, STEAM  2019-2020-ci tədris ilindən Heydər Əliyev Fondunun dəstəyi ilə Təhsil Nazirliyi tərəfindən tətbiqinə start verilən innovativ layihələrdən biridir. XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıqetmə, həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dilləri tətbiq olunmaqla innovativ texnologiyalardan istifadə edəbilmə qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsi STEAM layihəsinin əsas məqsədini  təşkil edir.

 

Həmsöhbətimiz olan “STEAM  Azərbaycan”  layihəsinin rəhbəri İqrar Nəzərovun sözlərinə görə,  bu layihənin tətbiqi  və eyniadlı dərslərin təşkili  təhsilalanlarda  XXI əsr bacarıqlarını formalaşdırmaqla yanaşı, onlara yaradıcı proses vasitəsilə öyrənmə  imkanı yaradır, fənləri ayrılıqda öyrətmək deyil, real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməyi hədəfləyir: “Şagirdlərimiz  STEAM dərsləri vasitəsi ilə müasir cəmiyyətin müxtəlif sahələrdə inkişafı üçün zəruri olan robototexnika, biotexnologiya, nanotexnologiya, proqramlaşdırma, aerokosmik mühəndislik və pilotsuz uçuş aparatları, elektrik mühəndisliyi, 3D çap istiqamətində bilik və bacarıqlar əldə etmək imkanı qazanırlar. Və biz bunun nəticəsində isə real həyati problemlərin həlli istiqamətində  bilik və bacarıqlarını tətbiq edərək cəmiyyətə öz töhfələrini verə biləcək gənc nəsil formalaşacağına əminik”.

 

STEAM layihəsi hazırda 147 ümumtəhsil məktəbdə tətbiq olunur ki, bunlardan 90-ı Bakı və Sumqayıtın, qalan 57-i isə ölkə üzrə digər regionların payına düşür.

 

Pandemiya səbəbindən ölkə üzrə bütün təhsil müəssisələrində dərslərin onlayn təşkilinə diqqət çəkən layihə rəhbəri bu vəziyyətdə belə STEAM dərslərinin keçilməsində heç bir fasilə olmadığını bildirdi: “COVID-19 pandemiyası ilə əlaqədar olaraq layihənin əyani formada həyata keçirilməsində bəzi çətinliklər yaransa da bunun öhdəsindən gəlinib. Belə ki, mövcud olan problemləri aradan qaldırmaq və distant formada  tədrisin aparılmasına rəğmən şagirdlərin bu sahədə nailiyyətlərinin artırılması məqsədi ilə  “Virtual məktəb” layihəsi çərçivəsində STEAM tədris proqramında öz əksini tapan mövzulara uyğun çəkilişlər aparılaraq dərslər, videoçarxlar hazırlanıb. Bu dərslər müxtəlif sosial şəbəkələr üzərindən (Facebook, YouTube, İnstagram) yaradılan STEAM səhifələri vasitəsilə də izləyicilərin ixtiyarına verilib. Layihə əməkdaşları tərəfindən həmçinin  müxtəlif mövzularda aksiyalar, onlayn  yarış və müsabiqələr keçirilib, canlı yayımlar təşkil edilib”.

 

STEAM dərslərinin əlçatanlığı 

 

İqrar müəllim söyləyir ki, distant tədris formasında əyaniliyin tam təmin oluna bilməməsi öz həllini STEAM teledərslərinin hazırlanması ilə tapdı. Və artıq bu həftədən efirə gedən dərslərin televiziya versiyası  tədris prosesinin hər kəsə əlçatanlığını təmin edir. STEAM tədris proqramına və bu dərslərə ayrılmış dərs yükünə uyğun olaraq şagirdlər televiziyada bu dərsləri həftədə bir dəfə olmaqla izləyə biləcəklər. Bir dərsin davametmə müddəti mövzudan asılı olaraq 12-15 dəqiqədir. Teledərslərin çəkilişi Təhsil Texnologiyaları Mərkəzində aparılır.

 

Dərsləri beynəlxalq, həmçinin yerli STEAM təlimlərinə qatılararaq  bu istiqamətdə bilik və bacarıqlar əldə edən, innovativ təhsil metodunun tətbiq olunduğu  ümumtəhsil məktəblərində həmin dərsi tədris edən müəllimlər aparır. STEAM dərslərinin tədrisinə cəlb olunan təhsil işçiləri İKT bacarıqları yüksək və geniş dünyagörüşünə malik əsasən fizika, kimya, biologiya, riyaziyyat, informatika müəllimləridir.

 

STEAM teledərslərinin müəllimləri

 

İxtisasca  informatika müəllimi  Çinarə Kazımova  və  ibtidai sinif müəlimi  Xəyalə Hüseynli.  Onlar “Dərs vaxtı”nda STEAM dərslərini geniş auditoriya üçün keçən müəllimlərdir. Hər ikisi Bakıdakı 20 nömrəli məktəb-liseyin müəllimləridir. Təhsil İnstitutunun layihələrinin, “STEAM Azərbaycan” layihəsinin təlimçiləri, Təhsil Nazirliyinin “Dərs vaxtı”  layihəsinin iştirakçısı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləridirlər.  Beynəlxalq, eləcə də yerli STEAM təlimlərində iştirak edərək bu innovativ təhsil metodu ilə yaxından tanış olan  yüksək  biliyə,  həmçinin İKT bacarıqlarına malik  pedaqoqlardır.

 

Budur...  “Dərs vaxtı” nda hər iki müəllim birlikdə STEAM dərsinin birinci efirində mövzuyla bağlı  şagirdlərə müəyyən məlumatlar  verir.

 

Sonra Çinarə Kazımova STEAM müəlliminin hansı bilik və bacarıqlara malik olmasını ekran qarşısında  olan şagirdlərə  izah edir: “Sizcə, STEAM müəllimi kimdir? Və  özü də sualını cavablandırır: STEAM müəllimi inteqrasiya olunmuş layihə əsaslı öyrənmədən istifadə edən, hər bir vəziyyətə   çevik uyğunlaşan,  lider, ünsiyyətcil, tənqidi düşünən, fasiləsiz təhsil alan və komanda işini təşkil edəndir”.

 

Həmkarı,  ixtisasca ibtidai sinif müəllimi Xəyalə Hüseynli isə STEAM şagirdi kimdir?-sualı ilə bağlı izahat verir: “STEAM şagirdi sərbəst və məqsədyönlü şəkildə məlumat toplayır, öyrəndiklərini yoldaşları ilə bölüşür, özünü, yoldaşlarının işini və fəaliyyətini qiymətləndirir, yazılı və şifahi effektiv ünsiyyət vasitələrindən istifadə edir, müxtəlif yarışlara, layihələrə qatılır”.

 

Daha sonra müəllimlər STEAM təhsil metodunun  elm, texnologiya mühəndislik,  riyaziyyat və incəsənətin birgə və  inteqrasiya olunmuş şəkildə tədrisindən, onların həyatımızdakı rolundan danışır, şagirdlərə 4 C bacarıqlarını -yaradıcılıq, əməkdaşlıq, tənqidi düşüncə, əlaqəni  ətraflı izah edirlər. Və ilk dərs başa çatır. Beləliklə hər iki müəllim STEAM dərslərinin ilk efir həyəcanını artıq geridə qoyur.

 

Bu dərsin ilk efirini müşahidə edənlərdən biri kimi deyə bilərik ki, teledərs uğurlu alınır. Müəllimlər dərsin televersiyasında qoyulan hədəfə çatmağı bacarırlar.

 

Xəyalə müəllim deyir ki,  ənənəvi tədris prosesində diqqət çəkməyən şagird STEAM dərslərində öz gizli qalan bacarıq və istedadlarını asanlıqla büruzə verir. Dərslərdə şagirdlər özünün və  başqalarının ehtiyaclarına, problemlərinə diqqət edir, sərbəst və məqsədyönlü şəkildə araşdırma aparır, həlli yollarını dəyərləndirir, bu zamana qədər öyrəndiklərinə fərqli baxır, yaradır. Bir sözlə, dərsin əsas iştirakçısına çevrilir və artıq onlarda məktəb illərindən  gələcək həyatları  üçün vacib olan bacarıqlar formalaşır.

 

Yetər ki, öyrətmək və öyrənmək  istəyək...

 

Bəli, pandemiya bütün sahələrdə olduğu kimi, təhsilimizdə də çətinliklər yaratdı. Şagird və tələbələr doğma təhsil müəssisələrindən, müəllimlər isə canlı tədris mühitindən, aktiv fəaliyyətlərindən kənar qalmaq məcburiyyətində oldular.

 

Ancaq yaşadığımız mövcud vəziyyətin bizə qazandırdıqları da oldu. Məsələn, elə götürək  STEAM dərslərini. Əgər bu layihə bizim ənənəvi öyrəşdiyimiz təhsil prosesi zamanı müəyyən məktəblərdə tətbiq olunurdusa və onun iştirakçısı bəlli sayda müəllim və şagirdlər idisə, artıq dərsin televersiyası sayəsində  respublikanın demək olar ki, bütün məktəbliləri, eyni zamanda müəllimlər  bu maraqlı innovativ təhsil yanaşması ilə yaxından tanış olmaq imkanı əldə edirlər.

 

Ən əsası  isə, bir də yaşadığımız çətinliklərə baxmayaraq  öyrənmək və öyrətmək istəyənlər üçün məkan fərqinin o qədər də əhəmiyyəti olmadığını gördük.

 

Yetər ki, öyrətmək və  öyrənmək istəyək...

 

Samirə KƏRİMOVA