Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) maarifçi-demokratik və realist ədəbiyyatın görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə həsr olunan Respublika elmi-praktik konfransı keçirilib.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist, teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr olunan bu elmi tədbirin keçirilməsini mənəvi borc və böyük sənətkara dərin ehtiram əlaməti kimi xarakterizə edib.
Rektor Ə.Haqverdiyevin adının UNESCO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsini mühüm hadisə adlandırıb.
Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Ə.Haqverdiyevin əsərlərində dialektizmlər və onların ümümtürk dilinə qarşılıqlı inteqrasiyası” adlı məruzəsində Ə.Haqverdiyevin ədəbi dilimizin lüğət tərkibinin zənginləşməsində rolu və orijinallığı, əsərlərində leksik- semantik kateqoriyalardan məharətlə istifadə etməsi, özünəməxsus məcazlar sistemi, frazeoloji vahidlərin yaradılmasında novatorluğu, bədii ifadə vasitələri və s. məsələlərə geniş yer verməsindən söhbət açıb, yazıçının bədii əsərlərində söz xəzinəsinin bütün qollarına, eləcə də emosional leksikadan, danışıq-məişət leksikasından, dialektizmlərdən məharətlə istifadə etməsini bədii mətnlərdən gətirdiyi maraqlı nümunələrlə izahlayıb.
Professor M.Hüseynovanın məruzəsində diqqəti cəlb edən əsas amillərdən biri də odur ki, Ə.Haqverdiyevin əsərlərində dialektizmlərin ancaq milli dilimizin lüğət tərkibinin zənginləşməsindəki rolu deyil, həm də ümumtürk dilinə qarşılıqlı inteqrasiyası məsələsi də ayrıca tədqiq olunub və elmi təsdiqini tapıb. Alimin məsələ ilə bağlı irəli sürdüyü elmi tezislər məruzənin dəyərini daha da artırıb.
AMEA-nın Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, professor İslam Qəribli “Ə.Haqverdiyevin irsinin öyrənilməsinə yeni baxış” adlı məruzəsində Ədəbiyyat İnstitutunda ədibin həyatı və fəaliyyəti, bədii irsi ilə bağlı hazırlanan on iki bölmədən ibarət monoqrafiya haqqında məlumat verib, bu elmi əsərin müasir ədəbiyyatşünaslığın tələbləri nöqteyi-nəzərindən əhəmiyyətini və yüksək səviyyədə hazırlandığını bildirib.
ADPU- nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov konfransın bağlanış nitqində Azərbaycan xalqının ədəbi-bədii və ictimai- mədəni fikir xəzinəsinə yüksək dəyəri olan əsərlər bəxş etmiş qüdrətli söz ustası Ə. Haqverdiyevin ədəbi irsinin bu gün də aktual olduğunu, böyük sənətkarın həyat və yaradıcılığının azərbaycançılıq ideologiyası baxımından tədqiqinin vacibliyini vurğulayıb, ədibin irsinin bir qisminin yenidən araşdırılmasına ehtiyac duyulduğunu bildirib. Qeyd edib ki, sovet dövrü ədəbiyyatşünaslığı Azərbaycan ədəbiyyatşünaslıq elminin hərtərəfli inkişaf mərhələsi hesab olunsa da, sovet hakimiyyəti illərində ədəbiyyatşünaslıq sahəsində yazılmış əsərlərdə həmin dövrün hakim ideologiyasının müəyyən dərəcədə təsiri danılmaz həqiqətdir.
A.Zamanov onu da bildirib ki, konfransda təqdim edilən məruzələr ADPU-nun dövri-elmi jurnallarında dərc olunacaq.