Ramil Əhmədov: "Bütün müəllimlərimə təşəkkür edirəm"
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2 Fevral - Gənclər Günü münasibətilə Prezident mükafatına layiq görülən gənclərdən biri də Ramil Əhmədovdur.
Onu tanıyaq:
Ramil Əhmədov (Ramil Əhməd) 1994-cü ildə anadan olub. 2011-ci ildə Şuşa şəhər 2 nömrəli orta məktəbini bitirib. Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olub. 2015-2018-ci illərdə Türkiyənin Memar Sinan Gözəl Sənətlər Universitetinin türk dili və ədəbiyyatı fakültəsinin magistr pilləsində təhsil alıb. 2018-ci ildə İstanbul Universitetinin Yeni Türk Ədəbiyyatı ixtisası üzrə doktorantura pilləsinə qəbul olunub.
R.Əhməd Azərbaycan Yazıçılar Birliyi (AYB) və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan “Gənc ədiblər məktəbi”nin məzunudur. 2015-ci ildə “Zaman tuneli” adlı ilk şeirlər kitabı işıq üzü görüb. Kitab həmçinin, 2020-ci ildə Mədəniyyət Nazirliyinin “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi çərçivəsində Türkiyədə türk dilində nəşr olunub. 2018-ci ildə müəllifin “İki şəhərin yazıları” adlı esselər kitabı çapdan çıxıb. Gənc yazar ötən il Mədəniyyət Nazirliyinin Vətən Müharibəsi zamanı elan etdiyi vətənvərpərlik mövzusunda ədəbi yaradıcılıq müsabiqəsində “Salam, Şuşa” essesi ilə qalib olub. AYB-nin üzvü olan Ramil Əhməd yaradıcılıq uğurlarına görə 2013-cü ildə Prezident təqaüdünə layiq görülüb, 2015-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclər mükafatı” ilə təltif edilib. 2017-ci ildə Avrasya Yazarlar Birliyinin təşkil etdiyi “Türk Dünyası Gənc Yazarların Görüşü”ndə, 2020-ci ildə Makedoniyada keçirilən “VI Yəhya Kamal Beyatlı Şeir Festivalı”nda ölkəmizi təmsil edib. Türkiyənin müxtəlif dil və ədəbiyyat araşdırmaları jurnallarında Azərbaycan, Türk və dünya ədəbiyyatına dair bədii və elmi məqalələri işıq üzü görüb. Bir çox ədəbiyyat araşdırmaları ilə dünyanın nüfuzlu qurumlarının təşkil etdiyi konfranslarda çıxış edib.
R.Əhmədov mükafat sevincini bizimlə belə paylaşıb:
- Gənclər üçün Prezident Mükafatı Prezident İlham Əliyevin Azərbaycan gəncliyinə diqqətinin, inamının çox gözəl bir nümunəsidir. Bu ali mükafatı almaq, bu adı daşımaq, gördüyün işlərə şəxsən cənab Prezidentin qiymət verməsi, dəyərləndirməsi qürurvericidir. Böyük etimaddır. Bu etimadı doğrultmağa çalışacağam. Gələcək işlər üçün çox böyük stimuldur. Cənab Prezidentə minnətdaram. Mükafata layiq görülən bütün gəncləri təbrik edirəm. Mənə hər zaman daim inanan ailəmə, dəstəkləyən dostlarıma, yetişməyimdə rol oynayan bütün müəllimlərimə də təşəkkür edirəm.
Oruc MUSTAFAYEV