Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Bizi birləşdirən sənət" adlı onlayn görüş keçirilib.

 

Görüşün məqsədi regionlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyəti ilə sıx əlaqə saxlamaq, onlarla işgüzar münasibətlər qurmaq, tədris ili ərzində "açıq dərs" və "ustad dərs"ləri təşkil etməkdən ibarət olub.

 

Görüşdə Gəncə, Sumqayıt, Abşeron, Şəki, Qəbələ, Qax, Zaqatala, Balakən, Laçın, Ağdam, Tərtər, Şamaxı, Qazax, Xaçmaz, Astara, Siyəzən, Şirvan, Ucar, Göyçay, Hacıqabul, Xızı, İmişli, Ağcabədi uşaq-gənclər inkişaf mərkəzlərinin təsviri sənət və əl işləri dərnəyinin rəhbərləri və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji kollektivi iştirak edib.

 

Görüşdə mərkəzin müəllimləri öz təcrübələrini iştirakçılarla bölüşüb, istedadlı dərnək üzvlərinin yaradıcılıq işləri nümayiş olunub, həyata keçiriləcək müsabiqələr barədə ətraflı məlumatlar verilib.

 

Həmçinin görüş zamanı "Qarabağ Azərbaycandır!" beynəlxalq onlayn rəsm müsabiqəsinin nəticələri, qalib rəsm işləri açıqlanıb, "Qarabağ Azərbaycandır!" başlığı altında 2021-ci il üçün stolüstü təqvimə layiq görülən istedadlı gənc rəssamların hazırladıqları rəsm işlərindən ibarət videoçarx nümayiş olunub.

 

Sonda mərkəzin müəllimləri regionlarda fəaliyyət göstərən müəssisələrin dərnək rəhbərlərini maraqlandıran sualları cavablandırıb.