Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ölkənin ali məktəblərində Azərbaycan dili üzrə təhsil alan ukraynalı tələbələrlə görüşüb.

 

Səfirlikdə keçirilən görüşdə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Filologiya İnstitutunun Türkologiya kafedrasının Azərbaycan dili bölməsinin və Kiyev Milli Linqvistika Universitetinin Şərqşünaslıq fakültəsinin Azərbaycan dili şöbəsinin müəllimləri, tələbələri iştirak ediblər.

 

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmlərdə təhsilin hərtərəfli inkişafına böyük önəm verildiyini deyən səfir E. Axundova Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə milli təhsil konsepsiyasının işlənilib hazırlandığını, onun uğurla həyata keçirilməsinin təmin edildiyini söyləyib. Səfir vurğulayıb ki, dahi şəxsiyyətin bu müdrik siyasəti Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq davam və inkişaf etdirilir. Bundan başqa, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə minlərlə məktəb tikilib və əsaslı təmir olunub.

 

Azərbaycanda gedən inkişaf prosesini əyani görmək üçün Azərbaycan dili üzrə təhsil alan ukraynalı tələbələrin ölkəmizə səfərinin planlaşdırıldığını deyən E. Axundova bildirib ki, pandemiya dövründən sonra onların yay məktəblərində iştirakı təmin olunacaq. Bununla bağlı Azərbaycanın müvafiq qurumlarına müraciət olunub.

 

Görüş zamanı Azərbaycan dilində təhsil alan ukraynalı tələbələrin təklifləri dinlənilib. Səfir bu təkliflərin dəyərləndiriləcəyini, Ukraynada Azərbaycan dilinin tədrisinin daha da inkişaf etdirilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıb.

 

Tədbirin sonunda hər iki universitetin kitabxanası üçün E.Axundovanın müəllifi olduğu Azərbaycana dair kitablar hədiyyə edilib.

 

Azərtac