Bakı Dövlət Universitetinin (BDU) yenicə açılışı olan tələbə yataqxanası – “Tələbə evi” müasir standartlara cavab verir.
BDU-dan bildirilib ki, 5 mərtəbəli, 220 yerlik “Tələbə evi” həm əcnəbi, həm də yerli tələbələr üçün nəzərdə tutulub. Yataqxanada 104 standart tələbə otağı və 2 qonaq otağı mövcuddur. Otaqlar zəruri mebel, məişət avadanlıqları, istilik sistemi ilə təmin olunub. Burada zəruri ədəbiyyat və əyani vəsaitlərlə təchiz edilmiş kitabxana – oxu zalı, iclas otağı, asudə vaxt otağı, mətbəx, camaşırxana, yeməkxana fəaliyyət göstərəcək.
Yataqxananın həyətində idman avadanlıqları quraşdırılıb, istirahət guşəsi yaradılıb, ağac və kollar əkilib. Eyni zamanda yataqxanada ilkin tibbi yardım məntəqəsi də təşkil edilib. Yataqxana ərazisində təhlükəsizliyə kameralarla müntəzəm nəzarət ediləcək.
Hər mərtəbədə 24 ikinəfərlik və 2 üçnəfərlik otaq nəzərdə tutulub. Otaqlar hər bir tələbə üçün fərdi, xüsusi dizayna və rəngə malik stol, stul, müasir yataq mebeli və qarderobla təmin olunub. Hər mərtəbədə iki mətbəx və iki məişət otağı mövcuddur. Mətbəxdə tələbələrin rahatlığının təmin olunması üçün soyuducular və digər zəruri avadanlıqlar yerləşdirilib. Mərkəzi istilik sistemi ilə təchiz edilmiş yataqxananın bütün mərtəbələrində və otaqlarda yanğın əleyhinə avadanlıqlar quraşdırılıb, eyni zamanda “Tələbə evi” yüksək sürətli internet şəbəkəsi ilə təchiz olunub.