Ötən dövrdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC  arasında Anlaşma Memorandumu imzalanıb.

     

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, əməkdaşlığın əsas məqsədi mərkəzin təhsilalanlarının ixtisaslı kadrlara çevrilməsi prosesinə dəstək verməkdən ibarətdir. Ölkədə sənayenin tələblərinə cavab verən keyfiyyətli  əmək qüvvəsinin hazırlanması istiqamətində əməkdaşlıq edəcək hər iki təşkilat kifayət qədər geniş elmi texniki laboratoriyalara və istehsalat bazasına, təcrübəli ixtisaslı kadrlara malikdir.

 

Razılığa əsasən “İnşaat”, “Sənayedə quraşdırma” və “Elektrotexnika” istiqamətləri üzrə birgə fəaliyyət göstəriləcək. Həmçinin, memorandum çərçivəsində razılaşdırılmış 3 istiqamət üzrə peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramları hazırlanacaq. Eləcə də şirkət nümayəndələri mərkəzdə  ixtisasartırma və təkmilləşdirmə kurslarından yararlanacaq.

       

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində razılaşdırılmış istiqamətlər üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirak etməsi, habelə təcrübə proqramlarındakı iştirakı müsbət dəyərləndirilən şəxslərin işlə təmin olunması nəzərdə tutulub.