Ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında keçirilən imtahanların nəticələri bəlli olub.
İmtahanlarda şagirdlərin hazırda təhsil aldıqları sinfin II (ikinci), növbəti sinfin I (birinci) yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlığı, yaradıcı potensialları, ümumi dünyagörüşü yoxlanılıb. Eksternat qaydasında keçirilən imtahanların nəticələrinə əsasən, ibtidai təhsil səviyyəsi üzrə 1 (bir) şagird müvəffəqiyyət qazanıb. Belə ki, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin III sinif şagirdi Məhərrəmov Toğrul Bəhruz oğlu imtahanda uğur qazanaraq IV sinfin II yarımilində təhsilini davam etdirmək şansı əldə edib.
Qeyd edək ki, təhsil səviyyələrini vaxtından əvvəl bitirmə ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.
Onu da qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları” əsasında keçirilir.