2021-ci il buraxılış imtahanı fənləri həm 9, həm də 11-ci siniflər üzrə tərtib edilmiş proqramlarda sadələşdirilib.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bunu koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri ilə izahlayıb.
M.Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, 9 illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas (baza) hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək. Hər iki sinif üzrə ikinci yarımildə tədrisi nəzərdə tutulan mövzular üzrə olan tapşırıqlar isə aşağı siniflər (müvafiq olaraq 5-8 və 5-10-cu) həcmində hazırlanacaq.
M.Abbaszadənin sözlərinə görə, 9-cu sinif üzrə buraxılış imtahanları 1 mərhələdə keçiriləcək. Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, DİM tərəfindən hazırlanmış bu dəyişiklikləri nəzərdə tutan və aidiyyəti dövlət orqanları ilə razılaşdırılmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihələrinə hazırda Nazirlər Kabinetində baxılmaqdadır.