Həyatını elmin, bəşəriyyətin inkişafına həsr etmiş azərbaycanlı alim
Bu il dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, AMEA-nın fəxri üzvü, Kaliforniya Universitetinin mərhum professoru Lütfi Zadənin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında elm və texnologiyaların inkişafına misilsiz töhfələr vermiş məşhur alim Lütfi Zadənin anadan olmasının 100-cü ildönümünün qeyd olunması ölkəmizdə elmə, elm adamlarına yüksək dövlət qayğısının və diqqətin parlaq nümunəsidir.
Hər zaman azərbaycanlı olması ilə fəxr edən, Azərbaycanı öz vətəni hesab edən, öz vətənində əbədi rahatlıq tapan L.Zadə bütün mənalı ömrünü bəşəriyyətin inkişafına həsr edib.
Bütün dünyada süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan Lütfəli Rəhim oğlu Ələsgərzadə 1921-ci il fevralın 4-də Bakıda anadan olub, ibtidai təhsilini 16 saylı orta məktəbdə başa vurub. 1932-ci ildə Ələsgərzadələr ailəsi ata-baba yurdu Cənubi Azərbaycana köçmək məcburiyyətində qalıblar. Burada Lütfi Zadə Tehran Universitetinin Elektrik mühəndisliyi fakültəsinə daxil olub, bu təhsil ocağını müvəffəqiyyətlə bitirdikdən sonra isə 23 yaşında Amerika Birləşmiş Ştatlarına gələrək, təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Onun dünya elminə məlum olan 6 mühüm nəzəriyyəsinin bünövrəsi də elə burada qoyulub.
L.Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində magistr, doktorluq elmi dərəcələrini alıb. 1959-cu ildə Berkli Universitetində çalışan alim 1963-cü ildən Elektrik mühəndisliyi və kompüter elmləri kafedrasına rəhbərlik edib. L.Zadə həmin universitetdə ömürlük professor və Soft Computing İnstitutunun direktoru kimi fəaliyyət göstərib.
Azərbaycanlı alimə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə verib: qeyri-səlis çoxluq. Elmdə qeyri-səlis ölçünün daxil edilməsi təbiətdə və cəmiyyətdə gedən proseslərin qeyri-müəyyənliyini daha adekvat nəzərə almağa imkan yaradıb. Lütfi-Zadə ilk dəfə olaraq öz nəzəriyyəsini 1949-cu ildə XX əsrin ən çox sitatgətirilən “Tətbiqi fizika” jurnalında dərc etdirib. Qeyri-səlis nəzəriyyədən 36 mindən çox sitat gətirilib. Alimin ən böyuk xidmətlərindən biri ondadır ki, bu nəzəriyyə biliklərin sərhədlərini xeyli genişləndirib. Banisi olduğu qeyri-səlis nəzəriyyə ilk tətbiqini Yaponiyanın Sendae şəhərindəki avtomatlaşdırılmış metro sistemində tapıb. Yalnız bundan sonra qeyri-səlis nəzəriyyənin uğurlu tətbiqinə şübhə edən alimin yaxınları belə bu nəzəriyyənin konseptual əhəmiyyətini başa düşüblər.
Lütfi Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə, Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - “Honda” mükafatı ilə təltif olunub. Alim, həmçinin “Təəssüratlar nəzəriyyəsi”, “Sistemlər nəzəriyyəsi”, “Sözlə işləyən kompüter nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir.
L.Zadənin məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarə olunma və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir və layihələndirir.
Dünya şöhrətli alim sonuncu dəfə Bakıya 2008-ci ilin noyabrında “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak etmək üçün gəlib. AMEA Rəyasət Heyətində təşkil olunan tədbirdə iştirak edən Lütfi Zadəyə elmdə göstərdiyi xidmətlərə görə AMEA-nın fəxri diplomu təqdim olunub.
Lütfi Zadənin zəngin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən də hər zaman yüksək qiymətləndirilib, 2011-ci ilin fevralında Prezident İlham Əliyevin Sərəncamı ilə o, texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixdə keçirilmiş iclasında böyük alim “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görülüb.
Lütfi Zadə Berkli Universitetinin ömürlük professoru seçilmiş yeganə şəxs, NASA və NATO-nun aparıcı mütəxəssisi idi. Həmçinin yaşadığı Berkli şəhərində öz adına olan “İnstitute Zadeh-ZİFT” İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edirdi. Lütfi Zadə alman alimi Maks Plankdan sonra dünyada ikinci alimdir ki, sağlığında həm özünün, həm də nəzəriyyəsinin adını daşıyan elmi mərkəz mövcud idi. O, bir çox xarici ölkə akademiyalarının üzvü, onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktoru idi. Dünya şöhrətli alim, həmçinin ABŞ Milli Mühəndislik Akademiyasının üzvü, fəxri akademiki olub.
Qeyd edək ki, alimin nəşi öz vəsiyyətinə uyğun olaraq, Azərbaycana gətirilib və I Fəxri Xiyabanda dəfn edilib.
Oruc MUSTAFAYEV