Dünya universitetləri reytinqinin portalı istifadəyə verildi


Böyük Britaniyanın Times Higher Education (THE) dərgisi 2022-ci il üzrə dünya universitetlərinin qlobal reytinqinin tərtibinə hazırlaşır. İndi universitetlər növbəti qlobal reytinqdə iştirak edə bilərlər. 

 

Times Higher Education bundan ötrü 2022-ci ilin dünya universitetləri reytinqinin portalını istifadəyə verdi.  Artıq bütün dünya üzrə ali təhsil müəssisələri qlobal reytinqdə yer almaq üçün öz elmi-akademik fəaliyyətlərinə dair göstəriciləri  THE-yə göndərə bilərlər. Qlobal reytinq sentyabr ayında açıqlanacaq. Portal isə martın 30-da bağlanacaq. Portala müraciətə görə heç bir haqq tələb olunmur.

 

Ötən il THE-dən olan bir qrup mütəxəssis dünya ali təhsil sektoru ilə əməkdaşlıq edərək 93 ölkədən 1993 universitet üzrə institusional məlumatlar toplayıb və onlardan 1527 təhsil müəssisəsi  "World University Rankings 2021" reytinqinə daxil olub.

 

THE-nin ən böyük qlobal reytinqi 13,6 milyon elmi məqalə, elmi məqalələrdən  86 milyon sitatgətirmə, bütün dünya üzrə 22.000 alimin rəyinə əsaslanır.

 

Hazırda toplanan məlumatlardan yalnız 2022-ci il üçün qlobal reytinq, eləcə də elm sahələri üzrə digər cədvəllərin tərtib edilməsi üçün deyil, həmçinin Asiya, Latın Amerikasının,  inkişaf etməkdə olan digər ölkələrin ali təhsil müəssisələri və gənc universitetlər üçün bir neçə regional və tematik reytinqlərin hazırlanmasında istifadə ediləcək. Bu reytinqə yalnız öz  məlumatlarını THE -nin portalı vasitəsilə göndərən qurumlar daxil ediləcək.

 

Məlumatların tədarükü bütün universitetlər üçün açıqdır, lakin müəssisələr yalnız bakalavriat kursunu tədris etdikləri, bir sıra fənlər üzrə araşdırmalar apardıqları və 2016- cı ildən 2020-ci ilə kimi 1000-dən az olmayaraq ( bəzi əlavə reytinqlər üçün, az da ola bilər) tədqiqat məhsulu dərc etdirdikləri halda qiymətləndiriləcək.

 

Bununla belə, reytinqə daxil olmaq üçün tələblərə cavab verməyən qurumlar yenə də məlumatları təqdim etməlidir, çünki onlar THE DataPoints vasitəsilə müqayisəli analiz vasitələrinə daxil ola biləcəklər.

 

Əlavə suallarla bağlı məlumatları data@timeshighereducation.com  ünvanı  vasitəsi ilə əldə etmək olar.
 

 

Oruc MUSTAFAYEV