26 yanvar saat 18:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramında Nobel Sülh mükafatı laureatı, professor Məhəmməd Yunusla təhsildə yeni çağırışlar müzakirə ediləcək. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə yayımlanan proqramı nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləyə bilərsiniz.  

 

2006-cı ildə Məhəmməd Yunus və onun yaratdığı Qramen Bankı (Grameen Bank) milyonlarla insanı regiondakı münaqişələrin əsas səbəblərindən biri olan yoxsulluqdan xilas etdiyi üçün Nobel Sülh mükafatına layiq görülüb. Bir vaxtlar yoxsul və maliyyə təhlükəsizliyi olmayan adamlara kreditin təklifi ağlasığmaz ideya kimi görünsə də, Məhəmməd Yunus bunu reallığa çevirib. Professorun mikrokredit ideyası yalnız Banqladeşdə deyil, dünyanın hər yerində milyonlarla adamı yoxsulluqdan qurtarıb. Bir çox tanınmış universitetlərdə çıxış üçün dəvət alan professor təhsil vasitəsi ilə yoxsulluğun aradan qalxacağını deyir və insanların dünyagörüşü, özünə inam, təşəbbüskarlıq bacarıqlarının inkişafı üçün çağırışlar edir, bir çox ölkədən olan insanın təhsil almasını dəstəkləyir.

 

50-dən çox şirkətin qurucusu olan Məhəmməd Yunus “Wharton” biznes məktəbinin “Son 25 ilin ən nüfuzlu biznes adamları”,“Fortune” jurnalının “Dövrümüzün 12 dahi sahibkarları” siyahısında yer alıb. “AsiaWeek” (Honk Konq) təşkilatı isə onu 20 dahi asiyalıdan biri seçib. Məhəmməd Yunus 2008-ci ildə Böyük Britaniyanın “Prospect” və ABŞ-ın “Foreign Policy” jurnalları tərəfindən keçirilmiş açıq onlayn səsverməyə əsasən, “Top 100 intellektual şəxslər” siyahısında dünyanın ikinci ən intellektual adamı seçilib. Professor Məhəmməd Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatı, 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir. Məhəmməd Yunus həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) fəxri doktorudur. UNEC-də onun adını daşıyan Yunus Sosial Biznes Mərkəzi (YSBM) fəaliyyət göstərir.

 

Qeyd edək ki, “Yeni çağırışlar” T-Network koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın bundan öncəki qonağı dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən  tanış ola bilərsiniz.