Ötən gün Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 nömrəli Bakı Peşə Məktəbi və Azərbaycan Dövlət Dəmir Yolu Liseyi birləşdirilərək, onların bazasında yaradılan “Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs statusu əldə edib.
Sözügedən mərkəz ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olaraq, nəzərdə tutulmuş qaydada nəzəri-metodoloji və pedaqoji-metodiki sənədlər hazırlamaq, sub-bakalavr peşə-ixtisas dərəcəsi üzrə təhsil vermək, peşə və ixtisaslara uyğun dərs vəsaiti, tədris və tədris-metodik ədəbiyyat hazırlamaq, dövlət təhsil standartlarına uyğun olaraq, təhsilalanların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək, təlim-tərbiyə prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək və həmçinin qanunvericiliyə müvafiq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanına malik olacaq.
Qeyd edək ki, peşə təhsil müəssisələrinin publik hüquqi şəxs qismində fəaliyyət göstərməsi istiqamətində işlər 2019-cu ildən başlanılıb. Hazırda 6 peşə təhsil mərkəzi publik hüquqi şəxs qismində fəaliyyət göstərməkdədir.
Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib.