“Təhsildə inkişaf və innovasiyalar üzrə” IV qrant müsabiqəsi çərçivəsində qalib gələn layihələrin icrası uğurla davam etdirilir.

 

2017-ci ildən həyata keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti, innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.   

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə” IV qrant müsabiqəsi çərçivəsində 648-i “Fərdi layihələr”, 204-ü “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə olmaqla, ümumilikdə 852 layihə təqdim edilib. Təqdim edilən layihələrdən “Fərdi layihələr” üzrə 136, “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 47 layihə qalib olub və onların bir qisminin icrası ötən il tamamlanıb. Hazırda qalib layihələrdən “Fərdi layihələr” üzrə 84, “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 32 layihənin icrası uğurla davam etdirilir.

 

Qeyd edək ki, “Təhsildə inkişaf və innovasiyalar üzrə” IV qrant müsabiqəsi çərçivəsindəki layihələrin təmsil etdiyi şəhər və rayonların ilk onluğuna Bakı, Gəncə, Sumqayıt, Abşeron, Astara, Balakən, Biləsuvar, Cəlilabad, Quba və İsmayıllı daxildir.

 

Qalib layihələrin məzmunu, fəaliyyətinin təşkili və layihə rəhbərlərinin öhdəlikləri pandemiya şəraitinə uyğun olaraq onlayn icra üçün uyğunlaşdırılıb. Lakin 44 gün ərzində davam edən Vətən müharibəsi ilə əlaqədar ölkə ərazisində distant təhsil üçün nəzərdə tutulan proqramların istifadəsi məhdudlaşdırıldığından, eyni zamanda Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təhsil müəssisələrində tətil elan edildiyindən qrant layihələrin müqavilə üzrə planlaşdırılan icra qrafiki ilə müqayisədə müəyyən fasilələlər yaranıb. Buna görə də müqavilənin müvafiq bəndinə istinadən qalib layihələrin başa çatma müddəti uzadılıb.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə keçirilən bütün qrant müsabiqələri ilə https://www.grants.edu.az/ saytı vasitəsilə tanış olmaq mümkündür.