Dostumuz professor Akif İmanlının Sənin barəndə verdiyi xəbər məni çox sarsıtdı. Sanki uzaq bir zamandan gəlirdi onun səsi. Çox kədərli, hüznlü, həm də çox zəif. Elə bil, istəmirdi demək istədiyini.
Bir anlıq soyuqqanlı olmağa çalışdım. Ona cavab vermək istədim. Cavab verdim də: “Allah rəhmət eləsin”... Amma ayaq üstə dura bilməyib oturdum... öz-özümə fikirləşdim: “30 illik əziz dostum Naxçıvan Dövlət Universitetinin kafedra müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Elbəyi Maqsudov dünyasını dəyişdi. Həyat ona verildiyi kimi də alındı. Onun yaradıcılığının böyük uğurları hələ qabaqda idi”.
Düşüncələrim əriş-arğac oldu, dolaşdı: “Axı biz görüşməli idik. Niyə görüşə bilmədik? Hətta son dəfə telefonda sənin zəif səsini eşidəndə tam mənasında bu səfərimi qətiləşdirmişdim də. Qətiləşdirmişdim ki, gedib səninlə görüşüm, əhvallaşım. Çox təəssüf, görüşə bilmədim. Bunu necə bağışlamaq olar? Sən bağışlayardın. Amma mən...
Hər şeydən əvvəl, sən dəyanətli oğul, sədaqətli həyat yoldaşı, mehriban və qayğıkeş ata, sevimli baba idin. Ailənin bu gözəlliklərini yaratmışdın, onlardan həmişə həzz alar, fəxrlə danışardın. Xüsusilə babanın məhəbbətinin bənzərsizliyi barədə söhbət edərdin. Doğrudanmı, sən bütün bunlarla vidalaşdın. İnana bilmirəm.
Sən böyük əziyyətlə elmin zirvəsinə qalxmışdın. Elmlər doktoru, professor kimi yüksək elmi adlar, təltiflər qazanmışdın. Hər kəs maraqlı söhbətlərindən zövq alar, ona diqqətlə qulaq asardı. Həqiqətənmi, daha söhbətlərinin şahidi olmayacağıq. Həqiqətənmi, professor Elbəyi Maqsudov artıq aramızda yoxdur?!
Sən bütün həyatın keşməkeşlərindən zəfərlə çıxdın. Uşaqlıq illərinin vahiməli günlərində də, Gərməçatağın həyət-bacalarında düşmən gülləri səyriyəndə də, böyük bir ailənin qayğılarını yaşayanda da, elmin çətin və əzablı yollarında addımlayanda da qorxmadın. Hər zaman uğurunu hiss etdin, irəlilədin. Bütün çətinliklərə faiq oldun. Amma yıxılmadın. Hər çətinliyi səbrlə, təmkinlə keçdin. O günlərin təsirində yaşadın, amma onlara qapılıb qalmadın. Əksinə, belə bir həyat axınında zamanların fövqündə dayandın, onlardan uca oldun. Kənd müəllimliyindən alimlik səviyyəsinə qədər yüksəldin. Sənin həyat eşqin yaradıcılıqdan yoğrulmuşdu. Həm elmi, həm bədiiliyi ilə pərvəriş tapan bu yaradıcılıq nümunələrində nəyi desən, tapmaq mümkündür. Dilimizin gözəlliyi, sözümüzün özəlliyi, düşüncəmizin bənzərsizliyi, şeiriyyətimizin təmizliyi və incəliyi... bütün bunlar sənin yaradıcılıq dünyanın mahiyyətini təşkil edirdi. Sənin yazı tərzində bənzərsiz bir üslub, yanaşma tərzi vardı. Hər kəs bu özünəməxsusluqda mükəmməl bir klassikanı aydın hiss edə bilirdi. Yaradıcılığındakı poetik formada təzahür edən linqvistik mükalimələr, şeir cildinə salınmış hadisələr, bitkilər aləmi, yaxud mənzum nəsihətlər özlüyündə bundan xəbər verirdi.
İnsanlıq ən böyük kəşfdir. İnsan övladına verilən paydır. Ona nəsib olanlar dünyanın ən xoşbəxt insanlarıdır. Səbrlilik, təmkinlilik, biliklilik, paklıq və təmizlik, ləyaqətlilik, səmimilik insanlıq şəcərəsinin tarixən qazandığı, qüdsiyyəti olan ilmələridir. Bu ilmələr tarixin yaddaşından axnaşıb gələn naxışlardır ki, insan şəxsiyyətini bəzəyir. Belə insanlar özünün qüdsiyyəti ilə ilahiləşir. Bəzən nöqsan tapa bilmədiyin hər hansı bir kəsdə olduğu kimi.
Əziz dostum, sən insanlığın, səmimiyyətin vicdanı idin. Hər kəsin qəlbində bir insanlıq çırağı yandıra bilirdin. Bəlkə də bu, ulularımızın əxlaqından qopub gələn mənəviyyat sorağı idi ki, sənin varlığına hopmuş, oranı özünə məkan etmişdi.
Bu gün həyat öz qərarını verdi. Səni bizdən ayırdı. Əbədiyyət aləminə qovuşdurdu. Əbədiyyət səltənətində yerin behişt, ruhun şad olsun!
Hər zaman sən bizimlə olacaqsan, bizim qəlbimizdə yaşayacaqsan.
Əlvida, əziz dost!
Allah səni rəhmət eləsin!
Ənvər ABBASOV