Yanvarın 14-dən etibarən Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2021-2022-ci tədris ili üzrə Çin Xalq Respublikasında təhsil almaq üçün müraciət edənlər sırasından seçilmiş namizədlərlə müsahibələr başlayıb.
Müsahibələr “Microsoft Teams” platforması vasitəsilə onlayn şəkildə müvafiq ixtisas istiqamətləri üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələri, həmin sahələrin ekspertləri tərəfindən aparılır.
Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.