Tələbələr arasında keçirilən sorğunun nəticələri konfransda müzakirə olunub
Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycanda pandemiya şəraitində ali məktəblərdə məsafədən təhsil prosesinin problemləri araşdırılıb, mövcud imkanlar dəyərləndirilib. Akademiyanın Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı, Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədova və təhsil eksperti Könül Abaslının müəllifi olduğu layihə çərçivəsində reallaşdırılan tədqiqatın nəticələri əsasında hesabat da hazırlanıb. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılan bu tədqiqatın nəticələri bu günlərdə “Azərbaycan ali məktəblərində onlayn təhsil təcrübəsi: çağırışlar və perspektivlər” adlı onlayn konfransın mövzusu olub. 25 ali təhsil müəssisəsinin prorektorları, o cümlədən tədris hissələrinin müdirləri, tanınmış təhsil ekspertləri, ictimaiyyət və media nümayəndələrinin qatıldığı konfrans böyük marağa səbəb olub.
Dünyanın böyük bir hissəsi onlayn təhsilə hazır deyildi
Ölkəmizdə ilk dəfə reallaşdırılan bu tədqiqatın maraqlı nəticələri var. Akademiyanın rəisi Qulu Novruzov onlayn tədrisə keçidlə bağlı ölkəmizdə təhsil alan 4 minə yaxın tələbənin fikrinin öyrənildiyi bu tədqiqatın nəticələrinin təhlilindən sonra ortaya çıxan hesabatdan danışıb. Onun fikrincə, pandemiya dünyanın başı üstünü alanda nəinki Azərbaycan təhsil ictimaiyyəti, ümumiyyətlə, dünyanın böyük bir hissəsi onlayn təhsilə hazır deyildi: “Çoxsaylı suallar, yanaşmalar ortaya çıxdı. Qısa müddətdə ali məktəblər təhsilin keyfiyyətinin artırılması üçün mümkün olan imkanları müəyyənləşdirib təcili addımlar atmağa çalışdı”.
Tələbələrin onlayn dərslərə münasibəti
Ölkə təhsilindən sürətli qərarlar tələb edən pandemiya şəraiti çox keçmədən məsafədən təhsili zərurətə çevirib. Prosesin idarə olunmasında Təhsil Nazirliyinin də koordinasiyasını qiymətləndirən Q.Novruzov tədqiqatın bir sıra maraqlı məqamlarına diqqət çəkib.
Artıq 1 ilə yaxındır ki, tətbiq edilən onlayn dərslərə münasibət birmənalı deyil.
Tədqiqat məqsədi ilə fikri soruşulan Azərbaycan tələbələrinin 89 faizi bildirir ki, onlar onlayn dərslərə telefonla qoşulur. Lakin bu, o demək deyil ki, ölkəmizdə kompüter sahibi olan ailələrin sayı azdır. Məsələ burasındadır ki, tələbələrin cəmi 34.6 faizi evdə onlayn dərslərə qoşulmalı olan bir nəfər olduğunu göstərib. Fikri soruşulanların çoxu evdə tək olmadıqlarını bildiriblər. Məsələn, 38 faiz bir evdən 2 nəfər, 22.3 faiz 3 nəfər, 5.1 faiz isə 4 və daha çox adamın eyni vaxtda onlayn dərslərə qoşulmalı olduğunu qeyd edib. Bu da öz növbəsində texniki problemləri bərabərində gətirib.
Tələbələrin böyük əksəriyyəti - 82 faizdən çoxu onlayn dərslərin bütün fənlər üçün uyğun olmadığını düşünür. 80.4 faiz onlayn dərsləri effektiv öyrənmə vasitəsi hesab eləmir. Üzbəüz ünsiyyət əksikliyi səbəbindən öyrənməyə həvəsin azaldığını deyənlər tədqiqata qatılan tələbələrin 70 faizindən çoxunu təşkil edib. Neqativ cavabların üstünlüyünə baxmayaraq, tələbələr müəllimlərlə ünsiyyət prosesini qənaətbəxş hesab ediblər. Onların fikrincə, müəllimlər ortaya çıxan problemlərin həli üçün əllərindən gələni ediblər.
İnternet yoxdur - bəhanədir, yoxsa səbəb?
Azərbaycanda mövcud durumu tədqiqat mövzusuna çevirən layihə müəllifləri araşdırmalara Avstraliya, Böyük Britaniya, Kanada, ABŞ-da bu sahədə aparılan tədqiqatlar, akademik işlərdən başlayıblar. Məlum olub ki, dünyanın bir çox ölkələrində oxşar göstəricilər ortaya çıxıb. Məsələn, internetin keyfiyyəti ilə bağlı problemlər hətta dünyanın ən inkişaf etmiş ölkələrində belə yaşanıb. Ancaq bu problemin öhdəsindən gələnlər də olub. Məsələn, internetin ADGA-da verilən təhsilin keyfiyyətinə mənfi təsirinin qarşısını almaq üçün “internet yoxdu” bəhanələrinə yer verilməyib. Dövlət Gömrük Akademiyası qətiyyətlilik göstərib. Nəticədə 2020-2021-ci tədris ilindən yüksək qoşulma faizinə nail olunub.
Sorğu göstərib ki, bu problem hər yerdə eyni peşəkarlıq və tələbkarlıqla idarə olunmayıb. Beləliklə, sorğuya cəlb edilən 4000 tələbənin cəmi 28 faizi fəal və davamlı olaraq dərslərə qoşulduğunu bildirsə də, 72 faizi müxtəlif faktorların onların dərslərə qoşulmalarına əngəl təşkil etdiyini göstərib.
Özünü öyrətmə bacarığı formalaşdırılmalıdır
Tədqiqatın ortaya çıxardığı ən vacib nəticələrdən biri bundan ibarətdir ki, onlayn təhsildə effektiv nəticə, sadəcə texnoloji problemlərlə bağlı deyil. Bir sıra ölkələrdə təhsil özünü öyrətmə bacarığı formalaşdırmır. Tələbələr “Müəllim deyər, tələbə icra edər” vərdişi ilə davranır və sırf bu səbəbdən mart ayından təhsildən tamamilə qopanlar var. Bu məqama xüsusi diqqət çəkən Türkiyə Ali Təhsildə Keyfiyyət Şurasının (YÖKAK) müşaviri, Çankaya Universitetinin Təhsil fakültəsinin dekanı, professor Buket Akkoyunlunun fikrincə, onlayn tədrisin təşkilində Türkiyə ilə Azərbaycanın problemləri oxşardır. Pandemiya dünyada 2 milyard tələbəni və 195 ölkəni əhatə edib. Odur ki, o, pandemiyadan sonrakı dönəmdə tədrisin təşkilində gözlənilən zəruri dəyişikliklərə diqqət çəkib, yeni təhsil siyasətinin, tədris proqramlarının zəruri olduğunu qeyd edib.
Böhran yeni imkanlar açır
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlı böhranların həm də yeni imkanlar və çıxış yolları axtarılıb tapılmasına gətirib çıxardığı qənaətindədir. O, bu fikrini pandemiya şəraitinin yeni texnologiya və internetin imkanlarının inkişafına səbəb olması ilə izah edib.
DGK Katibliyinin rəisi Anar Süleymanov təhsilin rəqəmsal transformasiya kontekstində müzakirələrinin aktuallığını, Gömrük Akademiyasının gömrük xidməti kadrlarının hazırlanmasında önəmini qeyd edib.
Konfransda o da vurğulanıb ki, tədqiqatın nəticələri elmi məqalə formatında beynəlxalq jurnalda dərc olunacaq.
Ruhiyyə DAŞSALAHLI